Elita, yoxsa marqinallar?
Britaniya sosioloqu Keyt Foksun məşhur “İngilisləri müşahidə edərkən kitabı var. Bu kitab əsasən ünsiyyət manerası, məişət leksikası, paltar, davranış qaydalarında özünü göstərən və bunlara görə də müxtəlif sosial qrupların “özününküləri” tanıya bildiyi ingilis kastaçılığına həsr olunub. Müəyyən mənada bu araşdırma məndə oxşar işi burada, Bakıda keçirmək ideyasını yaratdı.
Bir ildən çox müddət ərzində mən Henrix Bell fondu üçün rus dilli cəmiyyətin özünü formalaşdırmasının öyrənilməsi ilə məşğul oldum və maraqlı nəticələrə gəldim.
Tədqiqatın heç bir başlanğıc fərziyyəsi yoxdu, bu da işi mütləq mənim müəllif yanlışlıqlarımı təsdiq edəcək son nəticəyə uyğun olaraq qurmağa (hətta şüurlatı səviyyədə olsa belə) imkan vermədi.
İş qrupun müxtəlif nümayəndələri ilə müsahibənin nəticəsi oldu, bundan başqa mən tədqiq olunanların güdəliklərindən və səyyar məşğuliyyətlərindən (“tusovkalarda iştirak) istifadə etdim.
Xaricilər üçün ön söz
Bakıda müxtəlif məlumatlara görə, 2,5 milyondan 4 milyona qədər insan yaşayır. Azlıq (dəqiq sayını aydınlaşdıra bilmədim – statistika yoxdur) rus dilində danışır. Bununla belə Bakıda və ətraf qəsəbələrdə 300 məktəb fəaliyyət göstərir, onların əksəriyyəti dövlət məktəbləridir. Demək olar ki, bütün dövlət orta və ali məktəblərində rus bölməsi var (yəni təhsilin rus dilində aparıldığı siniflər), rus dilli media, çap nəşrləri, xəbər portalları, Rus Dram Teatrı var. Rusdilli turistin ingilis dilli ilə müqayisədə istədiyini xeyli daha çox anlatmaq şansı var. Rus dilini yaxşı bilmək paytaxtda fəaliyyət göstərən əksər nüfuzlu təşkilatlarda, xüsusən də xidmət sahəsində işə götürülməyin mütləq şərtidir.
Niyə rus dilinin Bakıda bu dərəcədə “ilişib qalmasını və əksər bakılıların Azərbaycan dili “əvəzinə bu dildə danışdığını demək çətindir. Görünür, burada bir neçə amil rol oynayır: neft paytaxtının ənənəvi çoxmillətliliyi; rus dilinin respublikalar arasında və “Moskvadakı rəhbərliklə ünsiyyət dili olduğu SSRİ-nin tərkibində yaşadığımız 70 il və s. Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan sonra, beynəlmiləl Bakı ziyalılarının “rahat və mehriban ailəsi də faciəvi şəkildə dağıldı: yəhudilər kütləvi halda İsrailə, ermənilər Ermənistana, ruslar Rusiyaya köçürdü, orada daha təhlükəsiz olacaqlarını düşünürdülər. Onların əvəzində də Qarabağ və sərhədyanı rayonlardan şəhərə qaçqınlar, məcburi köçkünlər və əmək miqrantları axını başladı: bu, fərqli mədəniyyəti və ənənələri olan kənd sakinləri idi və onların sayı elə təxminən şəhərlilərin sayı qədərdi.
Özü də bu cəmiyyətin üzvləri üçün dəqiq mənsubiyyət sistemi mövcuddur – “rus sektoru – “yaxşı ziyalı ailəsinə mənsubiyyətin vurğulanması və peşəkarlığın xeyrinə olan arqument və “azsektor – daha aşağı təbəqə. Yəni iki qapalı mədəniyyət forması mövcuddur: ünsiyyət dili əlamətinə görə ayrılan və məhz bu əlamətə görə “özününküləri və “yadları tanıyan, müxtəlif həyat tərzi və müxtəlif maraqları olan insanlar. Bu qrupların tam dəqiq sərhədləri yoxdur, misal üçün, kimsə hər iki dili yaxşı bilir və həm bu, həm də digər qrupun əlamətlərini özündə əks etdirir. Qruplar arasında özlərinin israrla rədd etdiyi qərəz var. Bu da elə ilk tezisdir.
