Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının formatının dəyişməsi qaçılmazdır
Foto: Gevorg Ghazaryan, JAMnews
ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentində baş verəcək dəyişikliklərlə bağlı senator Bob Korkerə məktub ünvanlayıb. Tillerson xüsusi danışıq aparanların ən azı 30 nəfərini, həmçinin ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrini ixtisara salmağı təklif edib. Onun vəzifələrini Avropa və Avrasiya məsələləri üzrə Büroya həvalə etmək təklif olunur. Qeyd olunur ki, dövlət katibinin müavininin assistenti həmsədrin bütün səlahiyyətlərini öz üzərinə götürəcək, heyət də yerində qalacaq.
Hələlik qərar qəbul edilməyib, amma artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının formatının dəyişməsinin başlaması haqqında danışmaq olar. Əgər ABŞ ayrıca həmsədr vəzifəsini ixtisar etsə, çox güman ki, Rusiya və Fransa da analoji addımı atacaq. Bu da öz növbəsində tez-tez regiona səfər edən, bəyanatlar verən, məsələni nəzarət altında saxlayan həmsədrlərin mobilliyini azaldacaq.
Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının formatının tez bir zamanda dəyişməsi haqqında Ermənistan Konstitusiyası dəyişdirildiyi vaxtdan söhbətlər gedir. 2018-ci ilin aprel ayından Ermənistanın indiki prezidenti Serj Sarkisyan öz vəzifəsini başa vuracaq və həmin gündən də Ermənistan tam şəkildə parlament respublikası olacaq.
Bununla belə, prezident postu əvvəlki əsas lider funksiyasını itirir, baş nazirin səlahiyyətləri artır. Amma baş nazir təhlükəsizlik, daxili və xarici siyasət məsələlərini kurasiya etməyəcək və çox güman ki, danışıqlarda iştirak etməyəcək.
2007-ci ildən etibarən şifahi razılıq əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya, Fransadan olan həmsədrlərinin himayəsi altında Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilir. 2018-ci aprelindən Ermənistanda prezident olmayacaqsa, danışıqlarda kim iştirak edəcək? Hələlik bu suala cavab yoxdur. Və əgər danışıqlarda deyək ki, Ermənistanın daxili siyasətini kurasiya edən baş nazirin müavini iştirak edəcəksə, Azərbaycan prezidenti onunla danışıqlara gedəcəkmi?
Bir sözlə format dəyişir, amma hansı tərəfə, hələlik məlum deyil.
Yeri gəlmişkən, dəyişikliklər Azərbaycanda da gözlənilir. 2018-ci ildə ölkədə prezident seçkiləri olacaq, və belə söhbətlər gəzir ki, İlham Əliyev bu vəzifəyə ilin əvvəlində vitse-prezident təyin etdiyi həyat yoldaşı Mehriban Əliyevanın namizədliyini irəli sürəcək. Bu, Qarabağ danışıqlarının formatına və xarakterinə də öz təsirini göstərəcək – Mehriban xanım həyat yoldaşı ili müqayisədə dəfələrlə daha az hərbi mövqe sərgiləyib.
Dəyişikliklər hələlik danışıqlarda birbaşa iştirak etməyən Qarabağda da gözlənilir. Amma vasitəçilər və erməni tərəfi Qarabağın danışıqlar masasına yenidən əyləşməsinə can atır. Əgər danışıqların onun iştirakı ilə bərpa olunmaq qərara alınarsa, Qarabağı kim təmsil edəcək hələlik məlum deyil.
Məsələ burasındadır ki, sentyabrın 7-də Qarabağda konstitusiya referendumunun nəticələrinə əsasən 3 il müddətinə “keçici” prezident seçilmiş Bako Saakyanın inauqurasiya mərasimi keçiriləcək.
Konstitusiya dəyişikliklərinə əsasən, Qarabağ prezident üsul-idarəsinə keçib. Ölkə baş nazir institutundan imtina edir. Əvəzində yeni vəzifə – dövlət naziri vəzifəsi yaranır. Sabah hökumət istefa verəcək və belə bir fikir var ki, xarici işlər naziri də dəyişəcək. İstisna olunmur ki, Qarabağ danışıqlarda özünün də iştirak etməsində daha israrla təkid edəcək və Ermənistan prezidentinin Qarabağın adından danışıqlarda iştirak etdiyi mandatın müddətini uzatmayacaq.
Formatın dəyişdirilməsi nizamlanma prinsiplərini dəyişəcəkmi?
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında “Madrid” prinsiplərinin işlənib hazırlanmasından 10 il sonra onların “vaxtsız vəfatından” daha çox danışılır.. Bu prinsiplər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha kompromisli variant, yəni “ərazi güzəştləri müqabilində status” təklif edir.
Amma 2016-cı il aprel müharibəsindən sonra erməni tərəfi güzəştlər barədə danışmağı dayandırdı, həmsədrlər isə daha çox “Madrid prinsiplərindən” deyil, atəşkəs rejiminə riayət olunmasına təkid edir. O cümlədən, həm ABŞ, həm Rusiya, həm də Fransadan olan həmsədrlər təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin quraşdırılmasına çağırır, amma Azərbaycan qəti şəkildə bunun mümkünsüzlüyünü bəyan edir.
Ekspertlər Qərbin Qarabağla bağlı siyasi qərar qəbul etdiyini, müstəqilliyini tanınması haqqında daha tez-tez danışırlar.
Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk Tert.am saytına müsahibəsində vurğulayıb ki, Qərb Qarabağın “suverenləşdirilməsi” yolunu tutacaq. “Rusiya isə bu məsələdə heç bir köməklik göstərə bilməyəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu kontekstdə Ermənistanla Azərbaycan arasında müharibə qaçılmaz olur, bu müharibənin nəticələrinə görə məsuliyyət isə “RF-nin üzərinə” atılacaq.
Bu cür planın mövcudluğunu təsdiq və ya təkzib etmək çox çətindir, amma görünən odur ki, artıq bir müddətdir ki, ABŞ Qarabağ problemini ərazi bütövlüyünün saxlanmasını tələb etdiyi münaqişələr siyahısına salmır. Bu siyahıya, bir qayda olaraq, Abxaziya, Cənubi Osetiya, Ukrayna və Dnestryanı problemləri daxil edilir.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır.