Dadlıdır, amma sərfəli deyil
Məhsulsuz il
Armavir rayonunda ərik bağları 3534 hektar ərazini tutur. Kəndlilər il boyu allaha dua edirlər ki, hava məhsullarını xarab etməsin, onlar da nəsə qazana bilsinlər.
Bununla belə, bu il bir çox təsərrüfat üçün məhsulsuz oldu. Yazın əvvəlində şaxtalı havadan rayonun iyirmidən çox icmasının ərik ağacları zərər çəkdi.
Bəzi icmalarda isə ərik ağacları zərər çəkmədi. Düşünmək olardı ki, bəxti gətirən fermerlər bütün məhsullarını satmaqdan əlavə, satış qiymətini də diktə edə biləcəklər.
Amma hər şey əksinə alındı
Norik Arutunyanın ərik bağı bir hektarlıq ərazini tutur. Bu il o, 5 ton məhsul toplamağa ümid edir, amma hələlik bir kilo belə sata bilməyib.
Bununla belə, Norik məhsulu toplamağa davam edir. Muzdlu işçilərin köməyilə o hələlik soyuducuda saxlanılacaq meyvələri çeşidləyir.
İki tona yaxın ərik yığıb, indi də alıcı axtaran, Sandarapatadan olan Karmen Karapetyan da eyni vəziyyətdədir.
Məhsul yığımı, satış
Məhsul yığımının başlandığı ikinci gün Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyan bildirib ki, bu il artıq 5600 ton ərik ixrac olunub ki, bu da həmin dövrün ötən ilki göstəricisindən iki dəfə çoxdur. Bu il emal zavodları meyvələri həmişəkindən bir həftə tez qəbul etməyə başladı.
Kənd təsərrüfatı naziri satışla bağlı problemlərin olmayacağına söz verdi. Məhsul yığımının ilk günlərində bir kilo ərik 500-700 dram (təxminən 1-1,5 dollar) idi.
Armavir rayonunda əriyin kütləvi yığımı artıq başlayıb. Bu o deməkdir ki, fermerlərin əriyi satmaq üçün cəmi bir həftəsi var – dəymiş meyvəni hətta daxili bazarda da satmaq mümkün olmayacaq.
Əriyin qiymətinin iki dəfə düşməsinə baxmayaraq, bağ sahibləri artıq bir həftədir ki, alıcı tapa bilmirlər.
Hətta fermerlərin ixracatçılarla ilkin razılaşmaları ləğv edilib, kəndlilər də öz yetişmiş ərikləri ilə təkbaşına qalıblar. Buna səbəb Larsdakı nəzarət-buraxılış məntəqəsinin sürüşməyə görə bağlanmasıdır. Əriyin yük maşınları ilə Yuxarı Larsdan daşınması isə ixracatçılar üçün ən optimal variantdır.
Maraqlıdır ki, ötən il də məhz bu vaxt Larsdan keçən yol iki həftə ərzində bağlı olub. Nəticədə ərik yığımı bir neçə günlük dayandırılmış, fermerlər də məhsulun böyük hissəsini itirmişdilər, qalan hissəni isə emal şirkətlərinə kilosunu 40-50 drama (təxminən 8-10 sent) satmağa məcbur olmuşdular.
Niyə fermerlər əriyi daha emal şirkətlərinə satmırlar?
Norik Arutunyan ötən il üç gün ərzində təbii şirə istehsal edən “Noyan zavodunun qarşısında növbədə durub, əriyi 50 drama satdı. Muzdlu fəhlələrə də daşınma haqqını ödəyəndən sonra “gəliri hesablamağa başlayanda, nəinki qazanmadığını, hətta itirdiyini anladı, zərərin həcmi 18 min dram (təxminən 40 dollar) təşkil etdi.
Elə həmin zavodun qarşısında isti havada öz növbəsini gözləyən Karmen Karapetyanın ərikləri isə xarab oldu və hətta emal üçün yararsız hala düşdü. O, deyir ki, bu il artıq eyni vəziyyətə düşmək istəmir.
Ötən illərdə məhsul yığımı dövründə təxminən 3 min ton ərik alan “Noyan şirə zavodu bu il hələlik işləmir.
Zavodun tam gücü ilə işləməsi üçün lazımi miqdarda ərik yoxdur. Zavod saatda 15 ton əriyə qədər emal edən texnika ilə təchiz olunub.