Tezislər
1. İnkar etmə
Bir neçə il əvvəl rusdilli bloqerlərdən biri özünün “livejournaldakı səhifəsində sorğu keçirdi, sual da ondan ibarətdi ki, doğrudanmı “azsektora qarşı aşağılayıcı münasibət var? Bakıdan 50 istifadəçi cavab verdi, onlardan 49-u da belə bir şeyin olmadığını bildirdi.
Cavab verənlərdən ikisi (xanımlar) bundan bir neçə gün keçmiş mənim yanımda ümumi tanışlarını müzakirə edərkən, “axı o azsektordur, “çuşkadır və “rus dilli (təsdiq kimi deyil, müsbət kontekstdə) kimi epitetlərdən istifadə edirdilər.
Bundan sonra mən provokasiya məqsədilə qohumlarım, iş yoldaşlarım və dostlarım arasında söhbətlərə başlamaq və nəticələri qeyd etmək adətini aldım. Burada bəlkə də daha məxfi şəraitə görə və söhbətin bloknota yazıldığını bilmədikləri üçün inkar effekti daha kiçik idi. Amma burada da ölkə vətəndaşlarının bu cür bölgüsünü qeyri-vətənpərvərlik, təkəbbür, axmaqlıq və bəzən də “ağır sovet keçmişinin fəsadı adlandıran həmin o “inkar edənlərin özləri yuxarıda qeyd olunan epitetlərdən istifadə edirdilər.
Arqument kimi dörd il bundan əvvəl baş verən qalmaqalı xatırlatmaq olar. O vaxtlar bu cür bölgünün olması haqqında Rusiyanın “Afişa jurnalına azərbaycanlı tələbə Səriyə Əliyeva danışdı və bundan sonra da sosial şəbəkə və hətta mətbuatda da təqib obyektinə çevrildi. Qızın sevgilisi “azsektordan idi və onun sevgilisi ilə birlikdə olarkən “rus sektorunu söndürməsi ilə bağlı sözləri böyük sayda lətifə və gülməli şəkillərin yaranmasına səbəb olan xanıma çevrildi.
Bununla belə, onun bakılıları bu dərəcədə özündən çıxaran “Bakı iki sektora bölünüb postulatı mahiyyətcə doğrudur.
Rusdilli bakılılar düşünmədən, adəti üzrə və ya qeyri-ixtiyari olaraq, Azərbaycan dilliləri bir pillə aşağı salırlar. Amma bunu onlara desən, onlar bunu ürəkdən inkar edəcəklər, stereotiplərə bu qədər qapıldıqlarını düşünmək onlara heç də xoş deyil.
2. “Rus dilliliyə görə günahkarlıq hissi
İnformantların mütləq əksəriyyəti ya öz rus dilliliyinə görə xəcalət hissi keçirir, ya da hansısa şəkildə özlərinə bəraət qazandırmağa çalışırlar. Bəzən sosial şəbəkələrdəki düşünülmüş bəyanatlarla müsahibədə deyilən sözlər arasında böyük fərq olur. Hətta bu məsələ ilə bağlı mövqeyini gizlədərkən belə, iki saatlıq müsahibə zamanı ağzından söz qaçırmamaq çətindir.
“Mən düşmənin dilində danışıram, – Rusiyaya nifrəti təbliğ edən tədqiqat üzvlərindən biri deyir. Ali təhsilli, oxumuş adam, erudit deyir ki, “bir dövlətdə iki dilin olması mümkün deyil.
Bütün tədqiqat nümayəndələri “doğma dilini bilməməyə görə müəyyən ictimai qınağın olduğunu təsdiq edirdilər. Qəribədir ki, etnik ruslar bununla daha az rastlaşır.
