Ermənilər Abxaziyada
Foto: İbrahim Çkadua
Ermənilər Abxaziyanın sayına görə ikinci ən böyük etnik icmasıdır. 2011-ci ildə keçirilən axırıncı siyahıya almanın məlumatlarına görə, Abxaziyada təxminən 45 min erməni yaşayır, onlar respublikanın əhalisinin ümumi sayının təxminən 20 faizini təşkil edir. Bu cür böyük və kifayət qədər həmrəy icmanın təbii ki, lideri də olmalıdır. Yanvarda Abxaziyanın Erməni Birliyinin lideri mövqeyini Qalust Trapizonyan tutub.
Qalust Trapizonyan Qaqranın “Qaqripş” pansionatının direktorudur, erməni icmasında ən nüfuzlu fiqurlardan biri və Ermənistanın hökumət dairələrində yaxşı əlaqələri olan şəxs kimi tanınır. “Abxaziya qəhrəmanı” adını daşıyır, 1992-1993-cü illərdə Gürcüstan-Abxaziya müharibəsi zamanı marşal Baqramyan adına erməni batalyonunun komandiri olub, ayağını itirib.
Abxaziya hökumətində müxtəlif yüksək vəzifələr tutub, iki dəfə parlament deputatı seçilib, Qaqra şəhərində erməni məktəbinin direktoru olub, bizneslə məşğul olub, Abxaziyanın erməni icmasında yüksək rəhbər vəzifələrdə olub.
Qurultayın əsas məqsədlərindən biri yeni rəhbərin seçkiləri oldu, Abxaziyada bu, kifayət qədər əlamətdar bir hadisəyə çevrilib.
Qurultayın keçirildiyi “İnter-Suxum” mehmanxanasının konfrans zalında qeydiyyatdan keçmək istəyənlər uzun növbəyə düşülmüşdü. Respublikanın bütün rayonlarından (ermənilərin demək olar ki, yaşamadığı Qal rayonundan başqa) 217 nümayəndə gəlmişdi.
Bu gün ermənilər Abxaziyanın əsasən Qulripş, Suxum və Qaqra rayonlarında kompakt yaşayır.
Qonaqlar arasında təkcə erməni icmasının üzvləri deyil, həm də deputatlar, nazirlər, müxtəlif partiyaların və ictimai təşkilatların rəhbərləri varıydı – Abxaziyada bu cür tədbirlərə həmişə elita tərəfindən ciddi maraq var.
Abxaziya ermənilərinin yeni lideri vəzifəsinə iki nəfərin namizədliyi irəli sürülmüşdü – Qalust Trapizonyanın və Xaçik Minasyanın.
Minasyan Qaqradakı pansionatlardan birinin direktoru və Abxaziya İctimai Palatasının fəaliyyətdə olan üzvüdür, təxminən ötən altı il ərzində icmaya rəhbərlik edib. 2016-cı ilin may ayında gözlənilmədən istefa ərizəsi yazıb. Amma qurultay ərəfəsində yenidən namizədliyini təşkilatın lideri vəzifəsinə irəli sürmək qərarına gəlir.
Hər namizədin arxasında erməni icmasının kifayət qədər nüfuzlu şəxsləri dururdu. Səsverməni bir neçə müşahidəçi diqqətlə izləyirdi. Nəticədə Xaçik Minasyanın lehinə 82, Qalust Trapizonyanın isə 124 nümayəndə səs verib.
Niyə erməni icması üçün öz birliyinin olması məsələsi belə vacibdir? – sualını biz özünü icmanın tərkib hissəsi hesab edən bir neçə nəfərə verdik.
Müəllim
Abxaziyada 26 erməni məktəbi fəaliyyət göstərir, burada erməni dili, ədəbiyyatı və tarixi erməni dilində tədris olunur, qalan fənlər isə rus dilində.
Müəllimlər əsasən, pensiya yaşında olanlardır, gənclər azdır.
