Ermənistan - əcnəbilər üçün sığınacaq
27 yaşlı Lamarana Ciba 7 il əvvəl Qvineyadan Ermənistana köçüb. Doğma Afrika və uzaqda qalan ailəsi haqqında danışanda gözləri yaşarır. Amma oğlu Alvin yanına qaçaraq, qucaqlayıb erməni dilində “Ana, gedək!” – deyəndə göz yaşları təbəssümlə əvəzlənir.
“Mən Ermənistanı sevirəm. Bura təhlükəsiz və sakit bir yerdir. Bura mənim ikinci evimdir. Oğlum Alvin üç il əvvəl burada doğulub. O, erməni dilində məndən yaxşı danışır, bağçaya gedir. Onun burda dostları var, Ermənistan vətəndaşıdır. Mən qvineyalı ərimə burada rast gəlmişəm. O, ixtisasca proqramçıdır, amma burada öz ixtisası üzrə iş tapa bilməyib. Dolana bilməyimiz üçün Yerevanda DJ işləyir”, – afrikalı xanım danışır.
Lamarana Qvineyada laboratoriyada işləyib. Ölkədə münaqişə başlayanda həyatın ənənəvi axını alt-üst oldu. Məhz onda da qadın ona Ermənistana köçməyi təklif edən erməniyə rast gəlir.
“Ermənistan sakit yerdir, insanlar mehribandır, sənə kömək edəcəklər. Qorxma”, – o deyirdi. Bu adam Ermənistanda yaşa bilim deyə məni qızlığa götürdü. Mənə burada doğma ölkəmdəki kimi rahatdır. Paltar biçib-tikməyi öyrəndim, indi dəbdə olan Afrika hörükləri hörürəm. Ümumiyyətlə, mən istənilən işin qulpundan yapışmağa hazıram.
Erməni dilini insanlarla ünsiyyət zamanı öyrəndim, kursa getdim. Hər şeyi erməni qadınları kimi edirəm. Siz mənim qış üçün nə qədər banka bağladığımı görəsiz”, – ikinci dəfə ana olmağa hazırlaşan Lamarana danışır. O, Ermənistanda qala biləcəyinə əmindir – onun hər şey xoşuna gəlir, onu sadəcə iş məsələsi narahat edir.
BMT-nin qaçqınlarla iş üzrə baş komissarının xarici əlaqələr üzrə koordinatoru Anait Ayrapetyan deyir ki, kiçik ölkə olan Ermənistana blokadada olmasına, çox sayda iqtisadi problemləri olmasına baxmayaraq, ən müxtəlif və uzaq ölkələrdən bir çox əcnəbi ən müxtəlif səbəblər üzündən, münaqişələrə və müharibələrə görə Ermənistana köçüb.
“Onlar vətənlərini tərk edirlər və onları Avropaya aparmalı olan yol bəzən Ermənistana, Gürcüstana gətirir. Səhv olur: Albaniya, Rumıniyanı elə deyirlər ki, Ermənistan kimi səslənir. Buna baxmayaraq, Ermənistan həqiqətən də tezliklə onların ikinci evinə çevrilir”, – Anait Ayrapetyan deyir.
61 yaşlı Paola öz ailəsini Kubada qoyub, üç ildir ki, Ermənistanda yaşayır. Etiraf edir ki, onu Rusiyaya keçirtməyə söz vermişdilər, əvəzindəsə əvvəllər haqqında heç vaxt eşitmədiyi Ermənistana gəlib çıxır.
“Ermənistan artıq mənim də ölkəmdir. İnteqrasiya məsələsində bura çox gözəl ölkədir. Burada insanlar ünsiyyətcil, qonaqpərvərdir. Hələ ki, hər şey yaxşıdır. Kubada mən inşaatda çalışırdım, tezliklə təqaüdə çıxmalı idim. Burada mən iş axtarıram, amma dil bilməməyim ciddi problemlər yaradır. Bu, çətin dildir, onu öyrənmək üçün səylə çalışmaq lazımdır”, – Paola deyir.
41 yaşlı ixtisasca mühasib olan Arlet Konqodan Ermənistana qızıyla gəlib. Onlar burada 7 il yaşayıb və bir neçə ay öncə buradan köçüblər. Burada olduqları vaxt görüşərkən, Arlet danışdı ki, Ermənistanın varlığını internetdən öyrənib.
“Ermənistan mətbəxi xoşuma gəlir: lavaş, dolma… Yaxşı dostlarım var, ermənilər mehribandırlar, bir problem olan kimi köməyə gəlirlər. Bircə məsələ var ki, qaradərili görəndə təəccüblənməyi heç cür yadırğaya bilmirlər. Bir neçə dəfə rəqs dərslərində valideynlərin öz uşaqlarına qaradərili qızın əlindən tutmağa icazə vermədiyini görmüşəm.
Ermənistanda hələlik dərinin rəngi problemdir. Mən müxtəlif yerlərə rezüme göndərmişdim, amma məni görəndə işə götürmürdülər, yəqin dərimin rəngindən natəmiz olduğumu düşünürdülər. Amma əgər ikimiz də əlimizi kəssək, eyni qırmızı qanı görərik. Qanım dəqiq qara deyil”, – erməni dilində səlis danışan Arlet gülümsəyərək deyir.
Erməni dilini öyrənməyə İsveçrənin “KAZA” humanitar fondu da kömək edir. Ermənistanda sığınacaq axtaranlar və ya qaçqın statusu olanlara “KAZA” BMT-nin qaçqınlarla iş üzrə fondunun maliyyə və dəstəyi ilə “Cəmiyyətə qoşul” proqramını həyata keçirir.
“Proqram üç komponentdən ibarətdir: erməni dili kursu, mədəniyyətlər arası görüşlər və master-klasslar, klub formatında görüşlər. Bunlar hamısı mədəniyyətlərarası inteqrasiya, müxtəliflik və inkişafla bağlıdır. Biz ildə azı üç dəfə Yerevanda və onun hüdudlarından kənarda turlar təşkil edirik”, – proqramın rəhbəri Sona Xlqatyan deyir.
O, hər bir elementin öz məqsədinin olduğunu deyir – yeni mühitə adaptasiyaya kömək, yerlilərin və başqa gəlmələrin arasında inteqrasiya və yaşamağa kömək.
Proqram əsasən xüsusi sığınacaqda yaşayan və uzun müddət status alıb- almayacağı ilə bağlı cavab gözləyən mühacirlər üçün nəzərdə tutulub. Bu, adətən insanlarda stress yaradır. Əsas məqsəd insanların adi günlərini dəyişmək, onları Ermənistana daha rahat adaptasiya olmaq məqsədi ilə daha motivasiyalı və maraqlı etməkdir.
Sona Xlqatyan danışır ki, qeyri-rəsmi, dost şəraitində “Bir fincan qəhvə ilə erməni dili” (Armenian over coffee) kurslarında sığınacaq istəyən 39 insana danışıq dilini öyrədir. Mövzular həyatdan götürülən vəziyyətlərdir: həkim müayinəsi, bazarda, mağazada ünsiyyət…
“Bu cəmiyyətə inteqrasiya etmək istəyirsənsə ilk növbədə silah kimi dildən istifadə edirsən. Düzdür, erməni dili çətin dildir və mənim kursumun çətinliyi ondadır ki, onu eyni vaxtda müxtəlif dildə danışan, müxtəlif mədəniyyət daşıyıcıları keçir. Biz məşğələlərin hamı üçün əlçatan olması və hamının maraq göstərməsi üçün çalışırıq. Dərslərimiz dörd-beş dildə keçir: erməni, rus, ingilis, ispan. Bizdə komandanın ideyası işlədi və bir-birimizə kömək etməklə, bir-birimizi anlamaqla irəli gedirik”, – Sona Xlqdyan deyir.
“Ermənistan qaçqınların, sığınacaq axtaranların xoşuna gəlir, onların burdakı ab-havadan xoşları gəlir, burada çox gözəl başa düşüldüklərini deyirlər. İstənilən əcnəbi üçün ciddi problem olan dil maneəsini keçəndən sonra onlara digərləri ilə ünsiyyət qurmaq daha asan olur, iş axtaran zaman özlərini daha əminli hiss edirlər. “Burada qalacam, bu ölkədə yaşayıb, işləyəcəm”, – bu sözləri tez-tez eşidirəm”, – Anait Ayrapetyan deyir.
O hesab edir ki, Ermənistan sakinləri qaçqınlara özlərini cəmiyyətin tamhüquqlu üzvləri kimi hiss etməyə, ölkənin mədəniyyəti və ənənələri ilə tanış olmağa kömək edə bilər.
“Müxtəliflik ölkəmizə yeni nəfəs verir, bu isə bizə çox lazımdır. Paltar boğçası qaçqının özüylə başqa ölkəyə gətirdiyi yeganə şey deyil – məlum deyimi Ermənistana gələn qaçqınlara da aiddir”, – Anait Ayrapetyan hesab edir.