Diqqət mərkəzində tək kino deyil, həm də festivaldır
Yayın ən qızmar dövründə Yerevan sanki yuxudan oyanıb, ünsiyyət qurur, danışmağa, müzakirə etməyə, mübahisə etməyə başlayır. “Qızıl ərik” fenomendir. Kiçik lokal festival heç cür öz kino istehsalını işə sala bilməyən, məhdud sayda kinozalları olan, amma bununla belə ölkəyə ən yaxşı filmləri gətirə bilən (tam təbii bir nailiyyət kimi) və onları auditoriyaya dialoqa başlamaq bəhanəsi kimi təqdim edən məmləkətdə keçirilir.
Cəmiyyətin bu nailiyyətlə necə davranması isə artıq başqa məsələdir.
“Qızıl ərik” dünyada yeganə festivaldır ki, burada bir həftə içində Kan, Venesiya, Berlin, Rotterdam, Lokarno və başqa məşhur kino festivallarında il ərzində qalib gələn filmləri görmək mümkündür.
Son illər ərzində “Qızıl əriy”in maliyyələşdirilməsi əməlli-başlı azaldılıb və təşkilatçılar əlavə xərclərdən imtina ediblər. Məşhurları dəvət edib, ayaqlarının altına qırmızı xalça sərmək kimi baha başa gələn ənənəni bir qədər dəyişməli oldular. Maraqlıdır ki, bundan sonra filmlərin keyfiyyəti də yaxşılaşıb, dialoqun özünün də rolu kristallaşıb, o daha məzmunlu olub.
Ümumiyyətlə “Qızıl ərik” özünü mehriban, xoş və qonaqpərvər bir festival kimi təqdim edir, burada qonaqlar üçün zəngin süfrə açılır və müxtəlif gəzməli-görməli yerlərə gəzintilər təşkil olunur. Bu il festival özü üçün yeni, amma ola bilsin, daha perspektivli rolda çıxış etdi. O, erməni cəmiyyətinin həm mühafizəkar, həm də proqressiv tərəflərini göstərdi.
Müsabiqədənkənar “İçdən və üzdən baxış” proqramı festivaldan kənarda qaldı, bura LGBT mövzusunda iki film daxil edilmişdi. Kinematoqrafçılar İttifaqı bu filmləri nümayiş etdirməkdən imtina etdi, “Qızıl ərik” isə əvvəlcədən seçilmiş proqramı pozmamaq üçün onlardan tamamilə imtina etmək qərarına gəldi.
“İki filmlə bağlı ciddi narazılıqlar və müdaxilə cəhdləri olub. Festival öz istəyilə öz proqramını dəyişə bilməzdi, bu o demək olardı ki, özümüz öz əlimizi amputasiya edirik”, – festivalın yekun mətbuat konfransında “Qızıl əriy”in direktoru və yaradıcısı Arutyun Xaçatryan dedi.
Bu hadisə cəmiyyət üçün şəxsin ləyaqəti və onun azad seçim hüququnun nə dərəcədə vacib olduğunu anlamağa kömək etdi.
Ermənistan kino istehlakçısı kimi
Başqa çıxış yolu yoxdur – istənilən halda biz cəmiyyətlə şəxsiyyət, kiminsə təcrid edilməsi ilə ictimai əzab, keçmişin kodları ilə indinin yenidən nəzərdən keçirilməsi, gözəl açıqcanı xatırladan həyatla cəhənnəm gerçəkliyi arasındakı (görünməz və hələ tam ifadə edilməmiş olsa da) qarşıdurmanı müzakirə etməli olacağıq.
Yaxşı kino həmişə provokasiya edir və stimullaşdırır.
Tamaşaçı ekranda deyək ki, İsveç kino rejissoru Ruben Estlundun kinosunu – sənət və kommunikasiya mövzusunda yumoristik fars olan “Kvadrat” (The Square) filmini görəndə əhəmiyyətli göz və məna yükü alır. Və ya macar rejissoru İldiko Enyedinin “Bədən və ruh haqqında” (On Body and Soul) filmini. Və ya koreyalı Ki Dukun balaca adam və böyük iddialı dövlət sistemi haqqında “Şəbəkə” (The Net) filmini. Və ya Fransua Ozonun “İki üzlü məşuq” (The Double Lover) erotik-psixoloji trillerini. Və ya Sergey Loznitsinin həbsxana sisteminin məntiqindən baş qaçmağa çalışan dözümlü və itaətkar qadından bəhs edən “İtaətkar qadın” (A Gentle Creature) filmini.
