Dnestryanı – pasportlar vətəni
Yalnız ilk baxışdan Dnestryanı Moldova Respublikasının tarixi Cənubi Osetiya, Qarabağ və Abxaziyanın kalkasıdır.
Dnestrin sol sahilindəki ərazi 1992-ci ildə, Sovet İttifaqı dağılandan və sovet Moldaviyası müstəqil Moldova Respublikasına çevriləndən sonra öz müstəqilliyini elan etdi. Qısamüddətli hərbi əməliyyatlar başladı və hər iki tərəfdən minlərlə insanı həyatdan qopardı, burada yerləşən Rusiya qoşunları da Moldovanın ayrılmasını istəyənlərin tərəfində münaqişəyə müdaxilə etdi.
Beləcə dünyada heç kim tərəfindən tanınmayan Dnestryanı Moldova Respublikası yarandı, Moldova qanununa əsasən onun adı yalnız dırnaq içində yazılır.
İlk baxışdan bura konservləşdirilmiş ərazidir, burada hər şey 25 il əvvəlki kimi saxlanılıb – memarlıq, küçə adları, Sovetlər Evi önündə Leninin heykəli, müharibədə həlak olanların xatirəsinə memorial…
Hətta hökumət binalarının qarşısında məşhur sovet “volqaları” deyil, yetərincə müasir tünd “mersedeslərin” görünməsi də ümumi təəssüratı dəyişmir.
Dnestryanıda turizmi inkişaf etdirmək qərarına gələn kəs yalnız ilk baxışdan uğursuzluğa düçar görünür. Sadəcə bu başlanğıc üçün marketinq ideyası belə səslənə bilərdi: “Kim Sovet İttifaqı üçün darıxıb?
Tiraspol, may 2017, foto David Pipiya, JAMnews
İkinci baxış
Sadəcə daha diqqətli baxmaq lazımdır ki, dərhal maraqlı detalları görmək mümkün olur.
Tiraspol – Dnestryanının paytaxtı – sovetdən qalma kimi görünür, amma mahiyyətcə düşmən Kişinyovdan çox da fərqlənmir. Eyni kafe və restoranlar, vitrinlərdə eyni elektronika, hər yerdə mövcud olan internet, heç nə ilə seçilməyən hipster gənclər – sırğalı oğlanla və cırığı materialdan çox olan cins şalvarlı qızlar. Kişinyovlular kimi onlar da çox rahat ünsiyyətə girirlər.
Məsələn, Tiraspol sakini Yelizaveta kimi, o, özünün ən böyük arzusu – bu yerlərdən getmək xəyalı haqda şən və açıq şəkildə danışır.
Deyəsən, o, tək deyil. Adam başına düşən ən müxtəlif ölkələrin – Dnestryanı, Rusiya, Moldova, Ukrayna – pasportlarının sayına görə bu ərazi deyəsən, dünya çempionudur.
Yerli zarafatların ən sevimlisi – Dnestryanı sakinlərinin səksən faizi niyə Avropada azad hərəkət etməyə imkan verən Moldova biometrik pasportu əldə edib? Çünki qalan iyirmi faiz Ukraynanın biometrik pasportunu alıb.
Tiraspol, may 2017, foto Daviz Pipiya, JAMnews
Bu yolda heç də hamını uğur gözləmir. Amma məsələn, Bender sakini Alisa istəyinə çatıb – televiziya aparıcısı olub. Həm də elə-belə yerdə yox, Moldova telekanallarından birində. Hərçənd bu yolda onun qarşısına böyük əngəl çıxıb – Dnestryanı məktəblərində kiril əlifbası ilə moldavan dili, Moldovada isə latın əlifbası ilə rumın dili kimi keçilən dövlət dili. Alisa deyir ki, Moldovada rus dili ilə bağlı mövcud olan problemlər haqda danışır – yeni qanuna görə onun verilişi bağlanmaq üzrədir. Eyni zamanda o, Moldova vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsindən məmnundur.