Bu il müəssisələr 1 kilo əriyə görə 60 dram pul ödəyirlər ki, bu da ötən ilki qiymətdən 10 dram çoxdur. Amma onlara ərik satmaq istəyənlərin sayı azdır: fermerlərin bir hissəsi məhsulsuz qaldı, digərləri isə Karmen kimi artıq zavodlarla işləmək istəmir.
Hesablamalar
Norik Arutunyanın sözlərinə görə, 1 hektarlıq ərik bağından ən yaxşı halda 10 ton məhsul toplamaq olar ki, bundan da ən yaxşı halda 1-2 milyon dram (təxminən 2-4 min dollar) həcmində gəlir əldə etmək olar.
Həmin hektarlıq bağın xərcləri aşağıdakı kimidir: il ərzində ərik ağaclarını azı 4 dəfə müalicə etmək lazımdır. 1 hektarın hər dəfə becərilməsi 70-80 min drama (təxminən 150-170 dollara) başa gəlir. Bundan başqa, 1 hektara 300 kilo gübrə lazımdır ki, onun da qiyməti 42 min dramdır (təxminən 90 dollar). Suvarma 110 min drama başa gəlir (təxminən 230 dollar), bir həftə sürən məhsul yığımının hər iş gününə görə 6000 dram (12 dollar) alan 15 fəhlə büdcədən 620 min dram (təxminən 1300 dollar) aparır.
Norikin hesablamalarına görə, buna yeşik və daşınma üçün daha 300 min dram (630 dollara yaxın) əlavə etsək belə alınır ki, 1 hektardan alınan əriyin xərcləri 1,5 milyon drama (3 min dollara) yaxın, 1 kilo əriyin maya dəyəri isə 150 dram (təxminən 30 sent) təşkil edir.
Norik deyir ki, hesablamalarında ailəsinin dörd üzvünün əməyini və kənd təsərrüfatı kreditinin faizlərini nəzərə almır. Norikin məntiqi ilə, yığıma pul xərcləyib, malı emal edən zavodlara 60 dram (12 sent) qiymətinə verməkdənsə məhsul toplamamaq daha yaxşıdır.
Bu gün Armavir rayonunun fermerlərini daha çox Larsdan keçən yolun açılması narahat edir, çünki məhsulu saxlamaq üçün icarəyə götürülən soyuducularda bir ton mala görə gündə 10 min dram (20 dollar) ödəməli olurlar.
Norik və Karmen bu gün-sabah ixracatçı tapmaq ümidilə hələlik məhsulu soyuducularda saxlayacaqlar. İndi artıq ixracatçılar 1 kilo əriyə görə 200-250 dram təklif edirlər, yəni maya dəyərindən bir az artıq. O qədər də böyük olmayan yerli bazarda isə 1 kilo əriyin qiyməti 100-150 dramdır.
Əriklərin və fermerlərin gələcəyi dumanlıdır
Emal şirkətlərinin təxəyyülü istənilən nağılçını heyrətləndirə bilər. Onlar ərik qəbulunun 3 qiymətini müəyyən ediblər: təhvil vermə günündə kilosuna 60 dram nəğd ödənilir, bir aydan sonra ödəmə şərtilə 70 dram, ilin sonunda ödəmə zamanı 80 dram verilir.
Armavir administrasiyasının kənd təsərrüfatı idarəsinin rəisi Artur Ayvazyan bildirib ki, 2015-ci ildə 56 min ton ərik yığılıb, onun da 12 tonu ixrac olunub. Bu il Armavir rayonunda ötən ilki məhsulun cəmi beşdə bir hissəsini yığmağa ümid edirlər. Və allah bilir, bu beşdə bir hissənin sonu necə olacaq.
Ərik haqda bir qədər məlumat
Eramızdan əvvəl birinci əsrdə Roma sərkərdəsi Lukull erməni çarı Böyük Tiqranla müharibədən sonra evə qayıdarkən, özüylə Romaya ərik şitili aparır, onları da orada əkirlər. Əriyə orada “erməni gavalısı adı verirlər.
Erməni dilində əriyin adlarından biri “tufah əl armani, yəni “erməni alması kimi səslənir.
Məhz ərik ağacından Ermənistanda duduk düzəldirlər.
Ermənistanda əriyi əsasən Ararat vadisində, o cümlədən Armavir və Ararat rayonlarında yetişdirirlər.
Dərc edilib: 30.06.2016