Dəvəquşuların köməyə ehtiyacı var
Tiqranın dəvəquşuları sahiblərini görəndə özlərini necə aparmalı olduqlarını bilirlər: əvvəllər onlar sahiblərini rəqslə qarşılayardılar, indi isə sankı narahatlıqlarını bölüşərək, sakitcə ona yaxınlaşırlar.
Biznes necə başladı
Dandaloş [tərcümədə Maymaq], Qonç [Yekəbaş], Kuyr [Kor] və Petravor [Lələkli] Ermənistana İrandan gəliblər. Onlardan ən böyüyü və qaraqabağı olan Qonç aqressiv və yovuşmazdır.
Bu dəvəquşularını Craratlı Tiqran Xaçatryan Ermənistana 7 il bundan əvvəl gətirib. Əvvəlcə o, dəvəquşuların yetişdirilməsi nəzəriyyəsini öyrənib və bu işin gəlirli olduğunu bilib.
Yekun qərar verməzdən əvvəl isə ixtisasca həkim olan Tiqran dəvəquşuların yetişdirilməsinin bütün incəliklərini və beynəlxalq təcrübəni öyrənib, xaricdə bir neçə təkmilləşdirmə kursu keçib, bundan sonra da dəvəquşuları Ermənistana gətirərək, inkubator tikib.
24 dəvəquşundan 19-u sağ-salamat gəlib çıxa bildilər. Beş quş yola davam gətirə bilmədi. Tiqranın sözlərinə görə, bu heç də pis göstərici deyil.
O deyir ki, dəvəquşulara qulluq etmək asandır, böyük xərclər tələb etmir, xəstəliyə qarşı davamlıdır.
Çəkisi 120-160 kilo olan heyvanlara gündəlik 2-3 kilo yem və 4-5 dəqiqə çəkən qulluq lazımdır. Qışı dəvəquşular küçədə keçirir, xüsusi işıqlandırma tələb olunmur, isitmə sisteminə də ehtiyac yoxdur. Onlar buğda, qarğıdalı və doğranmış ot yeyirlər.
İlkin uğurlar
Tiqranın dəqiq biznes planı varıydı, bu plana uyğun olaraq, o bir tərəfdən öz işini genişləndirir, digər tərəfdən də stabil gəlir təmin edirdi. Bina tikmək, avadanlıq almaq, yem bazası yaratmaq lazımıydı. Bütün bunlar üçün isə sərmayə tələb olunurdu.
Tiqran proqramını banklara təqdim etdi, amma onlar dəvəquşuların yetişdirilməsi məsələsinə şübhə ilə yanaşdılar. Bircə çıxış yolu qalırdı – daşınmaz əmlakını və qiymətli əşyalarını girov qoymaq.
Dəvəquşular erməni iqliminə uyğunlaşdılar, proqnozlaşdırılmış artımı təmin etdilər və 3-4 il sonra həddi-buluğa çatdılar, bu isə o demək idi ki, xərclər mərhələsi bitib, gəlir almaq dövrü başlayır.
Tiqran inkubatordan aldığı, Ermənistanda böyük tələbat olan dəvəquşu cücələrini satmağa hazırlaşırdı. İşləri də ildən ilə daha yaxşı gedirdi: 2013-cü ildə o 70, 2014-də 220, 2015-də isə 330 cücə aldı.
Dəvəquşuları lazımi miqdarda keyfiyyətli yem alsaydı, biznes daha da inkişaf edərdi, çünki yem onların çoxalması üçün çox vacibdir. Yaxşı yeməyən dəvəquşuların yumurtaları cücə vermir. Məhz bu səbəbdən də 2016-cı ildə Tiqranın təsərrüfatında 6 ay ərzində 200 yumurtadan cəmi 10 cücə çıxdı.
Dəvəquşular niyə doyunca yemir
Tiqran özünün biznes planında riskləri və onların qarşısının alınması yollarını da nəzərə almışdı. Amma hardan biləydi ki, hansısa oliqarx Kapan şəhərinə İrandan 3000 dəvəquşu cücəsi gətirəcək və biznesinin inkişaf etdirilməsi üçün müvafiq mütəxəsissləri olmayan bu adam üç ilə nəinki öz təsərrüfatını məhv edəcək, həm də ümumilikdə sahəyə ziyan vuracaq.
