Ermənistan prezidenti: “Biz Avropa Şurası qarşısında öhdəliklərimizi yerinə yetirmişik”
Avropa Şurasının Parlament Assambleyasında çıxışı zamanı Serj Sarqsyan xatırladıb ki, 17 il əvvəl yanvarın 25-də Ermənistan Avropa Şurasına daxil olub.
“Bu ümumavropa strukturuna daxil olduğumuz zaman biz hansı yola girdiyimizi tam dərk edirdik… Bu gün Assambleyanın bu zalında fəxrlə deyə bilərəm ki, biz Ermənistanın demokratikləşmə ilə bağlı Avropa Şurası qarşısında üzərinə götürdüyü əsas öhdəlikləri yerinə yetirmişik. Bu, sadəcə bizim iddiamız deyil. Demokratik institutların bərqərar olması yönündə bizim uğurlarımız Avropa Şurasının monitorinq orqanlarının hesabatlarında əksini tapıb ”, – Ermənistan prezidenti bəyan edib.
Amma öz çıxışında Serj Sarqsyan yalnız nailiyyətlər haqda deyil, həm də insan haqlarının qorunmasının, demokratik dəyərlərin möhkəmlənməsinin vacibliyindən və bu kontekstdə çox da effektiv olmayan korrupsiya ilə mübarizə haqda danışıb.
AŞ-nın fəaliyyəti ilə bağlı razılıq bildirilsə də, bu Avropa strukturunun ünvanına tənqid də səslənib:
“Son illərdə təəssüf ki, biz bu strukturda dəyərlərin görünməmiş böhranının şahidi olduq, bəzi deputatların yumşaq desək, Avropa Şurasının missiyalarına zidd olan məsuliyyətsiz addımlarının təşkilatın nüfuzuna ağır zərbə vurduğunu gördük.
Assambleya deputatlarının satın alınması halları ifşa olunduğu zaman ilk yarandığı gündən Avropa Şurasının böyük ailəsinə yəqin ki, ən böyük meydan oxundu. Nəticədə ədalətsiz səsvermə halları baş vermişdi. Eyni zamanda bu aşkara çıxmalar belə əxlaqsız halların ömrünün uzun olmadığına dair ümid verir. Gec, ya tez hər şey üzə çıxır və bu yolla qəbul olunmuş qətnamələri sıfırlayır”.
Qarabağ münaqişəsi haqda danışarkən, Sarqsyan bildirib ki, 30 il əvvəl başlanan mübarizə təsadüfi deyil:
“Kənardan elə görünə bilərdi ki, Qarabağda hər şey dinc və sakitdir. Amma bu üzdən görüntü aldadıcı idi. Biz heç vaxt Stalinin Artsaxın zorla Azərbaycana birləşdirməsi qərarı ilə barışa bilməmişik.
Həmin illərdə Artsax xalqı çox narahat idi, çünki Bakı hakimiyyəti onları tarixi vətənlərindən çıxarmaq üçün əlindən gələni edirdi. Əgər 1926-cı il əhalinin siyahıya alınmasına görə, ermənilər Artsax əhalisinin demək olar ki 90 faizini təşkil edirdisə, Bakının bu siyasəti nəticəsində 1988-ci ildə onlar cəmi 77 faiz qalmışdı”.
Çıxışın bu hissəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Səməd Seyidovun etirazına səbəb olub. O, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə istinad edərək, “niyə Ermənistan beynəlxalq strukturlarda öhdəliklərini yerinə yetirmir?” sualını verib.
Serj Sarqsyan əmin edib ki, Ermənistanın rədd etdiyi heç bir qərar yoxdur:
“Bütün dünyaya məlumdur ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası DQ zonasında hərbi əməliyyatların dayandırılması ilə bağlı 4 qətnamə qəbul edib və hər bir qətnamədən sonra Azərbaycan qəti şəkildə bildirib ki, hərbi əməliyyatları dayandırmayacaq, yeni hücumlara cəhd göstərib, amma çox zaman olduğu kimi itkilər verib.
Bu dörd qətnamə üzrə Ermənistanın yeganə öhdəliyi öz təsir imkanından və nüfuzundan istifadə edərək, hərbi əməliyyatları dayandırmaq idi. Biz o zamankı hakimiyyətin sayəsində bu öhdəliyə əməl etdik, əsas günahkar – Azərbaycan isə hərbi əməliyyatları dayandırmalı olsa da, bunu etmədi və bildiyiniz kimi, 1994-cü ildə atəşkəs haqda saziş içzalandı, amma artıq başqa amillərin təsiri altında, daha BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq yox”.
Ermənistan mediası Sarqsyanın Seyidova verdiyi cavabın bu hissəsindən də sitat gətirir:
“Azərbaycan maksimum açıq şəkildə bəyan edir ki, ona Dağlıq Qarabağ ermənilərsiz lazımdır. Bu, mümkün deyil, bu, heç vaxt olmayacaq. Dağlıq Qarabağın mübarizəsinin mahiyyəti çox sadədir: bu, azadlıq uğrunda, öz müqəddaratını təyinetmə uğrunda mübarizədir və bu cür mübarizənin müsbət nəticəsi olmaya bilməz, mən əminəm”.