Dağlıq Qarabağ: ATƏT olsun, yoxsa olmasın
Bu yaxınlarda Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri təyin edilmiş Riçard Hoqland tert.am saytına müsahibəsində Ermənistan və Azərbaycanı danışıqlara, Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaları yerinə yetirməyə çağırıb.
Xatırladaq ki, Vyana və Sankt-Peterburqda tərəflər Ermənistan və Azərbaycan qüvvələrinin təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini yerləşdirməyə razılıq vermişdi. Amma daha sonra Azərbaycan ilkin razılaşmadan imtina edərək bildirib ki, sənədləri imzalamayıb.
Yanvarın 19-da Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan qeyd edib ki, Bakı həm də insidentlərin araşdırılmasının maliyyələşdirilməsi nəzərdə tutulan ATƏT büdcəsini bloklayıb. ATƏT qərarları konsensusla qəbul etdiyi üçün də mexanizmlər, eyni zamanda da ATƏT-in Yerevandakı ofisinin maliyyələşdirilməsi ilə bağlı məsələ havada qalıb.
Yanvarın 27-də baş tutan ATƏT-in Daimi Şurasının iclası zamanı 56 ölkədən ancaq Azərbaycan Ermənistanı təxribatda suçlayaraq, ATƏT-in Yerevandakı ofisinin mandatının uzadılmasını blokladı. Yerevan ofisinin Bakıda etirazlara səbəb olan Qarabağda minaların təmizlənməsi üzrə proqramı dayandırmasına baxmayaraq, Bakı veto qoydu. Belə bir fikir var ki, məsələ Yerevan ofisində deyil, məhz araşdırma mexanizmlərinin maliyyələşdirilməsindədir, Bakı onları Qarabağda indiki status-kvonu möhkəmləndirmək vasitəsi kimi qəbul edir.
Bu səbəbdən də Ermənistanda ATƏT-ə münasibətdə etimad böhranı barədə danışmağa başlayıblar. Bu məsələ həm də o mənada aktual olub ki, Qarabağ münaqişəsinin nizamlanması planının bəndlərindən biri “beynəlxalq təhlükəsizlik zəmanətlərini” nəzərdə tutur.
ATƏT sərhəddə avadanlığın yerləşdirilməsinə və nümayəndəliyin mandatının genişləndirilməsinə nail ola bilmirsə, münaqişənin həll olunacağı təqdirdə hansı təhlükəsizlik zəmanətləri verə bilər? Bu sual həm Ermənistan, həm də Qarabağda daha tez-tez səslənməyə başlayıb.
ATƏT-in iş qabiliyyətini Rusiyada da şübhə altına qoyurlar. Azərbaycanlı jurnalistin sualını cavablandırarkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da araşdırma mexanizmlərini yerləşdirməyə çağırıb, eyni zamanda bu mexanizmlərin niyə indiyə qədər yerləşdirilməməsi ilə bağlı sualla “müvafiq təşkilata” müraciət etməyi məsləhət görüb. Erməni analitiklərinin dediyinə görə, ATƏT-in iş qabiliyyətilə bağlı “şübhələrini” Rusiya gələcəkdə Qarabağ münaqişəsinin nizamlanmasının ATƏT formatından daha “Rusiya yönlü”, məsələn, KTMT formatına köçürülməsi üçün fon kimi istifadə edə bilər.
Azərbaycan da öz növbəsində çoxdandır ki, Qarabağ üzrə danışıqları ATƏT-in Minsk Qrupu formatından ona daha yaxın olan və ona status-kvonu dəyişmək imkanı verən formata keçirmək niyyətini gizlətmir.
ATƏT-in nüfuzdan salınması da bu yolda tam “yerinə düşən” addımdır.
Ermənistan XİN səviyyəsində bildirib ki, ATƏT-lə əməkdaşlığı davam etdirmək niyyətindədir. Ermənistanda bu təşkilatı təhlükəsizliyin ən optimal təminat formatı olaraq qəbul edirlər, halbuki etiraf edirlər ki, ATƏT çox vaxt süni pariteti saxlayaraq, atəşkəsin pozulmasında günahkar olan tərəfi ittiham etmək və deməli, ona qarşı sanksiya tətbiq etmək iqtidarında deyil.
