Cənubi Qafqaz Rusiya üçün geosiyasi məzmunda. Bakıdan təhlil
Rusiyanın Cənubi Qafqazdakı maraqları
Hazırda resursların məhdudluğu Rusiyaya Cənubi Qafqazda dominant rol oynamağa imkan vermir. Moskva regiondakı yeni reallıqlarda öz maraqlarını müəyyən etmək prosesindədir. Bu haqda Bakıda yerləşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analitik hesabatında deyilir. Azərbaycanlı ekspertlər hesab edirlər ki, ikinci Qarabağ müharibəsindən sonra Türkiyə bu regionda lider dövlət olmaq üçün böyük perspektivlərə sahibdir.
- “İctimai rəyi Azərbaycanın AAİİ-ə daxil olmasına hazırlayırlar” – ekspert rəyləri
- Brüsseldə dördüncü Əliyev-Paşinyan-Mişel görüşü. Aİ nə təklif edir?
- ABŞ və Fransa səfirləri Şuşa səfərindən niyə imtina ediblər? Şərhlər
Bakıda yerləşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi regiondakı vəziyyət və Rusiyanın təsiri haqda analitik hesabat yayıb. JAMnews bu hesabatı kiçik ixtisarlarla dərc edir.
Rusiya və Cənubi Qafqaz
“Cənubi Qafqaz imperiya irsinə malik Rusiya, Türkiyə və İranla qonşudur. Hazırda Rusiya Cənubi Qafqazda Türkiyə və İranla yanaşı ABŞ və Aİ ilə də rəqabət aparır.
SSRİ dağıldıqdan sonra Rusiyada Cənubi Qafqaz postsovet məkanının bir hissəsi kimi qəbul olunur. Təsadüfi deyildir ki, postsovet ölkələri ilə münasibətləri XİN ilə yanaşı RF Prezident Administrasiyası da tənzimləyir.
1990-cı illərdə Rusiya Cənubi Qafqazı arxa plana qoyaraq, Qərblə münasibətlərə üstünlük verdi. Regional münaqişələr dondurulmuş vəziyyətdə qaldı və vasitəçiliyə baxmayaraq, tənzimlənmə prosesində irəliləyiş olmadı.
Vladimir Putinin hakimiyyətə gəlməsi ilə postsovet məkanı ön plana çıxdı. Putin 2005-ci il çıxışında SSRİ-nin parçalanmasını “əsrin geosiyasi faciəsi” adlandırdı. Növbəti illərdə postsovet məkanı ilə münasibətlər Çin, Hindistan, BRİCS, RİC, ŞƏT, Aİ, ABŞ və s. kimi aktorlarla münasibətlərdən yüksəkdə durur.
Regionun əhəmiyyətinə, Moskvanın isə səylərinə rəğmən, CQ ölkələri ilə münasibətlər eyni şəkildə inkişaf etmir”.
Rusiyanın nəzərindən Cənubi Qafqaz ölkələrinin təsnifatı
Maksimalist gözləntilər – Ermənistan. Burada Aİİ və KTMT-yə üzvlük səciyəvi xüsusiyyətlərdir.
Gümridə Rusiyanın 102-ci hərbi hissəsi, Erebunidə isə HHQ dislokasiya olunub. Rusiya Ermənistanın Türkiyə və İran ilə sərhədlərini və ölkənin hava məkanını qoruyur.
2007-ci ildə İran-Ermənistan qaz kəməri istismara verilənə qədər Ermənistanın 100% qaz təminatçısı Rusiya idi. “ArmQosqazprom” şirkətinin 80% səhmləri Qazproma, Metsamor AES-i “İnter RAO ASC”-yə, “Ermənistan Elektrik Şəbəkəsi” isə erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana məxsusdur. Ermənistan dəmir yolları Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları QSC”-yə 2038 ilə qədər konsessiyaya verilib. Ermənistandakı 3 mobil operatordan ikisi Rusiya şirkətlərinə, nüfuzlu “AreksimBank” isə “Qazprombank”a məxsusdur. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı və dövlət borcunun əsas sahiblərindən biridir.