Suxum 9 saylı orta məktəbinin erməni dili və ədəbiyyatı fəninin müəllimi Anaid Oksuzyan danışır:
“Yerevanda pedaqoji institutu bitirmişəm, 1988-ci ildə Yuxarı Eşeranın məktəbində ibtidai siniflərdə dərs deməyə başlamışam. Müharibədən sonra Suxum 9 saylı orta məktəbinə keçmişəm və artıq 23 ildir ki, burada işləyirəm.
Uşaqlarımız ədəbi erməni dili ilə bağlı müəyyən çətinliklər yaşayır, çünki məktəbdən kənarda əsasən erməni dilinin amşen dialektində və rus dilində danışırlar.
Dərslikləri Ermənistandan alırıq, bütün siniflərimizdə 2005-2007-ci il buraxılışı dərsliklərimiz var. Eşitmişəm ki, rayonlarda dərsliklərlə bağlı problemlər var. Ermənistandan metodiki planlar ala bilsəydik, əla olardı.
Gənclər təhsilini davam etdirmək üçün Ermənistana gedir, amma bəziləri sonradan qayıdır.
İcma nəyimizə lazımdır? Biz tarixi vətənimizdən kənarda birləşirik ki, bir-birimizi dəstəkləyək, köməyə gələk. Həyatımı icmasız təsəvvür edə bilmirəm. Bizə xaricdən mütəxəssislər gəlib, erməni məktəblərinin müəllimləri üçün ixtisas artırma kursları keçiriblər. Uşaqlar “Ari tun” proqramı ilə Ermənistana gediblər. Bütün bunları icma təşkil edib. Qonşum Daniel Asaturyan Yunanıstana gənclər arasında Avropa çempionatına gedib, icma ona kömək etdi, səfərini maliyyələşdirdi”.
İş adamı
Eduard (soyadının hallanmasını istəmədi), 34 yaş, Suxumda ərzaq mağazalarından birinin direktoru:
“Hər şey təsadüf nəticəsində alındı, əvvəlcə bu sahədə işləməyə başladım, sonra özümü göstərə bildim, vəzifəm artmağa başladı. Bu gün Abxaziyada iqtisadi vəziyyət o qədər də yaxşı deyil, alıcılar iki-üç il əvvəl olandan xeyli daha azdır. Amma bu, biznesin xeyrinə də işləyə bilər. Hər şey yaxşı olanda arxayınlaşırsan. Çətinliklər başlayanda isə sən də təşəbbüs göstərməyə başlayırsan.
Abxaziyadakı ermənilərin özlərinin birliyinin olması ona görə vacibdir ki, bu milli özgürlüyümüzü saxlamaq imkanı verir. Bu həm də respublikanın, cəmiyyətin, millətlərarası münasibətlərin inkişafına ancaq kömək edə bilər.
Ermənistanda biznes və ya erməni icması ilə əlaqələrim isə yoxdur. Ermənistandan mallar birbaşa Abxaziyaya göndərilə bilmir, Rusiyadan tranzitlə gəlirlər. Bu da əsasən, konservləşdirilmiş meyvə-tərəvəzdir. Onlar da Abxaziyada bir o qədər populyar deyil – burada hər ailə özü üçün qışa azuqə toplayır. Buna görə də Ermənistandan malı biz daha çox çeşid müxtəlifliyi üçün gətiririk”.
Siyasətçi
Suren Kerselyan müharibədən sonra Abxaziyanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini demək olar ki, sıfırdan yaradan və işini təşkil edənlərdən biri olub.
“Mənə həmişə ictimai və siyasi həyatda iştirak etmək maraqlı olub. 2004-cü ildən Suxumun erməni icmasına rəhbərlik edirəm, müxtəlif dövrlərdə Abxaziya İctimai palatasının üzvü, hökumətdə nazir və baş nazirin müavini olmuşam. İndi təqaüddəyəm.
