Eldar Namazov: “ABŞ və Fransa təxribat yaratmağa çalışır”
“Geosiyasi mübarizədə özünü uduzmuş hesab edən ABŞ və Fransa unudulmuş status məsələsini gündəmə gətirməklə təxribat yaratmağa çalışır”, – 1993-1999-cu illərdə Azərbaycan prezidentinin köməkçisi olmuş Eldar Namazov APA-ya müsahibəsində bildirib. O, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi, tərəflər arasında baş verən insidentlər, ABŞ və Fransanın postmünaqişə mərhələsində təxribat cəhdləri, Rusiya sülhməramlılarının fəaliyyəti haqda danışıb.
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması: perspektivlər və təhlükələr
- İranın yük maşınları üçün gömrük rüsumu: Ermənistan və Azərbaycan sərhədində nə baş verir?
- Nyu-Yorkda 11 sentyabr terror aktından 20 il keçdi. Bu faciə ABŞ və dünyanı dəyişdimi?
“Özünü uduzmuş sayan dövlətlər prosesə əngəllər yaradır”
“Minsk qrupundakı dövlətlər kimi onların onillərlə Qarabağ probleminin həlli, postmünaqişə dövrü ilə bağlı hazırladıqları planlar indi tarixin arxivinə gedib. Onlar Azərbaycanın belə möhtəşəm qələbəsini, Ermənistanın da belə ağır duruma düşməsini gözləmirdilər. Türkiyənin bu prosesdə böyük rol oynamasını və Azərbaycanla hərbi birliyinin yaranmasını da gözləmirdilər. Ona görə də, bu prosesdən narahat olan, xarici siyasət maraqları baxımından həmin prosesdə özünü uduzmuş sayan dövlətlər prosesə müəyyən əngəllər də yaradır, təxribatçı addımlar atırlar”, – E.Namazov deyir.
Onun fikrincə, burada geosiyasi baxımdan udan tərəf Azərbaycan və Türkiyə, sülhməramlı qüvvələri nəzərə alsaq, müəyyən mənada da Rusiyadır. “Ancaq Rusiyanın özü də Azərbaycanın belə parlaq qələbəsini gözləmirdi, özünün hərbi müttəfiqinin belə rüsvayçı günə düşməsini istəmirdi. Moskva Azərbaycan-Türkiyə hərbi birliyinin yaranmasını, Türkiyənin prosesdə mühüm rol oynamasını, Qarabağda monitorinq mərkəzinin yaranmasını da arzulamırdı. Prosesdən narahat olan dövlətlər sırasına İranı da əlavə edərdim”, – o söyləyir.
Keçmiş prezident köməkçisi bildirir ki, ABŞ və Fransa Ermənistan uğrunda Rusiya ilə geosiyasi savaş aparırlar.
“Ermənistanda qərbpərəst qüvvələr hakimiyyətə gələndən sonra Rusiya müəyyən ciddi tədbirlər gördü ki, bu ölkəni daha çox özünə bağlasın və tabe etsin.
Ermənistan hakimiyyətinin atdığı addımlar Ermənistanın yenə də elə bil ki, Qərbə inteqrasiyasına şərait yaradan addımlardır. O cümlədən Avropa İttifaqının bu yaxınlarda Ermənistana böyük miqdarda – 2,6 milyard avroluq yardım paketini açıqlaması göstərir ki, başda Fransa olmaqla, kollektiv Qərb çalışır ki, həm iqtisadi, bunun arxasınca isə siyasi, sonra da hərbi cəhətdən Ermənistanı Rusiyanın təsiri altından çıxarsın. Göstərmək istəyirlər ki, Ermənistan Qərbə inteqrasiya istiqamətində addımlar atsa, Rusiyanın təsiri altından çıxsa, bu, ermənilərin özləri üçün də daha yaxşı olar. Məhz bunu nümayiş etdirmək üçün Fransa və ABŞ diplomatları belə təxribatçı bəyanatlarla çıxış edirlər”.
“Sanki Ermənistan dövlət deyil, geosiyasi layihədir”
Postmünaqişə dövründə meydana gələn yeni çağırışlara toxunan politoloq Ermənistan tərəfinin hələlik üçtərəfli sazişin bütün tələblərini yerinə yetirməyə tələsmədiyini bildirib.
“Xüsusən də sərhədlərin demarkasiya və delimitasiyası, ərazi bütövlüyünün qarşılıqlı tanınması, Naxçıvanı Azərbaycanla birləşdirən dəhlizin açılması və digər məsələlərdə Ermənistan inadkarlıq göstərir. Azərbaycan tərəfi məcburi olaraq Ermənistanın hərəkətləri ilə bağlı müəyyən addımlar atır”, – E.Namazov bildirib.
