Koronavirus şərabçı və üzümçülərə qarşı
Koronavirus pandemiyası Ermənistanın şərab istehsalçılarına da zərbə vurub. Rəsmi məlumata əsasən, hər il Ermənistanın daxili bazarında 7 milyon litr şərab istehlak olunur, 3-4 milyon litr isə ixrac edilir.
Bu il şərab və konyak istehlakı həm daxili bazarda, həm də xarici bazarda azalıb. Ermənistanın şərab və konyak istehsal edən şirkətləri hazırda yarı qüvvə ilə işləyirlər. Ekspertlər hesab edirlər ki, vəziyyət növbəti yaya qədər düzəlməyəcək.
Bu da son illərdə böyük üzümlüklər salan fermerləri narahat edir. Bu il məhsul bol olub, amma şərab və konyak istehsalçıları məhsulun kiçik hissəsini qəbul etsə və ya ucuz qiymətə alsa, onları böyük zərər gözləyir.
Ermənistanda nə baş verir və böhranı necə neytrallaşdırmağa çalışırlar – bütün təfərrüatlar.
• Ermənistanda yeni turizm: vəhşi təbiət, adrenalin və yerli biznesin inkişafı
• Susuz qalan Ermənistan kəndləri boşalır
• Ermənistanın kartof sahələrindən qadın portretləri. Foto və Video
Fermerlərin qorxuları və ümidləri
Artıq 14 ildir ki, üzümçülüklə məşğul olan Manvel Sarqsyan koronavirus pandemiyasına görə bol və keyfiyyətli məhsulunu sata bilməyəcəyindən narahatdır.
“Mənim üzümlüyüm 5 hektardır, yüz tondan çox məhsul alacam. Yerevan konyak zavodu artıq alacağı məhsulun həcmini iki dəfə azaldıb – fermerlərlə ilkin müqavilələri dəyişib. Bizim “MAP” şirkəti ilə də müqaviləmiz vardı, amma onlar artıq bildiriblər ki, kredit istəklərinə rədd cavabı verilib və ola bilər ki, onlar da bizə ödəniş edə bilməsinlər. Bir azdan məhsul toplayacağıq və bizi sadəcə fakt qarşısında qoyacaqlar. Kəndlilərlə belə davranmaq olmaz”, – Armavir vilayətindən olan Manvel Sarqsyan deyir.
Ararat vilayətinin Kaxtsraşen kənd sakini Vanuş Faxuryan 12-15 ton kaxeti növündən olan üzüm məhsulu gözləyir. Üstəlik bu il o, məhsulunu ötən ilkindən baha satmaq ümidindədir, çünki hazırkı məhsulu daha yüksək keyfiyyətlidir.
“Bu, məhz ixracına icazə verilən və məhz şərab istehsalı üçün nəzərdə tutulan üzüm növüdür. Əgər şərabçıların, üzüm alan şirkətlərin problemi yaranıbsa, bu o deməkdir ki, bizim də problemimiz yaranıb. Düşünürəm ki, hökumət şərabçılara yardım etməli, onlara kredit verməlidir. Bununla onlar bizə də kömək etmiş olacaqlar”, – Vanuş deyir.
Hökumətin atdığı addımlar
Ermənistan Şərabçılıq və Üzümçülük Fondunun icraçı direktoru, Şərab Akademiyasının rəhbəri Zauri Muradyan şərabçıların bütün şərab növlərindən olan üzüm məhsulunu ala bilməyəcəklərindən narahatdır.
“Problemi həll etmək üçün hökumət fondun köməyi ilə məhsulun proqnozlaşdırılan həcmini və alışını monitorinq edir ki, hansı həcmdə məhsulun satılmadan əldə qalacağını anlasın. Hökumət hər yolla həm istehsalçılara, həm də fermerlərə yardım etməyə çalışır”, – Zauri Muradyan deyib.
Şərab istehsal edən iri şirkətlərin nümayəndələri ilə görüşdə iqtisadiyyat naziri Tiqran Xaçatryan bildirib ki, hökumət yaxşı üzüm məhsulunun tərg olmaması, fermerlərin əlində qalmaması, eyni zamanda biznesin də bu vəziyyətdən zərərsiz çıxması üçün hər şeyi etmək niyyətindədir:
“Burada balanslaşdırılmış və güzəştli həll yolları tapmaq lazımdır. Bu yaxınlarda biz aqro-sənaye şirkətlərinə verilən kreditlər üzrə faizlərin subsidiyalaşdırılması proqramına dəyişiklik etmişik.
Dövlət subsidiyaları sayəsində ilin sonuna qədər kreditlər sıfır dərəcə ilə veriləcək, borcun bağlanması müddəti isə bir ildən iki ilə qədər uzadılacaq. Bu il də şərab istehsalında xammal saxlanması üçün qabların alınmasına əlavə kredit təqdim olunacaq. Hökumət böhrandan böyük sarsıntılar yaşamadan çıxmaları üçün həm şərabçılara, həm də üzümçülərə yardım etmək niyyətindədir”.
