"Əgər Tramp tələb etsə, Bakı İrəvanla sülh müqaviləsi imzalayacaq" - ABŞ analitikinin rəyi
Trampın Əliyevin qərarlarına təsiri
Donald Tramp prezident vəzifəsinə başladıqdan sonra ilk dəfə Ermənistan-ABŞ Strateji Əməkdaşlıq Xartiyası haqqında danışıb. İrəvan bu sənədi ABŞ-ın əvvəlki administrasiyasının son günlərində imzalamışdı.
“Biz Ermənistanla strateji tərəfdaşlığımızı davam etdirməyi və bölgədə sabitliyi qorumağı səbirsizliklə gözləyirik, dayanıqlı rifah və təhlükəsizlik naminə səylərimizi davam etdirəcəyik”, – Trampın 24 aprel tarixində Erməni Soyqırımı qurbanlarının Anım Günü münasibətilə göndərdiyi müraciətdə deyilir.
Nevada Universitetinin professoru, politoloq Nerses Kopalyan bildirir ki, bir çoxları ABŞ prezidentinin “erməni soyqırımı” termini əvəzinə “Mets Yeghern” (böyük qırğın, cinayət) ifadəsini işlətməsini xüsusi qeyd edib. Lakin Kopalyanın fikrincə, daha önəmli məqam başqa bir məsələdir, yəni Ermənistan-ABŞ Strateji Əməkdaşlıq sənədinin xatırladılması. Onun sözlərinə görə, bu, “Vaşinqton üçün Ermənistan-ABŞ münasibətlərinin ayrıca və əhəmiyyətli bir kateqoriya olduğunu” göstərir.
Kopalyan erməni mediasına verdiyi müsahibədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması konteksti barədə fikirlərini bölüşüb. O vurğulayıb ki, regionda sülh ABŞ-ın maraqlarına uyğundur və yeni administrasiyanın bu istiqamətdə konkret məqsədləri var:
“Ermənistan ABŞ üçün Cənubi Qafqazda bir plasdarm olacaq. ABŞ-ın Azərbaycana təzyiq göstərmək ehtimalı artır”.
- ABŞ prezidenti və Aİ Şurasının sədri seçildikdən sonra Cənubi Qafqazda nə və necə dəyişə bilər? Bakıdan baxış
- ABŞ-ın Cənubi Qafqaz strategiyası: Baydenin prezidentliyi dövründə nələr əldə olunub?!
- Azərbaycanın geosiyasi strategiyası və regional inteqrasiya baxışı: ADA Forumundan əsas mesajlar
- Azərbaycanla Ermənistan arasında sülh sazişi niyə imzalanmır? Bakı və İrəvanın baxışları harada toqquşur?
ABŞ-ın Ermənistanla Strateji Tərəfdaşlıq Xartiyası hələlik icra olunmur
2025-ci ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın sabiq dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
Sənəddə belə qeyd olunur:
“Güclü, müstəqil, suveren və demokratik Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumaq qabiliyyəti bölgənin davamlı təhlükəsizliyi və rifahı üçün həlledici əhəmiyyət daşıyır”.
Xartiyaya əsasən, tərəflər ikitərəfli ticarət və investisiya həcmini artırmaq, Ermənistanda enerji istehsalını genişləndirmək və enerji daşıyıcılarının tədarükünü şaxələndirmək niyyətindədirlər.
Lakin erməni cəmiyyəti üçün daha vacib olan məqam odur ki, sənəddə İrəvan və Vaşinqtonun “müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının genişləndirilməsi” niyyətləri rəsmiləşdirilib. Daha konkret desək, söhbət aşağıdakılardan gedir:
- Ermənistana gömrük və sərhəd təhlükəsizliyi sahəsində ixtisaslaşmış mütəxəssislər qrupunun göndərilməsi,
- Ermənistan Silahlı Qüvvələrinin peşəkar hərbi hazırlığına dəstək göstərilməsi,
- Ermənistan ordusunun operativ qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması,
- müdafiə qabiliyyətinin gücləndirilməsi.
Sonuncu bəndə gəldikdə, bu hələ yerinə yetirilməyib. Trampın mesajı ilə əlaqədar olaraq, Ermənistanda mütəxəssis dairələrində bu mövzu yenidən gündəmə gəlib.
