Dünyanı aclıq və milyonlarla qaçqın gözləyir. Səbəb indiyə qədər görünməyən çəyirtkə istilasıdır
2020-ci ilin yazında yaşanan son onilliklərdə görünməmiş nəhəng çəyirtkə ordusunun kütləvi istilası bir çox Afrika və Asiya ölkələrini aclıqla təhdid edir.
Bunun fəsadı olaraq dünyanı çox ciddi ərzaq böhranı, bunun ardınca isə aclıq, yeni milyonlarla qaçqının yerdəyişməsi gözləyir – National Geographic yazıb.
Bu həşəratlar getdikcə daha da çoxalır, onlar Afrika və Asiyanın nəhəng ərazilərində – Tanzaniya, Keniya və Somalidən Pakistan, Hindistan və COVID-19 virusu ilə çətinliklə mübarizə aparan Çinə qədər kəskin yayılıblar.
Artıq təyyarələrdən dərmansəpmə həyata keçirilir, amma hələlik çəyirtkənin öhdəsindən gəlmək mümkün deyil – onlar həddən artıq çoxdur.
Alimlər hesab edirlər ki, çəyirtkə istilasının səbəbi iqlim dəyişikliyi ilə bağlıdır.
Çəyirtkənin mahiyyəti nədir?
Bir sürüdə 10 milyard çəyirtkə ola bilər, amma adətən 500 milyona yaxın olur.
Onlar bir sutka ərzində 100-200 kilometr ərazini əhatə edərək, önlərinə çıxan istənilən bitki örtüyünü – otu, kolları, ağacları, ağacların yarpaqlarını, budaqlarını, çiçəklərini, meyvələrini məhv edə bilərlər.
BMT-nin Ərzaq və Kəndtəsərrüfatı Təşkilatı (FAO) bu həşəratların hədsiz sürətlə yayıldığı haqda xəbərdarlıq edib.
“Mübarizəni indi başlamasaq, üç aydan sonra onların hazırkı sayı 500 dəfə çoxala bilər”, – FAO-nun bəyanatında deyilir.
BMT-nin məlumatına görə, çəyirtkə istilasının kəskin artdığı sonuncu böhran Qərbi Afrikada 2003-2005-ci illərdə yaşanıb və bu regionun ölkələrinə 2,5 milyard dollara başa gəlib.
Çəyirtkə sürüsü heç olmasa bir kvadratmetr sahəni sıx şəkildə əhatə etdiyi zaman orada 35 min insanın bir sutkada yediyi qədər qidanı məhv edir.
Ümumilikdə FAO-nun dəyərləndirməsinə görə, səhra çəyirtkələrinin istilası Yer sakinlərinin hər on nəfərdən birinin həyat və fəaliyyətinə təsir edəcək.
Bu, çəyirtkəni dünyada köç edən təhlükəli ziyanverici orqanizmə çevirir.
Hazırkı istilanın səbəbləri
Hazırkı bəlanın səbəblərini alimlər 2018-2019-cu illərdə baş verən və dünyanın isti ölkələrində daşqınlara səbəb olan mütəmadi siklon və leysan yağışları silsiləsində görürlər.
Səhra çəyirtkələrinin təbii yaşam arealı Qərbi Afrikadan Hindistana qədər 30-a yaxın ölkənin quraqlıq rayonlarıdır.
Amma son iki il ərzində hədsiz rütubətli, çəyirtkə sürülərinin əmələ gəlməsi üçün münbit şərait ard-arda üç aqressiv çəyirtkə nəslinin inkişaf etməsinə imkan verib. Bir müddətə qədər bu vəziyyət gözə dəyməyib.
Bir sıra alimin fikrincə, sürətli istiləşmə və Afrikanın şərq sahillərində Hind okeanında su səviyyəsinin yüksəlməsi ötən il güclü tropik siklonlarının qeyri-adi həddə çoxalmasına səbəb olub.
Mümkün fəsadlar
Hazırda çəyirtkənin bütün bitki örtüyünü məhv etdiyi ölkələrin ən azı yarısı, bütün dünyaya sənaye miqyasında mühüm kənd təsərrüfatı məhsulları – taxıl, araxis, pambıq ixrac edən ölkələrdir. Odur ki, bu məhsullar kəskin azala və ya ümumiyyətlə yox ola bilər.
Bu ölkələrin ikinci yarısını isə müharibələr və sosial-siyasi münaqişələr bürüyüb. Əhali sıxlığı böyük olan və əhalisinin əksər hissəsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı yerlərdə çəyirtkə istilası kütləvi ölümlər, müharibələr və humanitar fəlakət deməkdir.