Bütün bu dünya premyeralarının əsasını insan və onun mühiti təşkil edir. Axtarışda olan, içində bir anlıq da olsa “tabe olmaqetiraz etmək” mübarizəsinin dayanmadığı üçün dünyada öz yerini tapmaqda çətinlik çəkən insan.
Bu il “Bədii film” nominasiyasında qalib gələn film də çox simvolikdir.
Hindistanlı Sanal Kumar Sasidxaranın “Seksual Durqa” filmi Hindistanda nümayiş olunmayıb və olunmayacaq. “Qızıl əriy”in beynəlxalq bədii filmlər üzrə münsiflər heyətinin sədri Xyu Hadson deyib: “İstənilən növ dövlət senzurası yolverilməzdir və mən çox şad olaram, bu filmi mümkün qədər çox insan görsə”.
Filmin qəhrəmanları ölkənin bir ucundan o biri ucuna dəhşətlərlə dolu səyahətə çıxırlar və bütün bu müddət ərzində tamaşaçını həyəcan hissi müşayiət edir. Zorakılıq və təhlükələr havada, fikirlərdə və hətta qədim ənənələrdə hiss olunur.
FIPRESCI beynəlxalq kino tənqidçilərinin münsiflər heyəti bu il ən yaxşı film kimi Məhəmməd Rəsulofun “Dətanətli insan” («A Man of Integrity») filmini tanıdı, bu filmin qəhrəmanı şaxələnmiş korrupsiya ilə üzləşir və təkcə özünün evini və balıqçılıq fermasını deyil, həm də adi insan ləyaqətini qorumağa çalışır. Bəzən təslim olmaq mübarizə aparmaqdan daha çətin olur…
Ermənistan kino istehsalçısı kimi
Faktiki olaraq, Ermənistanda auditoriya milli kinodan daha keyfiyyətlidir.
“Qızıl ərik” artıq 14 ildir ki, mövcuddur və 14 ildir Ermənistanda kino istehsalının relsdən düşdüyü və əksər vaxtlarda həm ideya, həm də keyfiyyət nöqteyi-nəzərindən geridə qaldığı bir vaxtda ölkəyə kino festivalı lazımdırmı – mövzusunda mübahisələr gedir.
Kino festivalının ən aktual “Bu gün nəyə baxaq?” sualına (bu sualı ənənəvi olaraq bir-birinə hətta tamamilə yad olan insanlar verir və ətraflı həm də çox emosional cavab alırlar), daha bir sual əlavə olunub: “Bəs Ermənistan filmlərindən?”
“Qızıl əriy”in “Ermənistan panoraması”na əsasən ən yaxşı filmlər deyil, yaradılmasında bu və ya digər şəkildə ermənilərin iştirak etdiyi bütün filmlər daxildir. Bir qayda olaraq, bu, sərt olmayan seçim turlu qeyri-müntəzəm müsabiqədir.
“Qızıl əriy”in bədii direktoru Susanna Arutunyan tez-tez deyir ki, festival beynəlxalq kino axını ilə ayağa duran erməni kino istehsalçıları arasında körpüdür. Bir çox proqramlar, master-klasslar və layihələrin birgə müzakirələri məhz Ermənistan kinosunun inkişafına istiqamətlənib.
Bu il ən yaxşı bədii erməni kinosu erməni əsilli Amerika rejissoru və ssenaristi Kris Avetisyanın “Donald ağladı” («Donald Cried») filmi oldu. Bu az büdcəli dram uşaqlıqlarından qalan ağrı və kompleksləri yaşlı həyatlarına daşıyan iki dost haqqındadır.
Film ilk növbədə, yaxşı ssenarisi ilə fərqlənir, ingilis dramaturgiyasının ən yaxşı nümunələrindən örnək götürüldüyü görünür.
“Erməni panoraması”nın ən yaxşı sənədli filminin müəllifi erməni əsilli fransız rejissoru Tamara Stepanyan oldu. Onun “Qar yağdı” («Those from the Shore») əsəri mühacirlərin həyatından bəhs edir. İnsanlar daha yaxşı həyat axtarışı ilə Marselə gəlir və bürokratik və psixoloji tələyə düşürlər. Və xilas olmaq imkanı yoxdur…
Seçim var.
Və bu, “Qızıl əriy”in tamaşaçıya, Ermənistandakı kino istehsalçılarına və festivalın qonaqlarına ən yaxşı mesajıdır.
Azad seçim imkanı sənəti sabun köpüyünə, tamaşaçını isə qurbana çevirərək, onu məhv edən kompromisləri istisna etmək imkanı verir.
Bu il də “Qızıl ərik” tək kino ətrafında deyil, həm də öz-özlüyündə insan ətrafında müzakirələrə yol açıb.