Emiqrant statusu ala bilməyən azərbaycanlı intihar edib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanlı Fikrət Mahmudov vətənə qayıtmamaq üçün Hollandiyada qaçqın düşərgəsində intihar edib. Düşərgə qonşusunun sözlərinə görə, Mahmudov əvvəlcə Almaniyada siyasi sığınacaq almağa çalışıb, orada rədd cavabı alandan sonra Hollandiyaya gəlib. Amma burada da ona qalmağa icazə verilməyib, deportasiya olunmasın deyə o, damarlarını kəsib.
Meydan TV-nin xəbər verdiyinə görə, bu, azərbaycanlıların vətənə qayıtmamaq üçün son çarəyə əl atdığı ilk hadisə deyil. Məsələn, bu ilin fevralında Kəmalə İmaməliyeva Almaniyadan deportasiya olunmamaq üçün intihar etməyə cəhd göstərmişdi. Daha əvvəl, yanvar ayında isə ailəsi elə həmin Almaniyadan deportasiya edilməli olan adam dava-dalaş zamanı polisin əlindən aldığı silahla ona atəş açmışdı.
Almaniya və Hollandiya Azərbaycan sakinlərinin emiqrasiya etmək istədiyi ən populyar ölkələrdir. Almaniyanın Miqrant və Qaçqın Məsələləri üzrə Federal İdarəsinin məlumatına görə, yalnız 2018-ci il yanvar və aprel ayları arasında 1564 nəfər Azərbaycan vətəndaşı bu ölkədə qaçqın statusu almağa çalışıb. Onlardan 857 nəfərinin mütraciəti rədd edilib.
Başqa ölkədə sığınacaq almaq istəyi çox vaxt vətəndə siyasi baxışları və ya seksual oriyentasiyaları üzündən təqibə məruz qalmaları ilə əsaslandırılır. Bəzən bu hekayələr həqiqi, bəzən isə əvvəldən sonra qədər uydurma olur.
Nərgiz Sultanovanın misalında emiqrasiya səbəbi həqiqi olub. O, Hollandiyada qaçqın düşərgəsində bir il keçirib. Həmin zamanı xatırlayan Nərgiz deyir ki, ən ağırı qeyri-müəyyənlik içində gözləmək olub:
“Sən daima nə isə gözləyirsən: vəkillə görüşü, müsahibəni, qərarın çıxarılmasını. Və bu sonsuzluğa qədər davam edə bilər. Orada elə insanlar vardı ki, 12 il gözləyirdilər. Gözləmək düşərgədəki adi haldır, hamı nə cürsə bunun öhdəsindən gəlməyə çalışır. Hamı müsbət cavab alandan sonra nə edəcəyi haqda düşünür”.
Düşərgədə başqa bir yazılmamış qayda da var: bir-birindən buraya necə gəlib çıxdığını soruşmamaq.
Nərgiz indi Haaqada yaşayır və veterinar klinikasında işləyir. Onunla birlikdə müraciət edən qardaşına isə sığınacaq verməkdən imtina ediblər, o, Azərbaycana qayıtmalı olub.