Bu illər Tiqranın təsərrüfatına da öz mənfi təsirini göstərdi. Tiqranın sözlərinə görə, gətirilən cücələr “keyfiyyətsiz idi və böyük itkilərdən qaçmaq istəyən sahibkar ət və yumurtanı aşağı qiymətə satmağa başladı.
Tiqranın məlumatına görə, bazara birdən 600 ton dəvəquşu əti çıxarıldı ki, bu da tələbatdan bir neçə dəfə çox idi. Bir kilo ətin qiyməti azı 3 dəfə ucuzlaşdı.
Son iki il ərzində alıcılıq qabiliyyətinin düşməsi sadalanan amillərlə birlikdə Tiqranın biznesini pis vəziyyətdə qoydu.
Bir tərəfdən yüksək kredit faizlərini ödəmək, digər tərəfdən də heç olmasa 36 cüt sağlam dişi və erkək saxlamaq lazımıydı. Alınan cüzi gəlir banklarda müddəti keçmiş peniləri bir təhər ödəyir. Nəticədə tək yaşlı dəvəquşular deyil, cücələr də yemək çatışmamazlığından ölürlər. Tiqranın biznesi böyük itkilər verir.
Problemlər
Doyunca yeməyən dəvəquşuların cücələri müstəqil şəkildə sağ qala bilmirlər, Tiqran da həyatının ilk günlərini onları bunun üçün xüsusi olaraq nəzərdə tutulan kameralarda saxlamalı olur. Bununla da onları heç də həmişə xilas etmək mümkün olmur. İki inkubator bu il demək olar ki, boş qalıb.
Bütün dəvəquşularının heç də hamısından cücələr çıxmır. Tiqran bu yaxınlarda inkubatordan üç yeşik yararsız yumurta çıxarmalı oldu. Bütövlükdə təsərrüfatını xilas etmək üçün o, dəvəquşu yemini kritik həddə qədər azaltmalı oldu. Bəzən taqətdən düşmüş quşlar ayağa belə dura bilmirlər. Tiqrana illərlə yaratdığı təsərrüfatın tənəzzülünü müşahidə etmək ağırdır.
Onun sözlərinə görə, dəvəquşular həqiqətən də böyük gəlir gətirə biləcək nadir heyvanlardan biridir, çünki ancaq onların əti və yumurtası deyil, həm də lələkləri, dərisi və dırnaqlarından da istifadə etmək olar. Yeganə problem ondadır ki, Ermənistanda dəvəquşu “xammalının emalı və istifadəsi kimi bir adət yoxdur.
Tiqran bildirir ki, dəvəquşu dərisi tısbağa və ilan dərisindən heç də pis deyil, amma Ermənistanda ondan istifadə olunmur, həm ətin, həm də dərinin ixracı üçün icazə almaq lazımdır ki, o da bunu ala bilmir. Bütün xammalı Rusiyaya apara biləcəyini deyir, amma RF işlənməmiş ətin idxalına qadağa qoyub.
Dəvəquşuları necə xilas etmək olar
Tiqranın hesablamalarına görə, kredit verən banklar kreditin verilməsini bir il ertələsələr, o gəlirdən keyfiyyətli yemin alınması üçün istifadə edərdi. Normal qida alan dəvəquşuların isə çoxalma ilə bağlı problemi olmayacaq.
Onun sözlərinə görə, bazarda cücələrə tələbat artıb və illik gəlirin köməyiylə biznesi reanimasi etmək və kreditləri ödəmək mümkün olacaq.
Bir aylıq cücənin qiyməti 35-40 min dram (təxminən 70-85 dollardı), bir yumurtanın qiyməti 5 min dramdır (10 dollardan bir az çox), bir yaşlı normal qidalanan straus isə 50-60 kiloya qədər ət verə bilər. Bu gün Tiqranın bir yaşlı dəvəquşularının çəkisi 20 kilodan çox deyil.
Dərc edilib: 13.07.2016