Dövlət ekstremistlərlə böyür-böyürə
Onlar hər yerdədirlər, hər şeyi müşahidə edir və demək olar ki, heç nə onların diqqətindən yayınmır – onlar universitet konfransları və sərgilərini poza; vorkşopun keçirildiyi şəxsi mənzilə soxula; sosial şəbəkədə ifadə olunan fikrə görə insanlardan qisas almağı tələb edə bilirlər.
Onların müxtəlif adları var. Bəziləri müəyyən təşkilatın üzvləridirlər və onlara təhdid və təcavüzə görə pul verirlər. Digərləri isə tam təmənnasız şəkildə “müqəddəs ideyaya quluq edir.
Onlar özlərini vətənpərvər və xristian adlandırırlar. Deyirlər ki, vətən və onun qorunması onların əsas ideyasıdır.
Onlar vətəni onlardan istənilən əlamətinə, misal üçün, etnik mənşəyinə, seksual identikliyinə, dini etiqadına görə fərqlənən hər kəsdən qoruyurlar. Vətən və xristianlıq naminə onlar bakirə qız və itaətkar ev xanımı olmayan; qonaqlıqda süfrə arxasında sağlıq deməyən və ya başqa cür geyinən hər kəsi daş-qalaq etməyə hazırdırlar.
Onlara oxşamamaq qərarına gəlsəniz, onlar sizə ancaq narahatçılıq deyil, həm də fiziki təhdid yaradacaqlar.
Ötən həftə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Gender Tədqiqatlar İnstitutunun “İdentiklik təşkilatı ilə birgə təşkil etdiyi gender və seksual məsələlərin tədqiqatı üzrə elmi konfrans baş tutmalı idi.
Bu xəbərin yayılmasından dərhal sonra “Facebookda universitetdə LQBT təbliğatının yayılmasına imkan verməməklə bağlı çağırışlar səsləndi. Aksiyaların keçirilməsi planlaşdırıldı, təhdid dolu məktublar yayıldı. İş o yerə çatdı ki, təşkilatçılar konfrans iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün tədbiri keçirməmək qərarına gəldilər.
Nə universitet administrasiyası, nə də ən əsası dövlət ali məktəbdə konfransın təhlükəsiz şəraitdə keçirilməsini təmin edə bilmədilər!
İlya universitetində subaltern mövzusunda keçirilən müzakirə daha bir problemə çevrildi.
Ekstremist vətənpərvərlər bir neçə ay əvvəl bir təhər ölümdən qurtaran “Studoi Kampus təşkilatının direktoru Mixail Xundadzeni sözün hərfi mənasında ölümə məhkum etdilər. O, öz mənzilində tələbələr üçün Niçşe mövzusunda seminar keçirirdi. Qonşuluqda yaşayan və açıq pəncərədən qulaqlarına bir-iki söz dəyən gənclər həmin mənzildə “şeytana ibadət eləyənlərin yığıncağının keçirildiyini düşündülər. Onlardan biri Xundadzenin evinə soxularaq, onu bıçaqla vurub.
Aydın görünür ki, son bir neçə il ərzində ekstremizm Gürcüstanda xüsusiylə möhkəmlənib və bunu etiraf etsək də, etməsək də biz onlardan qorxuruq, onlar bizim gündəliyimizi dəyişir. Hər hansı tədbir planlaşdırmazdan öncə bir çoxlarımız bunun onların qıcıqlandırıb-qıcıqlandırmayacağı barədə düşünürük.
Ruhanilər və “vətənpərvərlər xaç, “taburet və Məryəm ananın adından lənətlərlə üç il bundan öncə, 17 may 2013-cü ildə [Beynəlxalq homofobiya ilə mübarizə günü], dinc aksiyanı dağıdandan sonra biz daha bu aksiyanı həmin gün keçirməyə cürət etməyəcəyik. Biz evimizdə qorxu içində oturur, konfransları kiçik ofislərdə keçirir, şəkilləri evimizdə gizlədirik, axı onların məzmunu ekstremistlərin xoşuna gəlməyə bilər.