Formal olaraq düşmən olan dövlətlərin vətəndaşlığına belə kütləvi tolerant münasibətin əsas səbəbini politoloq İqor Yedinak izah edir – bu, iş yerlərin çatışmazlığı, müvafiq olaraq cavanlar üçün heç bir perspektivin olmamasıdır. Onun sözlərinə görə, yerli sakinlər Moldova vətəndaşları üçün Aİ ölkələrinə vizasız rejim haqda xəbəri böyük həyəcanla qarsalayıblar. Bununla belə bu, onlara eyni həyəcan və səmimiyyətlə Rusiya Gününü qeyd etməyə mane olmur.
İşin əsli
Dnestryanı iqtisadiyyatının hədsiz kövrək və Rusiyadan asılı vəziyyətdə olduğu son zamanlar xüsusən aydın gözə çarpır. Səbəb Ukraynanın cənub-şərqindəki müharibədir.
Müharibə başlayandan sonra Ukraynanın atdığı cavab addımlarından biri də Ukrayna və Dnestryanı arasında sərhəd rejiminin gücləndirilməsi oldu. Məqsəd bu marşrutla Donbasa gedib çıxan Rusiya “könüllüləri” axınının qarşısını almaqdan iarət idi. Dnestryanıdan Rusiyaya idxal bunun dolayı qurbanı oldu. Dnestryanıda istehsal olunan bəzi məhsullara Avropada geniş tələbat olsa da, idxal edilən məhsulun böyük hissəsi Ukrayna ərazisindən Rusiyaya daşınırdı. Bu marşrut bağlandı və tanınmamış respublikanın iqtisadiyyatı dərhal bunun təsirini hiss elədi. Halbuki formal olaraq söhbət öz valyutası da olan (qəpikləri plastmasdan olsa da) tamhüquqlu dövlətdən gedir.
Bu yaxınlarda Dnestryanının ictimai təşkilatları (oxu – tanınmamış respublikanın hakimiyyəti) Rusiya prezidenti Putinə belə bir məktubla müraciət ediblər:
“Hörmətli Vladimir Vladimiroviç, biz Sizə müraciət edirik və Dnestryanı ətrafında Avropa İttifaqının və Kişinyovdakı ATƏT missiyasının birbaşa dəstəyilə Moldova və Ukrayna tərəfindən həyata keçirilən planlı blokada ilə şərtlənən növbəti gərginliyin yaranmasına imkan verməməyə çağırırıq”.
Müəlliflərin fikrincə, Dnestryanı və Ukrayna arasında sərhəd rejiminin sərləşdirilməsi Tiraspolu 40 milyon dollar itki ilə üz-üzə qoyur.
Bir yandan yerli vətənpərvərlik, Rusiyaya doğru rəsmi oriyentasiya, bir yandan da Avropa məkanının bir hissəsi olmaq həvəsi kimi qətiyyən bir araya sığmayan nəsnələrin eyni zamanda bu ərazilərə necə sığışa bilir?
Bəlkə də cavab uzun illər əvvəl, hələ doxsanıncı illərin əvvəllərində Avropa ölkələrindən birinin pasportunu əldə edib, Avropada öz ilk kapitalını qazanan Tiraspol sakini Yevgeninin monoloqundadır. “Burada bununla bağlı problem yoxdur”, – DMR sakinlərinin azad hərəkət imkanını nəzərdə tutaraq deyir.
Bəlkə də cavab yetərincə sadədir. Sovet təcrübəsi yerli sakinlərdən nə qədər uzaqdırsa, azad hərəkət etmək və yaşayış yeri seçmək imkanını tamamən təbii bir şey kimi qəbul edən nəsillər nə qədər həyata daxil olursa bu ərazi bir o qədər Avropaya yaxınlaşır. Sözdə yox, əməldə.
Və məncə, Dnestyanını turistik klaster – Sovet İttifaqının qoruğu kimi istifadə etmək ideyasının perspektivi bir o qədər yüksəlir.