Donald Tramp və Kim Çen In Sinqapurda danışıqlar aparıblar
Paylaşmaq
Paylaşmaq
İyunun 12-də Sinqapurda ABŞ və Şimali Koreya liderlərinin sammiti baş tutub. Bir neçə saat sürən danışıqlardan sonra tərəflər ikitərəfli sənəd imzalayıblar. Sənədin məzmunu daha sonra, mətbuat konfransı baş tutduğu zaman açıqlanacaq, CNN xəbər verir.
Nəticələr
Donald Tramp hesab edir ki, “görüş hər kəsin gözləyə biləcəyindən daha yaxşı keçib. Və irəlidə bu cür görüşlər hələ çox, çox, çox olacaq”. Şimali Koreya tərəfi hələlik sammitdən sonra heç bir şərh verməyib.
Təfərrüatlar
ABŞ və KXDR liderlərinin görüşü üç hissədən ibarət olub. Əvvəlcə Tramp və Kim yalnız tərcüməçilərin iştirakı ilə təkbətək yarım saatdan bir qədər çox danışıblar. Daha sonra nümayəndə heyətlərinin üzvləri də onlara qoşulub – ABŞ-dan dövlət katibi Mayk Pompeo və prezident administrasiyasının rəhbəri Con Kelli olub.
Final mərhələsi tarixi işgüzar yeməklə keçib.
Münasibətlər tarixi
Ötən il Donald Tramp və Kim Çen In arasındakı münasibət həddən artıq gərgin idi. 2018-ci ilin fevralında, KXDR ABŞ ərazisinə yetişmək iqtidarında olan ballestik raketi sınaqdan keçirdiyi zaman gərginlik pik həddinə çatmışdı. Hər iki lider bundan sonra twitter vasitəsilə və rəsmi bəyanatlarda bir-birinə qarşı təhdid yağdırmışdı.
ABŞ prezidenti və KXDR lideri arasında dialoqun qurulmasına ilk növbədə Şimali Koreyanın son bir neçə ay ərzində Cənubi Koreya ilə münasibətlərini yaxşılaşdırması və “Koreya yarımadasının tam nüvəsizləşdirilməsini” vəd etməsi şərait yaradıb. Ehtimal olunur ki, bu, Şimali Koreyanın bilavasitə iqtisadi asılılıqda olduğu Çinin təzyiqi ilə mümkün olub.
Mayda yazın əvvəlindan hazırlanan sammitin baş tutacağı sual altına düşdü. Tramp KXDR-ın öz nüvə proqramından birdəfəlik imtina etməyə hazır olmamasından narazı idi. Amma hər iki ölkənin diplomatları razılığa gələ bildilər və sammit baş tutdu.
Dünya mediasının reaksiyası
“Bu, danışıqlar prosesi deyil”, – Guardian hesab edir. – “Tramp sadəcə iki şey anlayır – ya aqressiv davranış, ya da yaltaqlıq. Hətta bu görüşdə hansısa konkret razılaşmalar əldə edilmiş olsa da, gözümüzün qarşısında tamaşa oynandığını unutmaq lazım deyil.
Bəli, Vaşinqton və Pxenyan arasında ciddi danışıqlar artıq çoxdan başlamalı idi. Düşmən ölkə ilə danışmaq çətin olsa da, vacibdir. Amma bunu reallığa əsaslanaraq, hazırlanmış strategiya və aydın hədəflərlə etmək lazımdır.
Şimali Koreya özünü məhz bu cür aparır – Pxenyan on illiklər boyu bu cür görüşə hazırlaşıb.
Donald Tramp isə buna hazırlaşmayıb: o, hətta bildirmişdi ki, bunun üçün lüzum görmür. ABŞ Nazirlər Kabineti hər dəfə belə vacib hadisədən qabaq müzakirələr keçirsə də, bu sammiti müzakirə etməyib”.