“Elgün İbrahimov üçün ədalət” tələbi ilə çağırış edilən və 28 May metrostansiyası önünə təyin edilən aksiyanın iştirakçıları oğurlanaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıblar. Onların sayının 63 nəfər olduğu deyilir.
Elgün İbrahimov həyatını müəmmalı şəkildə itirmiş 17 yaşlı məktəblidir. O, Gəncədə, tərk edilmiş yataqxanada ağır yaralı vəziyyətdə tapılmış, xəstəxanada vəfat etmişdi. Hökümətə yaxın medialar onun intihar etdiyini tirajlamışdı. Ailəsi onun intihar etmədiyini, döyülərək öldürüldüyünü bildirir.
Rəsmi açıqlamada qeyd edilir ki, Elgün İbrahimov hündürlükdən yıxılaraq aldığı xəsarətlər səbəbilə həyatını itirib.
1 iyun tarixinə isə “Elgün İbrahimov üçün ədalət” şüarı ilə şəhərin mərkəzinə aksiya təyin edilmişdi.
“Şifrələri alınıb, sosial media hesablarına müdaxilə edilib, barmaq izləri götürülüb”
Elgün İbrahimov | foto: şəxsi arxivindən
“Mənə saxta profildən, İnstaqramda, tanımadığım bir şəxs “rəylərdə çox fəal və iddalısan, başına problem açma” yazıb təhdid edib. Bunu polislər yazıb təthid edə bilər deyə düşünürəm. Profilində polis şəkli, DİN loqosu olan profillər də yazmağa davam edir”, – adının anonim qalmasını istəyən sosial şəbəkə istifadəçisi “JAMnews”a belə yazıb.
O, müraciətində bildirir ki, 28 May metrostansiyası ətrafında olan və polislərə “şübhəli görünən” şəxslər ərazidən oğurlanaraq Nəsimi Rayon Polis İdarəsinə aparılır. Oğurlananlar arasında 18 yaşına çatmayan şəxslərin də olduğu deyilir.
“Saxladıqları hamının telefonları əllərindən alınıb, orada olan dostumun da telefonunu əlindən alıblar. Şifrələri alınıb, sosial media hesablarına müdaxilə edilib, barmaq izləri götürülüb. Aksiya ilə bağlı mesajlaşan bütün hesabların da sahibləri axtarılır. Onlara çoxlu saxta izləmə istəkləri göndərilir. Ərazidən video paylaşanları isə inzibati həbsə göndəriblər”.
Bir müddətdir sosial mediada hadisənin Prokurorluq tərəfindən ciddi araşdırılmadığı ilə bağlı müxtəlif iddialar səsləndirilir. Həmçinin, bir sıra fəallar Elgününün hadisəsi ilə bağlı məlumatları əks etdirən bukletləri müxtəlif ərazilərə yapışdırır, küçələrdə paylayır. Bununla bağlı ictimai fəal Nicat Əmiraslanov da saxlanılmış, barəsində 15 sutka inzibati həbs cəzası seçilmişdi.
Baş vermiş ölümlə bağlı yayılan iddialar arasında hadisənin polislər tərəfindən törədilmiş qətl olduğu da yer alır.