Və burada artıq səbəblər barədə danışmaq vaxtıdır. Məlum olur ki, bütün informantlar, o cümlədən də mən, şüurlu, ya şüursuz şəkildə “millət, “etnos və “dil mühiti arasında fərq qoymuruq. Və əslində problem iki son elementin uyğunsuzluğundan yaranan daxili ziddiyyətlə bağlıdır.
Dünyada ənənəvi olaraq “millət anlayışı siyasi çalarlıdır, o hakimiyyət mənbəyi kimi nəzərdə tutulur, dünyada ondan əvvəl mövcud olan və mənbəyinin dini icma və hakim sülalə olduğu doktrinalara əks olaraq. Bu anlayış etnoqrafik və ya linqvistik deyil, siyasi xarakter daşıyır. Məsələ ancaq ondadır ki, niyə bizdə belə oldu, niyə belə bir interpretasiya yarandı.
Burada sovet keçmişinə, SSRİ-nin yaranması dövrünə qayıtmaq lazımdır. Bu, dünyada adında milli və ya coğrafi özülün olmadığı yeganə dövlətiydi. Kommunist partiyası rəhbərliyi milli dövlətlər yaratdı, onların sərhədlərini cızdı, milli dilləri unifikasiya etdi, bununla da millət=etnos=dil konstruktunu, eyni zamanda da müasir dixotomiya və özünü identifikasiya üçün zəmin yaratdı. Və heç də əhəmiyyətli deyil ki, sivilizasiya tarixi bu obraza ziddir. Misal üçün, Amerika millətlərinin heç biri etnik deyil. Biz yenə də bu konstruktu yeganə doğru meyar kimi qəbul edirik.
3. Dil davranış qaydalarının bir hissəsi kimi
“Adam rus dilini bilirsə, yəqin ki, rayondan dünən gəlməyib, iştirakçılardan biri deyir. İştirakçılar birbaşa və ya dolayı yolla qeyd edirlər ki, rus dili müəyyən mənada oxşar davranış qaydaları olan insanı tapmaq üsuludur.
İnformantlar qrup üzvləri arasındakı fərqi qeyd edirlər – din və seksuallığa münasibət, ədəbiyyat və musiqidə olan meyllər və ən təsirli fərq kimi şəxsi məkan sərhədlərinə münasibətdəki fərqi göstərirlər.
İnformantlardan biri etiraf edir ki, iş yoldaşı olan qadın onun rus olduğunu biləndən sonra gözlənilmədən bildirib ki, oğlunu onunla evləndirməzdi. Rus dilli informantların bildirdiyi kimi, onlar çoxsaylı “Azərbaycan sektoru tərəfindən yad davranış qaydaları, dünyagörüşü və hətta geyim üslubunun sırınması ilə üzləşirlər. İnformantın birində bu güclü narahatlıq doğurur, digəri belə bir şeyin olmadığını deyir. Amma mənim xahişimlə gündəlik yazarkən təəccüblə qeyd edir ki, tanımadığı adamların onun şəxsi işlərinə qarışması faktı ilə tez-tez üzləşirmiş.
Qadınların işi daha çətindir, çünki onlar “o biri sektorun nümayəndələri ilə ünsiyyətdə olarkən ikili həyatla yaşamalı – “Eynən Pakistanda gizli fahişəliklə məşğul olmaq kimi – xüsusən də şəhərdən kənara çıxan və ya qohumlarla görüşən zaman daha sadə geyinməli və ən əsası – ictimai yerlərdə gözlərini yerə dikməli və “heç vaxt, istəsə də gülümsəməməli olurlar.
Beləliklə, dil üzrə identifikasiya həm də yad yerdə, yad insan qarşısında özünü göstərmək üsuludur.
Sonda bir daha özümün “diskleymerimi xatırladım. Qrupun sərhədləri dəqiq deyil. Bu sərhədin “üstündə dayanan çox sayda insan var. Onların tədqiqatda rolu elə də böyük deyildi, bu, əsasən həmin o mücərrəd sərhədi tapmaq üçün idi. Daha çox özləri özlərini “rus dillilər adlandıranlar araşdırılırdı.
İndi də pomidorlar gəlsin.