Dilənçi şantajçılar
Vətəndaşların yaddaşında MİS-lər ədəbsizlik, xırda rüşvətxorluq və bürokratiya ocağı kimi qalıblar.
Hələ 1959-cu ildə yaradılan Mənzil İstismar Kontoru dövlət mənzil fondunun istifadəsi ilə məşğul olurdu. Yəni yaşayış və yardımçı tikililər üçün vacib işləri görür, zibil yığımı, təmizlik işləri və yaşıllaşdırma həyata keçirirdi.
Bu yaxınlara qədər bu fəaliyyət 1982-ci ildə tətbiq edilən Azərbaycan SSR-nın Mənzil Məcəlləsi ilə tənzimlənirdi. Mənzil İstismar Sahəsinin vəzifələrinə yaşayış fondunun mühafizəsi və səmərəli istifadəsi, vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərilməsi və binaların, evlərin və eyvanların vəziyyətinə nəzarət və s. daxiliydi. Əvvəl belə də nəzərdə tutulmuşdur ki, MİS binaların təmiri və cari problemlərin – daman dam, istiliyin olmaması, su basan zirzəmi və s. – aradan qaldırılması üzrə bütün işləri yerinə yetirməlidir.
MİS-lərin əsas funksiyalarından biri tələb olunan yerlər və instansiyalara arayışların: mənzildə qeydiyyatda olan sakinlərin tərkibi qeyd olunan 2 saylı forma və fərdi olaraq lazım olduğu halda hər bir sakinə yaşayış yerindən arayışın verilməsiydi.
Bir vaxtlar MİS-də ancaq süpürgəçilər, qaşqabaqlı pasportçular və mühasibatçılar deyil, həm də çilingər, su kəməri işçisi və elektriklər də işləyirdilər. İndi onlar işığa, qaza və suya görə cavabdeh olan müvafiq qurumlarda işləyirlər, yəni əgər təcili təmirə ehtiyac yaranıbsa, artıq MİS-ə deyil, “Azərsuya , “Azərişığa və “Azəriqaza zəng etmək lazımdır.
MİS-in keçmiş işçisi Eteri Zeynalova danışır: “MİS-in ştatında xüsusi adamlar varıydı, onlar hər səhər binadan çıxıb, ərazini gəzirdilər. Nizam-intizama nəzarət edirdilər ki, hər şey qaydasında olsun, zibil olmasın, heç nə qırılmasın. Həm də onlar hansı mənzildə təmirin getdiyini, eyvanın aynalanmasın öyrənib, dərhal qayıdarkən rəisə bu haqda məlumat verirdilər.
Bu, sakinlərdən mənzil sahəsinin qanunsuz şəkildə artırılmasına – eyvanın aynalanmasına və ya həyətin bir hissəsinin bağ kimi mənimsənilməsinə görə rüşvət almaq üçün edilirdi. Əlbəttə ki, onlara heç bir sənəd verilmirdi, adamlar sadəcə MİS və sahə müvəkkilindən yaxalarını qurtarmaq üçün pul verirdilər.
Bundan başqa, E. Zeynalovanın sözlərinə görə, MİS işçisi, daha doğrusu pasportçu sahə müvəkkili ilə əlaqədə işləməlidir. Sahə müvəkkili sahədə yaşayan hər kəsi tanımalıdır. Ona bu işdə MİS işçisi kömək edir, mənzil kitabın köməyiylə o bu və digər mənzildə yaşayanlar haqqında məlumat verir.
2009-cu ilin avqust ayında Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə mindi. Bu məcəlləyə əsasən, MİS-lər hüquqi olaraq mənzil fondunun istifadəsinə nəzarətdən uzaqlaşdırıldı. O vaxta qədər də MİS-lərin xidmətləri ancaq özəlləşdirilməmiş dövlət mənzillərinə aid edilirdi. Nəzərə alsaq ki, bizdə mənzillərin əksəriyyəti özəlləşdirilib, sakinlər kontorun pulsuz xidmətlərinə ümidi yoxdur. Yeni məcəlləyə görə, mənzil fonduna nəzarət yerli bələdiyyələrin əlinə keçir. Çox mənzilli evin idarə olunması isə ya sakin-sahibkarların özləri, ya ixtisaslaşmış istehlakçı kooperativi, ya da idarə təşkilatı tərəfindən həyata keçirilir. Məcəllədə MİS-lər haqqında bir söz belə yoxdur.