Politoloq Ermənistanın Rusiyadan asılı olduğuna diqqət çəkərək, bu ölkənin dövlətdən daha çox geosiyasi layihəyə bənzədiyini qeyd edir:
“Təsəvvür edin, bu dövlətin, demək olar ki, heç bir atributu yerində deyil. Sərhədlərini özü qorumur, Rusiya qoruyur, müdafiə sistemi Rusiyanın müdafiə sisteminə tabedir. Ermənistan öz gücü ilə nə silah ala, nə ordusunu hazırlaya bilir. Bu da öhdəlik kimi Rusiyanın üzərindədir. İqtisadi sahədə əsas sektorlar Rusiya şirkətlərinin nəzarətindədir. Ermənistanın müstəqil xarici siyasəti yoxdur. Dövlətçiliyi təsdiqləyən atributlar baxımından elə bil Ermənistan dövlət deyil, geosiyasi bir layihədir”.
E.Namazov Ermənistanın sərhədlərin müəyyən edilməsində qeyri-konstruktiv davranışının anlaşılmaz olduğunu da bildirib:
“Ermənilər bu günə kimi deyirlər ki, biz sovet sərhədlərini tanımırıq, onlar inzibati sərhədlərdir. Halbuki Müstəqil Dövlətlər Birliyinə daxil olanda həm Ermənistan, həm Azərbaycan saziş imzalamışdı. Həmin sazişdə SSRİ-də mövcud olan sərhədlər əsas götürülmüşdü və MDB-yə daxil olan dövlətlər də bir-birinin sərhədlərini, ərazi bütövlüklərini tanımışdı”.
“Ermənilər onu da başa düşmürlər ki, hər bir dövlətin sərhədində sərhədyanı zolaq olur, adi vətəndaşların da ora keçməsinə məhdudiyyətlər qoyulur. Ermənilər isə sərhəd zolağında qoyun, inək otarır, ATƏT-ə, BMT-yə şikayət edirlər ki, inəklərimiz Azərbaycan sərhədini keçib, qaytarmağa icazə vermirlər. Elə bil ki, onların sərhəd, sərhəd zolağı barədə təsəvvürləri yoxdur”, – keçmiş prezident köməkçisi əlavə edib.
Qazaxın yeddi, Naxçıvanın bir kəndi haqda
“Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndi, əminəm ki, Azərbaycana qaytarılacaq. Təsadüfi deyil ki, üçtərəfli sazişin ilkin layihəsində, hətta o layihəni ermənilər özləri çap etmişdilər, həmin kəndlərlə bağlı məsələ göstərilirdi. Yalnız Kremlin təqdim etdiyi son variantda yeddi kənd yox idi. Həmin yeddi kənd haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da fikirlərini bildirmişdi. Bütün bunlar göstərir ki, bu yeddi kəndlə bağlı çox ciddi müzakirələr olub, müəyyən mənada qərarlar də qəbul edilib. Sadəcə, görünür ki, həmin qərarların həyata keçirilməsi vaxtı bir qədər uzadılıb. Təsadüfi deyil ki, Rusiya sərhədçiləri bu yaxınlarda həmin yeddi kənd istiqamətində Ermənistan tərəfindən sərhədlər üçün müəyyən dayaq nöqtələri və kazarmalar tikməyə başlayıblar. Hamı başa düşür ki, Rusiya həmin yollara da nəzarəti öz üzərinə götürməyə məcbur olacaq”.
Qarabağdakı Rusiya sülhməramlıları haqda
Rusiya sülhməramlılarının fəaliyyətini mənfi qiymətləndirən politoloq bildirib ki, dörd ildən sonra onların regionda qalıb-qalmaması Azərbaycanın qərarından asılı olacaq, çünki Rusiyadan asılı olan Ermənistanın qərarı bəri başdan aydındır:
“Azərbaycan prezidentinin iradlarını, dəfələrlə sülhməramlıların fəaliyyətinə münasibət bildirməsini, Azərbaycan Müdafiə Nazirliyinin bu yaxınlarda sülhməramlılarla bağlı bəyanatını və məktubla Rusiya Müdafiə Nazirliyinə müraciət etməsini, belə təxribatçı addımların bu gün də davam etdirildiyini nəzərə alsaq, Azərbaycan sülhməramlılarla bağlı ciddi addımlar atmalıdır. Əminəm ki, bu addımları atmağa Azərbaycanın imkanı da var. Azərbaycan-Türkiyə birliyi artıq regionda əsas güc mərkəzidir, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir”.