Erməni icmaları bir təşkilat kimi bütün dünyada mövcud olub. Ermənilərin kompakt yaşadığı hər yerdə icmalar var. İcma erməni cəmiyyətlərini birləşdirməyə çalışır, onun inkişafı üçün şərait yaradır. Amma təşkilatımızın nizamnaməsinin birinci bəndində Abxaziya dövlətçiliyinin möhkəmləndirilməsinə dəstəkdən danışılır.
Abxaziya Konstitusiyasının 49-cu maddəsinə əsasən, prezident postuna Abxaziya Respublikasının istənilən vətəndaşı deyil, yalnız etnik abxaz seçilə bilər. Amma bu qanun heç cür biz ermənilərə toxunmur – axı hamı bilir ki, niyə bu maddə orada var. Vaxt varıydı, abxazlar öz ərazilərində ancaq 17 faiz təşkil edirdi, bura gürcülərin zorla köçürülməsi həyata keçirilmişdi. Abxazlar da özlərini qorumaq üçün tədbir görməli oldular.
Abxaziyada heç bir başqa qanun ermənilərin və hər hansı digər etnik qrupların hüquqlarını məhdudlaşdırmır. Mənim timsalımda da görmək olar ki, milli mənsubiyyət Abxaziyada karyera qurmağa mane olmur”.
Evdar xanım
Evdar xanım Azniv Saretsyan Suxumda dünyaya gəlib, indi 54 yaşı var.
“Rus məktəbində oxumuşam, sonra da elektron hesablama maşınlarının operatoru ixtisası üzrə texniki peşə məktəbini bitirmişəm. Əslində arzum müğənni olmaq idi, amma tələffüzüm pis olduğuna görə heç nə alınmadı. Sonra da qiyabi olaraq Peterburqda mühəndis-mexanik peşəsinə yiyələnmişəm, amma ixtisasım üzrə elə də işləyə bilməmişəm.
Ailəm, böyük uşaqlarım, şəxsi evimiz, təsərrüfatımız var: inəklər, arılar, bağ.
Müharibəyə qədər, sovet illərində sabaha əminliyimiz varıydı. İşin olmayanda, xəstələnəndə də insanlar hər şeyin yaxşı olacağına ümid edirdilər. İndi bunlar yoxdur. Yəqin ki, indi bütün postsovet məkanında belədir.
O vaxtlar ünsiyyətimiz də daha çox olurdu, indi hərə öz həyatını yaxşılaşdırmaqla məşğuldur, bir-birindən üstün olmağa çalışırlar.
Buna görə də icmamız bizim üçün çox vacibdir. Yoxsa öz mədəniyyətimizi təmiz unudardıq. Rus məktəblərində oxuyan erməni uşaqları üçün özəl məktəb açmaq da yaxşı olardı ki, ana dillərində yazıb oxumağı bacarsınlar. Misal üçün, mən erməni dilində nə yazmağı, nə də oxumağı bilirəm. Ancaq danışa bilirəm, o da amşen dialektində, xalamın kəndinə qonaq gedəndə orada öyrənmişəm”.
İcma üzvü, parlament deputatı Robert Yaylyanın sözlərinə görə, keçən qurultayın əsas nailiyyəti o sayılır ki, bu qurultay nəhayət ki, icma daxilində çoxdankı “permanent münaqişə” problemini həll edə bilib,
Qurultayın əsas həllərindən biri köhnə “Abxaziyanın erməni icması” adına qayıtmaq və icma rəhbərinin sədrlik müddətinin üç ilə qədər azaldılması olub.
Təşkilatın rəsmi missiyası barədə Abxaziyanın erməni icmasının Suxumdakı rəhbəri Suren Kerselyan danışıb:
“Biz Abxaziya vətəndaşlarıyıq, birinci vəzifəmiz Abxaziya dövlətçiliyinin möhkəmləndirilməsinə kömək etməkdir… Millətimizin bizə verdiyi böyük imkanlar var. Bu, tarixi vətənimiz Ermənistanla, Qarabağla, Rusiya ilə və dünyadakı diaspora ilə əlaqələrdir. İcmanın bu böyük potensialından istifadə olunmur. Biz ölkəmizə böyük kömək edə bilərik”.