“Ukrayna mövzusu mühüm olsa da, ABŞ və Rusiya arasında danışıqların sadəcə bir hissəsidir”. Bakıdan baxış
Ər-Riyadda ABŞ-Rusiya danışıqları
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələrinin görüşü üçün yer oldu – bu, üç illik fasilədən sonra ilk görüşdür.
1News.az-ın yazdığına görə, bu mövzu ilə bağlı bütün geniş məlumatları ümumiləşdirərək və “sıxaraq” əsas nəticələri belə təqdim etmək olar – tərəflər diplomatik missiyaların tam fəaliyyətini bərpa etmək, gələcək iqtisadi və investisiya əməkdaşlığını müzakirə etmək və Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusun ifadə etdiyi kimi “gələcəkdə ümumi geosiyasi maraq doğuran məsələlər” üzrə razılığa gəliblər. Aydın olan budur ki, burada birinci növbədə Ukrayna ilə bağlı məsələlərdən söhbət gedir.

Elə həmin gün təcili çağırılan və artıq uğursuz adlandırılan Ukrayna nizamlanması üzrə Avropa ölkələrinin Paris sammiti fonunda Ər-Riyadda Rusiya və ABŞ-ın Ukraynada müharibənin dayandırılması istiqamətində işləmək üçün komandalar formalaşdırması ilə bağlı əldə olunan razılaşma marağın artmasına səbəb olur. Eynilə Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə bir qədər gözlənilməz səfəri kimi. Bir daha qeyd edək ki, bu hadisələrin üçü də eyni gündə – fevralın 18-də baş verib.
- 13 illik fasilədən sonra Azərbaycanın Suriyadakı səfirliyi yenidən fəaliyyətə başlayıb
- Ruben Vardanyan məhkəmənin suallarına cavab verməkdən imtina edib
- Trump dövründə ABŞ Cənubi Qafqazdan nə istəyə və nəyə ehtiyac duya bilər? Bakıdan baxış

Azərbaycanın ekspert icması cari hadisələri necə xarakterizə edir? Siyasi icmalçı Fərhad Məmmədov 1News.az-a müsahibəsində fikirlərini bölüşüb.
“Ukrayna mövzusu artıq ilkin şərt deyil…”
“Bu mövzuda çoxlu məlumatlar var, amma mən ilk növbədə onu qeyd edərdim ki, ABŞ Rusiya ilə Ukraynasız və Avropasız danışıqlara girir. Yəni, artıq birgə mövqe yoxdur – mən Qərbin Ukrayna ilə birgə konsolidasiya edilmiş mövqeyini nəzərdə tuturam.
İkincisi, görüşün nəticələri və bu barədə rəsmi məlumatların göstərdiyi kimi, Ukrayna mövzusu mühüm olsa da, artıq ABŞ və Rusiya arasında danışıqların sadəcə bir hissəsidir. Çünki qeyd olunub ki, Vaşinqtonla Moskva həm iqtisadiyyat, həm də geosiyasətlə bağlı danışıqlar aparır. Bu da daha geniş məsələləri əhatə edir.
Qeyd etmək istədiyim üçüncü məsələ ABŞ və Rusiyanın diplomatik missiyaların tam fəaliyyətinin bərpası ilə bağlı əldə edilən razılaşmadır. Yəni, müharibənin davam etdiyi və heç bir uzlaşmanın olmadığı bir şəraitdə tərəflər diplomatik münasibətlərin bərpasına doğru gedirsə, bu, artıq Ukrayna məsələsinin ABŞ və Rusiya Federasiyası arasında münasibətlərin məhdudlaşdırılması üçün ilkin şərt olmadığını göstərir. Hesab edirəm ki, bu element Rusiyanın indiyə qədər danışıqlar yolunda əsas nailiyyətidir.
Ukrayna hazırda uduzan tərəfdir, çünki məhz onu dəstəkləyən ölkələrin sıralarında çatlar və narazılıqlar yaranıb. Rusiyanın mövqeyi isə bu müharibədə Ukraynanın əsas sponsoru tərəfindən anlayış qazanır”.
Avropalıların rolu nədən ibarət olacaq?
“Ukrayna və Avropanın bu məsələdə iştirakı mövzusundan danışsaq, Zelenskinin indi əsas vəzifəsi Ukraynanı tamamilə Avropa ilə birləşdirmək və güclü, sabit koalisiya yaratmaqdır. Yəni, belə sabit koalisiya yaratmaq və ABŞ-ın tələblərinə əməl etməmək, hətta müqavimət göstərmək.
Çünki ABŞ özü Avropanın danışıqlar prosesində iştirak səviyyəsini yalnız sanksiyalar kontekstində tanıyır. Bu, Avropanın Rusiya Federasiyasına qarşı sanksiya siyasətini avtonom şəkildə davam etdirməsi üçün vəziyyəti dəyişməli olduqlarının göstəricisidir.
