Ermənistan Milli Məclisi cinayət məcəlləsinə “kriminal aləmə” aid olmanın məsuliyyətini sərtləşdirən səs-küylü dəyişiklik layihəsini müzakirə edir.
Hökumətin müzakirəsindən sonra ölkənin baş naziri bu layihənin mahiyyətini qısa ifadə edib, həm də rus dilində – «вор должен сидеть в тюрьме» (“oğru türmədə olmalıdır”)
Parlamentdə isə “qanuni oğrular və avtoritetlər” haqda qanun layihəsi deputatların arasında “razborka” mövzusuna çevrilib.
Parlament spikeri Ararat Mirzoyan bir neçə dəqiqə nəticəsiz olaraq millət vəkillərini sakitləşdirməyə çalışıb. Yekunda o, sanksiya tətbiq etməli olub – bir neçə deputatı bütün gün ərzində iclas zalından uzaqlaşdırıb.
Dəyişikliklərə əsasən, “qanuni oğru” statusunun olması artıq cinayət məsuliyyətinə cəlb edilmək üçün yetərli səbəb olacaq.
“Cinayətkar iyerarxiyada yüksək status vermək, almaq və ya saxlamaq, kriminal submədəniyyətin yaradılması, ona rəhbərlik, orada iştirak, cəlb olunma və qoruyub saxlamaya görə cinayət məsuliyyəti nəzərdə tutulub” — ədliyyə naziri Rustam Badasyan 2019-cu ilin sentyabrında layihəni təqdim edərkən bildirib.
Müxtəlif problemlərin həlli üçün “qanuni oğrulara” müraciət edən insanlar üçün də artıq cinayət məsuliyyəti nəzərdə tutulub.
Ermənistan hökuməti layihəni yekdilliklə qəbul edib. Parlament də ilk oxunuşda səs çoxluğu ilə layihənii dəstəkləyib və yekun oxunuşda qanunun qəbul ediləcəyi ilə bağlı heç bir şübhə yoxdur.
Deputatların mübahisəsinə gəlincə, bu, layihənin məzmunu ilə yox, aralarındakı şəxsi münasibətlərlə bağlı olub. Sözlü münaqişəni müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevorq Petrosyan başladıb, o, ədliyyə nazirinə təklif edib ki, yalnız “qanuni oğrularla” yox, “tipini üç hərflə ifadə etmək mümkün olan insanlarla da” mübarizə aparsın. Bu zaman o, rus dilinin jarqonunda məşhur olan söyüşü nəzərdə tutub.