Dağlıq Qarabağda yeni konstitusiya və yeni adla bağlı referendum keçiriləcək
РИА-Новости
Dağlıq Qarabağda sabah, 20 fevral 2017-ci ildə yeni konstitusiya və yeni adla bağlı referendum keçiriləcək.
Əsas elementlər haqqında məlumat təqdim edirik:
[yes_list]
- idarəçilik formasının dəyişdirilməsi,
- adın dəyişdirilməsi,
- Azərbaycan və Ermənistan tərəfindən qiymət,
- beynəlxalq qurumlar tərəfindən qiymət.
[/yes_list]
Yeni idarəçilik modeli
Referenduma çıxarılan yeni konstitusiya qanunverici hakimiyyətin geniş səlahiyyətləri ilə mərkəzləşdirilmiş prezident idarəçiliyi formasının yaradılmasını nəzərdə tutur.
Hazırda tanınmayan respublikada idarəçilik forması qüvvədə olan, 2006-cı ildə qəbul edilən konstitusiyaya əsasən yarıprezident idarəçilik formasıdır.
Qarabağda prezident hakimiyyətinin gücləndirilməsinin vacibliyi barədə 2016-cı ilin əvvəllərindən danışmağa başladılar, bəzi ekspertlər hesab edir ki, bu Ermənistanda 2015-ci ilin dekabr ayında baş tutan konstitusiya referendumunun birbaşa təsiri altında baş verdi.
2016-cı ilin may ayında Dağlıq Qarabağda yaradılan komissiya Ermənistanın nümunəsində parlament idarəçiliyi formasına keçid üçün yeni konstitusiya layihəsi işləyib hazırlamalı idi.
Amma tezliklə hər şey dəyişdi və komissiya konstitusiya islahatlarının prezident hakimiyyətinin gücləndirilməsi konsepsiyasını işləyib hazırladı.
Qarabağın bir neçə rəsmi şəxsi və cəmiyyətdə bir çoxları o vaxt bildirdilər ki, bu qərar 2016-cı ilin aprel ayında təmas xəttində baş verən və hər iki tərəfdən iki yüzdən çox insan itkisi verən dörd günlük müharibə ilə bağlı oldu. Nəticədə Qarabağda bildirdilər ki, parlament idarəçiliyi üsulu “faktiki olaraq müharibə şəraitində olan Qarabağ üçün yolverilməzdir”.
Qarabağdakı müxalifətçilər isə bildirir ki, konstitusiya islahatları respublikanın indiki prezidenti Bako Saakyana hakimiyyət başında qalmaq imkanı vermək üçün aparılır.
Onun səlahiyyət müddəti 2017-ci ilin iyul ayında bitir. Yeni Konstitusiyaya əsasən, növbəti prezident seçkiləri ancaq 2020-ci ildə keçiriləcək, hələliksə 2017-ci ildə prezidenti parlament seçəcək. Beləliklə də prezident postunu 2007-ci ildən tutan Bako Saakyan nəzəri cəhətdən 2030-cu ilə qədər hakimiyyətdə qalmaq imkanı əldə edir.
Adın dəyişdirilməsi
Taleyinin sabahkı referendumda həll olunacağı yeni konstitusiya layihəsində birinci bənddə Artsax Respublikası yazılıb.
Amma hər iki – həm qüvvədə olan, həm də indiki konstitusiya həm Dağlıq Qarabağ, həm də Artsax adlarının istifadə olunmasını yolverilən sayır.
Tanınmayan Dağlıq Qarabağ parlamentinin spikeri Aşot Qulyan:
“Uzun illər boyu haqqında danışdığımız şeylər həyata keçirilir, bizim tarixi, erməni adımıza qayıtmaq vaxtı çatıb. Bu da yeni konstitusiya layihəsinin birinci bəndində öz əksini tapıb”.
Azərbaycandan şərh:
Azərbaycan XİN-i, rəsmi bəyanat:
“Azərbaycanın müvəqqəti işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan “referendum” Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq pozuntusudur və hər hansı hüquqi nəticə doğura bilməz…
Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”.
