Qərb Gürcüstanı itirir və burada getdikcə daha çox Rusiyanın və Çinin təsiri hiss olunur. Bu barədə britaniyalı ekspert, Avropa siyasətinin analizi mərkəzinin baş vitse-prezidenti Edvard Lukas Ukraynanın “Hromadskoye” teleşirkətinə müsahibəsində bildirib.
“Düşünürəm ki, doğrudan da, Gürcüstanı mümkün qədər sürətlə Qərbin bütün müdafiə institutlarına inteqrasiya etmək lazımdır, çünki Gürcüstan əldən çıxır: Rusiyanın və Çinin təsiri artır; siyasət mühiti qütbləşir; institutlar zəifləyir; beynəlxalq tədbirlərdən biri zamanı zorakı qarşıdurma başlayıb – əvvəllər belə şeylər olmurdu [Rusiya meylli “Vətənpərvərlər alyansı” partiyasının üzvləri ilə Tbilisidəki beynəlxalq konfransın iştirakçıları arasında sentyabrn 10-da münaqişə — JAMnews]”, — Lukas deyib.
Beləliklə, o, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Şimali Atlantika müqaviləsinin 5-ci bəndinin nəzarət altında olmayan ərazilərə tətbiq edilməyəcəyi təqdirdə Gürcüstanın NATO-ya qəbulu və bu cür yanaşmanın Ukrayna üçün də məqbul olması barədə təklifinə münasibətinə dair suala cavab verib.
“Məni narahat edən odur ki, Gürcüstan (Qərbə doğru) hərəkəti davam etdirmək üçün kritik kütləyə malik olmayan kiçik ölkədir. Ukrayna isə, əksinə, böyük ölkədir və fövqəladə həcmdə daxili qüvvə ehtiyatına və beynəlxalq yardıma malikdir və siz (Ukrayna) özünüz bunun öhdəsindən gələ bilərsiniz. Əhalisinin sayı beş milyon nəfərdən az olan Gürcüstan isə doğrudan da xarici yardıma ehtiyac duyur və hələ ki, bunu ala bilmir – nə Almaniyadan, nə Aİ-dən, nə də ABŞ-dan – heç kimdən”, — ekspert qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın və Gürcüstanın NATO-ya istənilən şərtlər daxilində qəbulu perspektivi çox yaxşıdır və alqışlanmalıdır. O, həmçinin xatırladıb ki, NATO-ya daxil olan zaman AFR digər qərb ölkələri kimi ADR-i tanımırdı, lakin onu bloka qəbul etmişdilər.
Lukas ümidvar olduğunu bildirib ki, “NATO-nun keçmiş baş katibi Rasmussen haqlı idi”.
“Mən buna (Gürcüstanın tezliklə NATO-ya daxil olmasına) bədbin yanaşsam da, biz Gürcüstanı dəstəkləməliyik. Həm də ümid edirəm ki, yeni Avropa Komissiyası və Almaniyanın yeni kansleri işə başlayandan sonra vəziyyət dəyişəcək… Ola bilsin ki, uğurlu olacağı gözlənilən NATO-nun qarşıdan gələn zirvə görüşündə də nəsə baş versin.
Bu səbəbdən də “ümid ən sonda ölür”. Hazırda mən o qədər də nikbin deyiləm. Biz Qərbdə həm daxili, həm də xarici disharmoniya ilə müşayiət olunan böyük çaxnaşma dövründə yaşayırıq. Belə vaxtda əyalətdə dəstəyə və diqqətə ehtiyacı olan kiçik ölkə olmaq sərfəli deyil”, — Lukas qeyd edib.