Bizim hələ də gizlənmədiyimiz yeganə yer isə sosial məkandır, bu yer şəxsi poçta göndərilən təhdid və təhqirlərə baxmayaraq, hələ də bilavasitə fiziki zorakılıqdan mühafizə olunan məkan olaraq qalır.
Onlar qorxmalı olduğu halda niyə biz qorxuruq?!
İş orasındadır ki, dövlət bizim ifadə azadlığımızı qorumur. Problem də elə məhz bundadır. Ekstremistlər və təcavüzkarlar cəzasız qalacaqlarını bilirlər. Dövlət öz fəaliyyətsizliyi ilə onlara bizə qarşı zorakılıq tətbiq etmək, azadlığımızı məhdudlaşdırmaq və konfrans zallarını əlimizdən almağa imkan verir.
Hamı bu fikirlə razıdır ki, təhsil bu vəziyyətdən yeganə çıxış yolu olaraq qalır.
Amma hansı təhsildən söhbət gedə bilər ki, təhsil nazirləri uşaqlara məktəbdə nə öyrətməklə bağlı Patriarxiya ilə məsləhətləşir və dərsliklər Patriarxiyanın senzurasını nəzərə almaqla tərtib olunurlar.
Biz başa düşürük ki, əslində hələ heç başlamayan təhsil islahatı uzunmüddətli bir prosesdir. Buna görə də biz sanki bu məsələyə əl yellədik. Amma bu düzgün yanaşma deyil.
Hazırda məktəb daxilində təhsil islahatının keçirilməsi üçün güc və ehtiyatlarımızın olmadığı halda biz ən azı uşaqlarımıza məktəbdən kənarda tolerantlıq öyrədə bilərik. Elə etməliyik ki, uşaqlar heç olmasa məktəbin pəncərəsindən bizdən fərqli, amma bizim sevgimizə layiq insanların olduğunu görə bilsinlər. Məhz buna görə də vətəndaş fəallığı, homofobiya ilə mübarizə günündə dinc aksiyaların keçirilməsi, təhsil sərgi və konfransları xüsusi əhəmiyyət kəsb edir. Dövlətin etmədiyini biz – vətəndaş cəmiyyəti – etməliyik.
Dövlət həmişə susur, amma seçkilərin keçirildiyi il onun susqunluğu xüsusiylə nəzərə çarpır. Niyə?
Hazırda Gürcüstanda hakimiyyət başında dayanan komanda vaxtıylə nifrət dalğasında hakimiyyətə gəldi. Özlərinin seçkiqabağı çıxışlarında onların liderləri və spikerləri vətəni “pederastiya və “fahişəliyin yayılmasından, yəni “gürcülərin identikliyinin itirilməsinə xidmət edən hər şeydən qorumağa söz verirdilər.
“Gürcü arzusu nümayəndələrinin bu ritorikasını nəzərə alsaq, təcavüzkarların özlərini rahat hiss etmələrinə təəccüblənməyə dəyərmi? Axı hakimiyyətin müəyyən hissəsi ekstremistlərlə həmfikirdir. Öz fəaliyyətsizliyi ilə hakimiyyət mənəvi və hüquqi baxımdan bu insanların təcavüzkar “fəaliyyətini qanuniləşdirir.
Hakimiyyətin özündə demokratik qüvvəni təcəssüm etdirən digər hissəsi ancaq sosial məkanda və ayrı-ayrı televiziya çıxışlarında fəallıq nümayiş etdirir. Dini və vətənpərvər ekstremizmini pisləyərkən, onlar ancaq bəyanatlarla kifayətlənir, “Facebookda postlar yazır və həmrəylik şəkilləri ilə bölüşərək, buna görə ürək şəkilləri qazanırlar.
Son nəticədə əldə etdiyimiz nə oldu? Nəticədə biz yavaş-yavaş, addım-addım öz azadlığımızı itirir, ekstremistlərdən qorunmaq üçün kompromisə gedirik. Biz artıq mayın 17-si küçələrə çıxmır və konfranslar keçirmirik. Biz yox olur, gizlənir və qorxuruq, sıralarımız da artır. İnkişaf etməyən və özünü doğrulda bilməyən dövlət isə dini və vətənpərvər ekstremistləri müdafiə edir, çünki onlar çoxdur. Axı qarşıdan seçkilər gəlir.