Zərbə sadəcə yumşalacaq
Ermənistan Şərabçılar İttifaqının sədri Avaq Harutunyan hesab edir ki, hökumət böhranın qarşısını ala bilməz, atdığı addımlar sadəcə zərbəni yumşaldacaq:
“Bu proqramlar 3-4 ay böhranın təsirinin yumşaldılmasına istiqamətlənib. Bu, lokal, kosmetik tədbirlərdir, hökumət bundan artığını etmək gücündə deyil. Bunlar bir hissəsi sosial istiqamətdə olan, bir hissəsi isə kredit resurslarının və ya kredit yüklərinin ötürülməsinə yönələn proqramlardır. Bir az bura, bir az ora – tam məhv olmanın qarşısını almaq üçün mümkün olanlar”.
Şərabçılar İttifaqı sədrinin sözlərinə görə, Ermənistanda şəraba tələbat üç seqmenti nəzərdə tutur – ölkə əhalisi, turistlər və ixrac.
“Sakinlər şərabı toy, xaç suyuna salma, ad günləri mərasimlərində alır, pab və restoranlarda içirlər. İndi bunlar yoxdur. Yaxın bir ildə insanlar hələ stresdən çıxacaqlar. Və kasıblamış halda çıxacaqlar, onların əvvəl istehlak etdikləri qədər alkoqol almaq üçün pulları və imkanları olmayacaq. Turistlər isə növbəti maya qədər gəlməyəcək.
Artıq bir aydır ki, Rusiya şərab və konyak alır, amma çox ucuz qiymətə. Fransız şərablarının qiyməti erməni şərabları səviyyəsinə düşüb. Bizin qiymətlər də endirilib ki, bu fərq anlaşılan olsun, amma nəticədə bizə heç nə qalmır. ABŞ-a ümid yoxdur – hələ yarım il. Ən yaxşı halda biz növbəti mayda sıfır səviyyəsinə çatacağıq”, – Avaq Harutunyan deyir.
Onun sözlərinə görə, alınan üzümün 90 faizi konyak, 10 faizi isə şərab istehsalına sərf olunur. Və məhz bu 90 faizin azalması ümumi iqtisadi böhrana gətirib çıxarır:
“İxracın gəlirli olmasına, məsələn, Rusiya bazarına gəlincə, ümumi ixracımızın 80-90 faizini təkil edən konyakın gəlirliliyi valyuta məzənnəsinin oynaması hesabına təxminən 15 faiz azalıb. Ümumilikdə gəlirlilik bütün xarici bazarlarda 30 faiz azalıb. Bizim üçün həlledici bazar olan Rusiyaya ixracın həcmi isə demək olar ki, iki dəfə azalıb”.
Məhsulun realizə edilməməsi ilə əlaqədar olaraq zavodlarda şərab saxlanılan çəllək və digər qablar da uzağı 30 faizə qədər boşalıb. Bu da fermerlərdən üzüm alınan zaman əlavə çətinliklər yaradır.
Avaq Harutunyan deyir ki, şərabçılar bu problemlə hələ aprel ayından üzləşiblər və hökumətə yeni qabların alınması üçün faizsiz kreditlər verməsi və onları ƏDV-dən azad etməsi təklif olunub:
“Hökumət yalnız bir az əvvəl bu addımı atıb, bu, gecikmiş qərardır. Üzüm avqustun 20-dən toplanmağa başlayır, saxlanma qabları istehsal edən zavodlara isə sifarişlər yanvar-fevral ayından verilməlidir. İndi artıq çox gecdir. Əminəm ki, bütün üzüm məhsulu alınacaq, amma çox ucuz qiymətə. Bu, zavodların hazırkı vəziyyətində bütün məhsulu ala bilmələri üçün yeganə imkandır”.
Böranın aradan qaldırılması
Şərabçılar İttifaqı sədrinin sözlərinə görə, Ermənistanın müstəqil olduğu illərdə bu sahə beş dəfə böhran yaşayıb. Bu dəfəki əvvəlkilərə həm oxşayır, həm də fərqlidir. Bütün böhranların siyasi və iqtisadi vektoru var.
“Əvvəlkilərə oxşarlıq ondadır ki, eyni mexanizmlər işə düşüb və eyni nəticələr göz qabağındadır. Bazarlar bağlanır, üzüm satılmır, çəlləklər boşalmır, pul gəlmir, maaşlar ödənmir. Hamısında eyni vəziyyətdir. Əvvəlki böhranlardan fərqli olaraq siyasi fon dəyişib. Əvvəlki böhranlar zamanı beynəlxalq təşkilatlar və dövlət büdcəsi indiki kimi maliyyə təqdim edirdi.
Amma sistem korrupsiyalaşmış olduğu üçün pullar hansısa şəxslərin, sahənin oliqarxlarının cibinə toplanırdı. İndi həmin böhranlardan fərqli olaraq pullar məqsədqönlü şəkildə xərclənir, oğurlanmır, proqrama müvafiq olaraq sərf edilir. Bu da böhranın öhdəsindən tez gələcəyimizə ümid yaradır. Amma tez öhdəsindən gəlmək yüksəliş və sıçrayış mənasında yox, sıfır səviyyəsinə çıxmaq üçün”, – Avaq Harutunyan deyir.