Heç Qarabağda da deyil, Ermənistan-Azərbaycan sərhədində, Tavuş rayonunun Çinari kəndi yaxınlığında son qanlı insident 29 dekabr 2016-cı il tarixində baş verib. Üç erməni hərbçisi öldürülüb, azərbaycanlı təxribatçının cəsədi bu günə qədər də Ermənistan tərəfindədir. ATƏT yenə də günahkarların adını bildirmədi və ancaq araşdırma mexanizmlərini yerləşdirməyə çağırdı ki, gələcəkdə pozucuları aşkar etmək mümkün olsun. Azərbaycan isə yenidən rədd cavabı verdi.
ATƏT və digər təşkilatlar tərəfindən qiymətlərin verilməməsi Azərbaycanın gərginliyi artırmasına xidmət edir. Yeni ildə demək olar ki, hər gün hərbi xəbərlər erməni hərbçilərinin ölməsi və yaralanması barədə məlumat verir. Bu kiçik, amma gündəlik ziyanın vurulması taktikasına bənzəyir.
Amma buna paralel olaraq ATƏT-in susqunluğundan istifadə edən Azərbaycan başqa ideyanı da irəli sürür. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 16-da baş tutan mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin birbaşa Azərbaycan tərəfinin öz “daxili işlərinin” həlli üçün Qarabağda “antiterror əməliyyatlarına” başlayacağı təqdirdə Rusiya necə hərəkət edəcək?” sualına Lavrov da açıq cavab verdi ki, Qarabağ Azərbaycanın daxili işi deyil və “işğal olunmuş ərazilərin qaytarılması” ancaq dinc yolla və Qarabağın yekun statusu ilə razılaşması halında baş verə bilər.
Ermənistanda qeyd etdilər ki, azərbaycanlı jurnalist “antiterror əməliyyatı” haqqında sualı açıq-aşkar Lavrovu provokasiya etmək məqsədilə verib. Yeri gəlmişkən, sonradan məlum olub ki, Lavrova “provokativ sual” verən azərbaycanlı jurnalist dərhal işdən çıxarılıb. Amma görünür, Azərbaycanda artıq açıq müzakirədə hansısa “cəza əməliyyatının” keçirilməsi ideyasını irəli sürürlər.
2016-cı ilin aprel ayında Azərbaycan bu cür “antiterror əməliyyatı” cəhdini edib, nəticədə də bu ölkənin prezidenti Əliyev kömək üçün Moskvaya müraciət etməli və “ermənilərin bir az da qabağa getməyəcəyi” halda atəşi dayandırmağa razılıq verməli olub. Moskva atəşi dayandırmağa kömək etdi, amma hərbi əməliyyatlar təhlükəsi hələ də qalır.
Bakı ATƏT-i Qarabağ münaqişəsinin tənzimlənməsini indiki durğun məcradan çıxara bilən müəyyən addımlar atmağa məcbur edə biləcəkmi? Bu yaxınlarda Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarovun görüşü baş tutub. Azərbaycan XİN-in məlumatında deyilir ki, Bakı status-kvonun dəyişdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycan eyni zamanda ATƏT-i status-kvonun saxlanmasında günahlandırır.
ATƏT-in hansı tədbirləri görməsindən asılı olmayaraq, Bakı onları növbəti addımın atılması və status-kvonun dəyişdirilməsi üçün istifadə edə bilər. O cümlədən, ATƏT Azərbaycanın vetosunu iqnor edərsə, Bakının təşkilatı tərk etməyə və deməli, danışıqları Minsk formatından çıxarmağa “mənəvi haqqı” olacaq. Yox, əgər ATƏT Azərbaycanla razılaşıb, Yerevandakı ofisi bağlasa və araşdırma mexanizmlərindən imtina etsə, Azərbaycan daha geniş miqyaslı “antiterror əməliyyatına” sanksiya aldığını düşünəcək.
Hələlik ATƏT susqunluğunu, bununla birlikdə Azərbaycanın böyük səylə dəyişməyə çalışdığı status-kvonu saxlayır.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.