Daşınmaz əmlak ancaq abxazlar üçündür
Abxaziya parlamenti xaricilərə daşınmaz əmlakın satışına olan qadağanı saxlamaq qərarını verib və bununla bağlı xüsusi qətnamə qəbul edib. Bu, görünür, uzun müddət belə olacaq, çünki bu qadağanı ancaq bir sıra qanunverici aktların qəbulundan sonra götürmək mümkün olacaq, buna isə illər lazımdır.
Həmin zəruri qanunların siyahısı həqiqətən də böyükdür və onların bir hissəsinin işlənib hazırlanmasına hələ heç başlamayıblar da. O cümlədən bir müddət sonra abxaz cəmiyyəti üçün çox ağrılı olan bu məsələyə qayıtmaq üçün mənzil, şəhərsalma və inşaat məcəllələri qəbul olunmalıdır.
Bundan başqa, Abxaziya hökuməti ərazi planlaşdırması üzrə işi bitirməli, torpaq kadastrının yaradılması üzrə işi sürətləndirməli, mənzil fondunun tam inventarlaşdırılmasını həyata keçirməlidir.
Şərtlər o dərəcədə ağırdır ki, bu mövzunun fəal müzakirə olunduğu sosial şəbəkələrdə hətta hesabladılar ki, bütün zəruri qanunlar paketinin qəbulu üçün iki parlament çağırışı olacaq və ona yaxın hökumət tərkibi dəyişəcək.
Vətən satılmır
Abxaziyanın milli maraqlarının keşiyini çəkən serber rolunun öhdəsindən uğurla gələn “Aynar partiyası qələbəsini qeyd edə bilər. Onun xaricilərə daşınmaz əmlakın satışına moratorium ilə bağlı ayrıca qanununun qəbul edilməsi ilə bağlı tələbi lazımi sayda deputat səsini toplaya bilməsə də, onların rədd edilmiş qanun layihələrinin bütün məzmunu ayrıca parlament qətnaməsinin əsasını təşkil etdi.
Belə bir qanunverici kulbitinin öz izahı var. Parlament öz qərarı ilə faktiki olaraq prezident Raul Xadjimbanı zərbədən xilas etdi. Moratoriumun ayrıca qanun kimi qəbul edildiyi halda qüvvədə olan qanunvericiliyə əsasən, son sözü o deməli idi. Və prezident çətin vəziyyətə düşə bilərdi.
Sənədi imzalayır və bir saat sonra prezident sarayı qarşısındakı meydanda “Vətəni satdılar! şüarı altında “satqın hakimiyyəti devirmək üçün insanlar toplaşacaq.
Veto qoyur – onda da Moskvadan qəzəbli reaksiya özünü gözlətməyəcək: məsul siyasətçilərin Rusiyaya münasibətdə düşməncə addım atmaq ittihamları, o qədər də məsul olmayanlardan isə abxazların ünvanına nankorluq qınağının müşayiəti ilə. Bunun nəticəsi kimi prezident sarayı qarşısında yenə də acıqlı izdiham (amma bu dəfə Vətənə qarşı böyük sevgidən deyil, soyuducularının boş olmasından acığa gələrək) yığılacaq.
Zəif yer
Xaricilərə daşınmaz əmlakın satışı məsələsinin nə dərəcədə siyasiləşdirilmiş və təhlükəli olduğunu parlament və onun ətrafında müzakirə prosesi göstərdi. Hər şey “Vahid Abxaziya partiyasının lideri və parlament deputatı Sergey Şambadan başladı.
Şamba xaricilərə (ilk növbədə rusiyalılara) mənzil satmağa icazə verilməsi haqda qanunverici təşəbbüsünün müəllifidir. Onun motivasiyası kifayət qədər sadə və aydın idi. “Boz sxemlərin tətbiqi ilə daşınmaz əmlakla bağlı alver onsuz da baş verir və respublika bununla mübarizə apara bilmir. Buna görə də onları qanuniləşdirmək və xəzinəyə ciddi gəlir maddəsi vermək daha yaxşı olar. Bu zaman əlavə gəlir aztəminatlı ailələrin mənzil problemlərini həll etməyə kömək edəcək.
Bu təşəbbüsün diqqətdən kənardan qalmayacağını və cavab reaksiyasının gələcəyini Şambanın özü də yəqin ki, təxmin etmişdi, amma çətin ki, onun miqyasını təsəvvürünə gətirə bilərdi. Yəqin abxaz cəmiyyətində çoxdan müzakirə olunan embarqonun götürülməsi haqqında ideyanın nəhayət ki, çoxluq tərəfindən qaçılmaz bir şey kimi qəbul olunması ilə bağlı əminliyi onu yanıltdı. Prezident Raul Xadjimba da üstüörtülü şəkildə bunun mümkünlüyünü qeyd edib. Müxalifət lideri Aslan Bjaniya da embarqonun götürülməsini açıq şəkildə dəstəkləyir. Şambanın da aid olduğu mərkəzçilər də bir ağızdan bunun vacibliyini deyirlər.
Amma hərəkətə keçmək lazım olanda məlum oldu ki, konsensusa hələ çox var, mümkün barrikadalara isə az.
“Anti-satqın cəbhəsinin başında “Aynar partiyası durdu. Onun parlamentdəki nümayəndəsi olan Almas Capua moratorium ilə bağlı qanun layihəsini Xalq Yığıncağının müzakirəsinə çıxardı, buna paralel olaraq isə sosial şəbəkələrdə informasiya hücumuna başlandı, onun əsas məğzi isə olduqca aydındır: “Ölsək də, Vətəni satmağa imkan verməyəcəyik!.
“Aynarın çağırışları münbit zəmiyə düşdü: abxazların azsaylılığı ilə bağlı olan kompleksləri və cəmiyyətin “şlüzlar açıldığı halda millətin rəqabət qabiliyyətli olmaması ilə bağlı əminliyi, bu zaman bütün daşınmaz əmlakı xaricilər alacaq, rüşvətxor hakimiyyət isə bunun qarşısını ala bilməyəcək.
Məsələnin parlamentdə müzakirəsi zamanı Suxum sahilində Capuanın xidməti avtomobili naməlum adamlar tərəfindən partladılandan sonra isə vəziyyət daha da gərginləşdi.
Deputatın özü zərər çəkmədi, bununla belə “Aynar baş verənləri terror aktı adlandırdı və onu Almas Capuanın daşınmaz əmlakın satışı məsələsində barışmaz mövqeyi ilə izah etdi.
Etiraz edənlər və canı yananlar özlərini çox gözlətmədi və anındaca parlament binasının qarşısında toplaşdılar. Belə bir vəziyyətdə Sergey Şamba gərginliyi azaltmaq üçün qanun layihəsini geri götürdü və “Aynar tərəfdarlarını sevindirən, daşınmaz əmlakın azad bazarı ideyasının tərəfdarlarını isə məyus edən qətnamə qəbul edildi.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 04.05.2016