Avrointqerasiya Milli İctimai Birliyinin üzvü Toğrul Cuvarlının “Kavkazski uzel”ə şərhi:
“Prosesi ATƏT-in Minsk qrupu formatı çərçivəsində təhlükə altına salan istənilən birtərəfli addımlar qəti şəkildə pislənir. De-yure Dağlıq Qarabağ Azərbaycanın ərazisi hesab olunur ki, bu da BMT və digər beynəlxalq təşkilatların sənədlərində əks olunub. Digər tərəfdən, “referendumun” azərbaycanlı əhali olmadan keçirilməsinin özü onun demokratikliyini sual altına qoyur.
Qarabağ münaqişəsindən əvvəl regionun dörddə birindən çoxunu azərbaycanlılar təşkil edib.
Onların doğma torpaqlardan qovulduğu və istəyini bildirmək prosesində iştirak etmək imkanından məhrum olunduqları şəraitdə istənilən səsvermənin nəticələri legitim sayılmır. Müasir Avropa demokratiyasının əsas prinsipi xalq hakimiyyətində hamıya iştirak etmək imkanının verilməsidir. Bu halda həmin prinsip pozulub”.
Ermənistandan şərhlər
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan özünün Twitter səhifəsində yazıb:
“Konstitusiya referendumu Dağlıq Qarabağın statusunu müəyyən etmir. DQ-nin statusu müstəqillik haqqında referendumla müəyyən edilib”.
“Bu ad dəyişməsində prinsipial bir fərq görmürəm. Artsax respublikanın adı kimi həm qüvvədə olan, həm də yeni kosntitusiya layihəsində istifadə olunur. Hər iki kosntitusiya hər iki adın istifadəsini yolverilən sayır”, – “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan BBC-yə bildirib.
Ermənistanın “Ani” tədqiqatlar fondunun koordinatoru Tatul Akopyanın sözlərinə görə, adın dəyişdirilməsi heç nəyi dəyişmir:
“Necə ki, indiyə qədər hər iki ad istifadə olunurdu, indən sonra da elə istifadə olunacaq.
Ola bilsin, Ermənistan daxilində müzakirələr zamanı Artsax adından istifadə olunacaq. Amma hansı ad verməyimizdən asılı olmayaraq, beynəlxalq qurumlarda Qarabağ elə Qarabağ olaraq da qalacaq”.
Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun şərhi
“Həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan istifadəyə öz əhalisinin ictimai həyatını təşkil etmək cəhdi kimi baxdığını qeyd etsələr də, ölkələrdən heç birinin, o cümlədən Ermənistan və Azərbaycanın Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayırlar.
Buna müvafiq olaraq, onlar 20 fevral referendumunun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna toxunduğunu qəbul etmir”, – vasitəçilərin ATƏT-in rəsmi saytında dərc olunan bəyanatında deyilir.
Rusiyadan şərh
“Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Hesab edirik ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır.
Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”, – RİA-Novosti RF XİN-nin informasiya və mətbuat departamentinə istinadla xəbər verir.
- İlkin məlumatlara görə, səsvermə siyahılarına daxil edilən seçicilərin sayı 102 000 nəfərdən çoxdur. 280-ə yaxın seçki məntəqəsi respublikanın bütün rayonlarında, həm də Dağlıq Qarabağın Ermənistandakı nümayəndəliyində açılacaq.
- Yeni Konstitusiya layihəsində əvvəl olduğu kimi, 12 fəsil olacaq, amma indiki 146 maddə əvəzində 175-i nəzərdə tutulur. Konstitusiya islahatları üzrə komissiya başçısının məlumatına görə, yeni maddələrin əsas hissəsi insan haqlarına aid olacaq.
- Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında silahlı münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağı və müharibə vaxtı alınan ətraf ərazilərini işğal olunmuş sayır və onların qaytarılmasını tələb edir.
- ATƏT-in Minsk qrupu Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışına başçılıq edən ATƏT-ə üzv olan ölkələr qrupudur, 1992-ci ildə yaradılıb. Həmsədrləri Rusiya Federasiyası, Fransa və ABŞ nümayəndələridir. Minsk qrupunun tərkibinə Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, bir də Ermənistan və Azərbaycan daxildir.