Amma bununla yanaşı, MİS-lərin varlığını rəsmiləşdirmək üçün 2010-cu ilin may ayında Mənzil Məcəlləsinə dəyişikliklər edildi. Onlara əsasən, MİS-lər İcra Hakimiyyətinə aiddir və Mənzil-Kommunal Təsərrüfat Departamentinə tabe olur. Məcəlləyə görə, çoxmənzilli evlər İcra Hakimiyyətinin yerli orqanları tərəfindən idarə olunduğu halda, formal olaraq MİS-lərlə İH-nin qurumlarından biri kimi çoxmənzilli binanın idarə və xidmət olunması üçün müqavilə bağlamaq olar.
Bu gün MİS-lər Məcəllənin hüquqi əsaslarını tapdalayırlar, çünki burada sakinlə müqavilə bağlamağın mümkünlüyü qeyd olunur, çünki müqavilə könüllü şəkildə bağlanır, MİS işçiləri isə inadla zibil və mənzil haqqının ödənilməsini tələb edirlər. Bu zaman hətta şəhərin mərkəzində olan həyətlərin böyük əksəriyyətinin ərazisini bəzən hiyləgərcəsinə maskalanmış, gizli və o qədər də gizli olmayan çatlara dürtülmüş zibil instalyasiyaları və tökülmüş yarpaq xalçaları bəzəyir.
Mənzil haqqına gəlincə, burada söhbət əmlak vergisindən gedir ki, onu yığmaq da yerli bələdiyyələrin səlahiyyətinə daxildir. Bu vergini toplamağa MİS-in hüquqi əsası yoxdur.
Mənzil-kommunal xidmətlərinin tarifləri Nazirlər Kabinetinin 10 mart 2010-cu il tarixli sərəncamı ilə müəyyən olunur. Qaydalara əsasən, özəlləşdirilmiş mənzillərin saxlanmasına görə qiymət aylıq yaşayış sahəsinin hər kvadrat metrinə görə 1,5 qəpik, zibilin yığılmasına görə isə 14 qəpik təşkil edir.
Bir sıra nazirliyin bir çox inzibati funksiyaları ASAN-a keçəndən sonra camaat rahat nəfəs ala bildi. İndi MİS-də alınan sənədləri də ASAN-da verirlər. “ASAN xidmətdə bildirdilər ki, indi daşınmaz əmlakın alışı və satışı zamanı instansiyaları bir-bir gəzməmək də olar. MİS-ə ancaq bir halda müraciət etmək lazım olacaq – özünüzün qeydiyyatda olmadığınız mənzili satarkən.
İndi MİS-lərin köhnə, baxımsız otaqlarının sakinləri pul qazanmaq üçün hər vasitəyə əl atmalı olurlar. Misal üçün, təzə sakinlərə mənzildə qeydiyyata düşmək üçün öz köməklərini təklif edirlər: “Yüz manata mən sizin bütün problemlərinizi həll edəcəm və “pasport stola getməkdən canınızı qurtaracam, – köhnə dəbdə saç düzümü və qaçan gözləri olan MİS işçisi bizi dilə tutmağa çalışırdı. Xoşbəxtlikdən biz onun hiyləsinə uymayıb, ASAN-a müraciət etdik. Yeni ünvanlı yeni şəxsiyyət vəsiqəsinin alınmasına görə biz yalnız minimal dövlət rüsumu ödəməli olduq.
MİS-lər hər şeyə rəğmən yenə də fəaliyyət göstərirlər. Və görünür ki, onları heç də nə vaxtsa bildirildiyi kimi ləğv etməyə hazırlaşmırlar.