Rusiya sanksiya tətbiq edən hər kəsin bu sanksiyaları aradan qaldırmasına çalışacaq və bu yerdə onlar ABŞ-da elə özlərinin qurduqları tələyə düşəcəklər – əgər avropalılar sanksiyaları dayandırmasalar və görünən də odur ki, onlar sanksiyaları qaldırmayacaqlar”.
“Kreml və Ağ Ev Zelenskini Ukrayna prezidenti kimi görmək istəmir”
“Mən prezident Zelenskinin rolunu və yerini xüsusi qeyd etmək istərdim. Həqiqətən də, Ər-Riyad görüşündən sonra məlum olduğu kimi, Rusiya Zelenskini Ukrayna prezidenti kimi görmək və onunla hər hansı danışıqlara başlamaq istəmir – bəli, lakin Moskva ciddi müqavilələri Ukraynanın digər, özlərinin də dediyi kimi “legitim” lideri ilə imzalamaq istəyir.
Məlum olur ki, ABŞ da Zelenskini Ukraynanın lideri kimi görməkdə o qədər də maraqlı deyil. Şübhəsiz ki, burada Trampın köhnə narazılığı da var ki, Zelenski bir vaxtlar Baydenin oğlunun “Ukrayna işlərində” korrupsiya sxemlərinin obyektiv araşdırılmasını dəstəkləməyib.
Yəni, burada biz Rusiya və ABŞ-ın Zelenskini prezident kimi “görmək” istəmədiyinə dair ortaq mövqelərini görürük.
Buna görə də düşünürəm ki, hazırda Zelenskinin fiziki təhlükəsizliyi ən yüksək təhlükə səviyyəsindədir. Əgər əvvəllər Rusiya Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə zərbə endirmirdisə, indi ABŞ-dakı vəziyyəti və əhval-ruhiyyəni hiss etdikdən sonra, ola bilsin ki, yaxın gələcəkdə Rusiya Federasiyası tərəfindən raketlərlə və s. “Zelenski ovuna” şahid olaq”.
Davam edən proseslər işığında Türkiyənin mövqeyi
“Türkiyə ehtiyatlı mövqe nümayiş etdirir, çünki hazırkı vəziyyətlə, o cümlədən danışıqlar yolundakı durumla bağlı “nəbzi yoxlayır”. İndi türklər üçün güc bölgüsü və bundan sonra hansı istiqamətdə işləmək lazım olduğunu anlamaq vacibdir.
Türkiyə üçün əsas treklər, ilk növbədə, ABŞ-dır. O, ABŞ-ın, məsələn, Yaxın Şərqdə, Cənubi Qafqazda, Afrikada, eləcə də Ukrayna məsələsində və Qara dənizdə hansı istiqamətdə hərəkət edəcəyini anlamaq istəyir. Qeyd etmək lazımdır ki, Türkiyənin əlində həqiqətən də güclü kartlar var, çünki o, ABŞ-dan hər hansı hərbi yardım istəyən ölkə deyil, əksinə, məsuliyyətli tərəfdaşdır. Ona görə də Türkiyə hazırda bütün bu prosesləri diqqətlə izləyir və hətta danışıqlar üçün öz platformasını təklif edir.
İkinci trek Türkiyə və Avropa Birliyidir. Çünki ABŞ-la müttəfiqliyi olmayan Avropa İttifaqı tamamilə fərqli, hətta məncə, daha mülayim Avropa İttifaqıdır.
İnanıram ki, Türkiyə hələ də Aİ-nin üzvü olmadığını, lakin oradan iqtisadi üstünlüklər ala biləcəyini xatırladaraq, Avropa Birliyi ilə qarşılıqlı əlaqəni artırmağa çalışacaq.
Onu da başa düşmək lazımdır ki, əgər Avropada hansısa silahlı qüvvələrin formalaşdırılmasına dair qərar qəbul olunarsa, o zaman Türkiyənin Avropa işlərində rolu və yeri artacaq.
Növbəti trek artıq Türkiyə-Rusiya-Ukrayna trekidir. Bu, yenə də ABŞ və Rusiya arasında danışıqlara aydınlıq gətirmək üçün lazım olan ayrı bir yoldur. Ona görə də Türkiyə burada gözləmə mövqeyi tutur.
Bütövlükdə bu məsələdə Türkiyənin əli güclüdür. Xüsusilə də ABŞ, Ukrayna, Avropa İttifaqı və Rusiya ilə münasibətlərinin fonunu nəzərə alsaq. Türkiyə bu resurslardan rasional istifadə edəcək”.