Dövlət Duması ailədaxili zorakılığın dekriminallaşdırılması haqda qanuni yekun olaraq qəbul etdi
Paylaşmaq
Paylaşmaq
Rusiya Federasiyasının Dövlət Duması ailədaxili zorakılığın dekriminallaşdırılması haqda qanunu sonuncu üçüncü oxunuşda qəbul edib.
Üçüncü oxunuşda 380 deputat lehinə, üç nəfər əleyhinə səs verib. RFKP fraksiyası səsvermədə iştirak etməyib.
Qanun layihəsi Cinayət Məcəlləsinin “Xəsarətlər” haqda 116-cı maddəsində “doğmalara qarşı” sözlərini silir və beləliklə də doğmalar tərəfindən xəsarət yetirilməsini cinayət məsuliyyətindən azad edir. Qanuna əsasən ailədə baş verən ilk hal sağlamlığa zərərlə müşayiət olunmadıqda inzibati qaydada – cərimə və ya 15 sutka həbslə cəzalandırılacaq.
Vahid Rusiya Partiyasının nümayəndəsi Andrey İsayev vurğulayıb ki, söhbət ailədaxili zorakılığın təqdir edilməsindən yox, sadəcə “şillə və şapalaqdan” gedir. “Tənha ana oğluna bir şapalaq vurduqda cinayətkara çevrilir. Yad bir dayını vurduqda isə inzibati qaydada cəza alacaq”, – Meduza İsayevin çıxışından sitat gətirir.
Kommunist Yuri Sinelşikovun dediyi kimi “bu qanun zorakılığı davranış qaydası kimi təsbit edəcək”.
Qanun layihəsinin müəllifləri Olqa Batalinanın başçılığı altında Vahid Rusiya Partiyasından olan deputatlar, həmçinin Federasiya Şurasından Yelena Mizulina və bir neçə senatordur.
Bu təşəbbüs ötən ilin iyununda CM-ə edilən dəyişikliklərə cavabdır. Bu dəyişikliklərə əsasən xəsarətlərin yetirilməsi dekriminallaşdırılmışdı. Amma o zaman yaxın qohumlara xəsarətlərin yetirilməsi istisna hal olaraq saxlanmışdı və buna görə cinayət məsuliyyəti nəzərdə tutulurdu.
Senator Yelena Mizulina dərhal bu dəyişikliklərə qarşı çıxmışdı və bunun “ailəyə qarşı” olduğunu bəyan etmişdi. “Qanun ailə daxilində barışıq və əfvin tətbiqini qadağan edir. Halbuki əfv etmək bacarığı milli ənənənin, əsasən də pravoslav ənənəsinin bir hissəsidir. Bu mənada “şapalaq haqda qanun” ailəyə qarşı nifrət aktı oldu”, – Mizulina tribunadan qəzəbini bildirmişdi.