Yanvarın 19-da minlərlə insan İstanbul küçələrinə çıxıb, erməni əsilli Türkiyəli jurnalist Qrant Dinkin qətlinin 10-cu il dönümünü qeyd edib. Dink 2007-ci il yanvarın 19-da baş redaktoru olduğu “Aqos” qəzetinin redaksiyası qarşısında öldürülmüşdü.
Qətllə bağlı 2012-ci ildə 18 nəfər həbs edilmişdi. Onlardan ikisi ömürlük azadlıqdan məhrum edilmiş, qalanları isə müxtəlif müddətli cəza almışdı. Daha bir nəfər – sabiq kəşfiyyat zabiti hələ də şübhəli hesab edilir, amma həbs olunmayıb.
Jurnalistin ailəsi hesab edir ki, cinayət lazımınca araşdırılmayıb və Dinkə qarşı təhlükənin olduğunu bilən, amma heç bir tədbir görməyən bəzi vəzifəli şəxslərin də cinayətlə əlaqəsi var.
Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Dinkin ailəsinin şikayətinə baxaraq belə qənaətə gəlib ki, Türkiyənin ədalət məhkəməsi vəzifəli şəxslərin qətlə aidiyyatını diqqətlə nəzərdən keçirməyib.
Dinki anım mərasimində onun həyat yoldaşı Rakel Dink çıxış edərək bildirib ki, “Görünür ki, bu qətlin günahkarı bütün strukturları ilə birgə dövlət özüdür”.Jurnalistin qətl günü ilə əlaqədar müxalif partiyaların liderləri bəyanatla çıxış ediblər. Demokratik Xalq Partiyasının sədri Səlahəttin Dəmirtaş bildirib ki, “son 10 il müddətində təəssüf ki, biz ölkəmizi həyat və azadlıqlar üçün münasib bir məkana çevirə bilmədik”.
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu isə deyib ki, “Türkiyədə qardaşlıq, bərabərlik və ədalətin bərqərar olacağına” ümid edir.
ABŞ-ın Türkiyədəki səfiri Tvitter vasitəsilə faciəvi tarixə reaksiya verib. “Biz onun sülhə, barışığa və insan haqlarına hörmətə səsləyən çağırışlarını həmişə xatırlayacağıq”, – deyə o qeyd edib.
Qrant Dink Türkiyədə türk və erməni dillərində çıxan ilk “Aqos” qəzetinin yaradıcısı və baş redaktoru idi. Erməni genosidinin tanınması onun fəaliyyətinin əsasını təşkil edirdi ki, bu da türk millətçilərinin qəzəbinə səbəb olurdu.