Şərh
Politoloq Nerses Kopalyan vurğulayır: “Cənubi Qafqaz artıq 1990-cı illərin və ya 2000-ci illərin əvvəllərindəki kimi deyil”. O, həmin dövrdə bölgədə Rusiyanın müəyyənedici rol oynadığını xatırladır. Rusiya hegemon rolunda idi. Burada “kiçik, zəif ölkələr” vardı ki, onlar hətta öz daxili problemlərini, nəinki regional məsələləri, həll edə bilmirdilər.
Amerikalı analitik əmindir ki, yaxın 10 il ərzində Rusiya bölgəyə qayıda bilməyəcək. Buna səbəb olaraq isə, RF-nin Ukraynada və Orta Asiyada olan problemləri həll etməklə məşğul olacağını bildirir.
Bununla yanaşı, Kopalyan qeyd edir ki, “güclü dövlətlər arasında Cənubi Qafqazda başlıca rol uğrunda mübarizə” gedir.
O, həmçinin xatırladır ki, əvvəllər bəzi dairələr “Ermənistandakı demokratik sistemin çökəcəyini” proqnozlaşdırırdılar, çünki yeni ABŞ administrasiyası bölgəni tərk edəcəkdi:
“Lakin heç bir şey belə olmadı. Əksinə, qeyri-sabitlik şəraitində İrəvan mövcud riskləri azaldıb və ABŞ ilə Qərblə əlaqələrini möhkəmləndirməyi bacardı. Həmçinin Tramp administrasiyası, ABŞ institutları, xüsusən təhlükəsizlik və xarici siyasət sahələrindəki qurumlar qərara aldılar ki, Ermənistan onlar üçün vacibdir, region onlar üçün vacibdir”.
Nerses Kopalyan Ermənistan-Azərbaycan danışıqları və sülh müqaviləsinin imzalanma ehtimalı barədə də fikirlərini bölüşüb:
“Bütün sülh müqaviləsinin müddəalarını İrəvanla razılaşdıran Bakı, Vaşinqtonun diqqətini bu fakta cəlb etməyə çalışıb. O, beləliklə Avropa İttifaqı ilə olan problemlərini də həll etməyə çalışıb. Əliyev başa düşdü ki, əgər onu hələ də destruktiv oyunçu kimi görməyə davam edərlərsə, o, tədricən diplomatik kapitalını və təzyiq mexanizmlərini itirəcək”.
Politoloq iddia edir ki, Azərbaycan sadəcə diplomatik problemlərini həll etmək üçün sülh ideologiyasından istifadə edib.
Kopalyan xatırladır ki, bu ilk addımdan sonra beynəlxalq icma bəyan edib: “Növbəti addım sülh müqaviləsinin imzalanması olmalıdır.” O zaman Bakı artıq ilkin şərtlər irəli sürməyə başlayıb, öz ərazisinə atəş açıldığı barədə dezinformasiya yaymağa başlayıb. Politoloq bütün bunları Azərbaycan Prezidentinin sülh müqaviləsini imzalamağa niyyəti olmaması ilə izah edir.
Onun fikrincə, Əliyev buna yalnız ABŞ müqavilənin imzalanmasını tələb edərsə və alternativ qoymazsa, razı olacaq:
“Dünyada Əliyevin qorxduğu bir insan var. O da Trampdır. O deyəcək ki, əgər sülh tələbimi rədd edirsənsə, mən Ermənistana bərpa olunmağa kömək edəcəyəm. Əliyevin ən çox narahat olduğu məqam odur ki, Ermənistan bərpa olunmasın və hərbi təhdidə qarşı güc qazana bilməsin”.
Avropa İttifaqının danışıqlarda iştirak etməsi məsələsinə gəlincə, analitik Azərbaycanın üzərinə sülh müqaviləsinin imzalanması üçün diplomatik və siyasi təzyiq olmasını, lakin iqtisadi təzyiq olmayacağını gözləyir:
“Onlar Bakı ilə iqtisadi təzyiq yaratmağa hazır deyillər. Xüsusilə indi, ‘B planı’na ehtiyacları olduğu vaxt. Çünki hələ bilmirlər ki, Aİ-ABŞ münasibətləri necə olacaq və onların enerji təhlükəsizliyi məsələsi necə həll olunacaq”.
Trampın Əliyevin qərarlarına təsiri