Elmar Məmmədyarov: “Sülh sazişinin imzalanması üçün hərbi toqquşma olmalıdır”
Elmar Məmmədyarov müharibə ehtimalı haqda
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hərbi toqquşma olmalıdır. “Bu, qısamüddətli toqquşma və ya müharibə ola bilər. Yalnız bu, Paşinyanı müqavilə imzalamağa məcbur edə bilər”, – deyə o əlavə edib.
- Prezidentin tövsiyəsinə rəğmən nazirlik Söyüdlüdə müstəqil monitorinqə şərait yaratmayıb
- Azərbaycanda 20 yaşlı qız Ermənistana casusluqda ittiham olunur
- Azərbaycan ordusunun zabiti Vaqif Xaçatryanın ailəsinə müraciət edib
“Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərə başlaması erməniləri qorxuya salıb. Baxmayaraq ki, bəzi mətbuat orqanları yazır ki, erməni revanşistlər müharibə istəyir. Bu tamamilə yanlış fikirdir. Beynəlxalq təhlillər göstərir ki, 44 günlük müharibədə erməni ordusu darmadağın olub. Ermənistanın indiki iqtisadi durumu da imkan vermir ki, ordunu yenidən qursun. Ona görə Paşinyanın ən çox qorxduğu şey müharibədir.
İndi də müharibə olmasın deyə, Paşinyan düşüb qapı-qapı gəzir. Aparıcı dövlətlərin liderlərini Azərbaycana minnətçi salmaq istəyir ki, müharibə olmasın. Paşinyan bilir ki, növbəti müharibə təkcə onun siyasi karyerasının yox, bütövlükdə Ermənistanın sonu ola bilər”.
Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın son təşəbbüslərini “Bizim.Media”ya şərh edərkən deyib.
Elmar Məmmədyarov 2004-2020-ci illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. O, 2020-ci il iyulun 12-də Ermənistanla sərhəddə silahlı qarşıdurma zamanı iş başında olmadığı üçün prezident İlham Əliyev tərəfindən kəskin tənqid edildikdən sonra tutduğu vəzifədən azad edilib.
O əlavə edib ki, hərbi toqquşmalar Ermənistanı sülhə məcbur edəcək:
“Mən dəfələrlə demişəm ki, sülh sazişinin imzalanması üçün hansısa hərbi toqquşma olmalıdır. Mühraibə və yaxud qısa müddətli toqquşma Paşinyanı sülh sazişini imzalamağa məcbur edəcək. İndiki vaxtda Ermənistan hakimiyyəti ikili oyun oynayır. Nə sülh istəyir, nə müharibə.
Daxili və xarici güclərin təzyiqi ilə Paşinyan höküməti tez-tez anti-Azərbaycan bəyanatları verir. Lakin sonradan verdiyi bəyanatların arxasında dayana bilməyib geri çəkilir. İndi o dil tökür ki, mən yeni görüşlərə və danışıqlara hazıram. Bunun üçün də digər ölkələrin liderlərinə davamlı xahişlər edir”.
Elmar Məmmədyarov antiterror əməliyyatının keçirilməsini vacib sayır:
“Hazırda Azərbaycan ordusu Ermənistanla şərti sərhəd zonasına tam nəzarət edir. Lakin, Qarabağda mənzərə bir qədər fərqlidir. Oradakı separatçılar təkcə insanlarımıza deyil, dövlətimizə də ciddi təhlükə yaradırlar.
Nəzərə alaq ki, Sərsəng su anbarından Qırmızı Bazara qədər bir çox strateji obyektlər hazırda erməni separatçıların nəzarətindədir. Ona görə də bu ərazidə antiterror əməliyyatı zəruridir, vacibdir.
Paşinyanın ehtiyat elədiyi variantlardan biri də budur ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirsin və bütün erməni ünsürləri süpürüb bir dəfəlik atsın. Bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ona görə də Paşinyan əl-ayağa düşüb. Gah Fransa, gah Almaniya, gah da Türkiyə prezidentinə zəng edərək onlardan xahiş edir ki, rəsmi Bakını müharibədən və yaxud antiterror əməliyyatından çəkindirsinlər”.