Minimalist gözləntilər – Azərbaycan. Bu ölkə Aİİ və KTMT-yə üzv olmasa da, NATO və Aİ-yə üzvlük kimi məqsədləri də yoxdur. İndividual müttəfiqlik formatı.
Bakı Rusiya ilə praqmatik siyasət aparır. Azərbaycanın proqnozlaşdırılan siyasəti Putinin dövründə RF tərəfindən adekvat qarşılandı. Rusiyanın Yeltsin dövründəki qatı ermənipərəst mövqeyi praqmatik siyasətlə əvəzləndi. Azərbaycanın xarici siyasətdə atdığı addımlar Rusiyanın mövqeyi ilə uzlaşmasa da, bu addımlar Rusiyanın təhlükəsizliyi üçün təhdid xarakteri daşımır.
Təhdid məkanı – Gürcüstan. Bu ölkə NATO və Aİ üzvü olmaq niyyətini bəyan edən ölkədir.
Üç postsovet ölkəsi – Gürcüstan, Ukrayna və Moldova NATO infrastrukturunun yerləşdirilməsi və bu ölkələrin ərazisinin Rusiyaya qarşı istifadəsi və orada hərbi infrastrukturun yerləşdirilməsi təhdid kimi qiymətləndirilir.
Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlməsi NATO və Aİ ilə münasibətləri aktuallaşdırdı. 2007-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiyadan başqa digər ərazilərindən Rusiya hərbi bazaları çıxarıldı. 2008-ci ildə “Beş günlük müharibə” separatçı ərazilərin müstəqilliyinin Rusiya tərəfindən tanınması ilə nəticələndi.
İvanaşvilinin qələbəsi əlaqələri qismən bərpa etsə də, Qərb vektorundan imtinaya gətirmədi. Tbilisi Aİ ilə assosiasiya sazişi imzaladı, NATO-dan 2014-cü ildə “gücləndirilmiş əməkdaşlıq” paketi əldə etdi”.
Yumşaq gücün zəif effekti
“Rusiyanın yumşaq gücünün (iqtisadi və humanitar) effektivliyinin zəif olması Rusiyaya Cənubi Qafqaz ölkələri ilə əlaqələr qurmasına mane olur. Buna görə də Rusiya Cənubi Qafqaz ölkələrinin daxili siyasətlərinə müdaxiləyə cəhdlər edərək onların xarici siyasətlərini öz maraqlarına uyğun şəkildə korrektə etməyə çalışır.
Belə müdaxilələrin uğursuzluqla nəticələnməsi Rusiyanı daha praqmatik olmağa məcbur edir. İkinci Qarabağ müharibəsindən sonra Rusiya Cənubi Qafqazda Qərbin iştirakı olmadan regional ölkələr hesabına yeni balans formalaşdırmaqda maraqlıdır”.
Cənubi Qafqazın geosiyasi vəziyyətində müsbətlər və mənfilər
“Coğrafi cəhətdən Rusiya Cənubi Qafqazda Türkiyə və İranla təmasdadır. Suriya böhranında əsas oyunçular hesab olunan bu ölkələrin rəqabəti və ya əməkdaşlığı Cənubi Qafqazda təsir edir.
Cənubi Qafqaz Rusiyanın geosiyasi rəqibi olan ABŞ və Aİ-nin enerji təhlükəsizliyi və Mərkəzi Asiyaya çıxışı baxımından böyük əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə birlikdə Cənubi Qafqaz Rusiyaya təsir etmək üçün əlverişli nöqtələr hesab edilir. Bu səbəbdən Rusiya üçün Cənubi Qafqazda münasib qüvvələr balansının mövcudluğu həyati əhəmiyyət kəsb edir.
Nəhayət, Rusiyanın özü də Qafqaz dövləti hesab olunur. Belə ki, Şimali Qafqazda Rusiyanın 7 muxtar respublikası və federal dairələrə daxil iki ərazisi yerləşir”.
Cənubi Qafqazda qüvvələr balansı
“SSRİ-nin parçalanmasından sonra 30 il ərzində Cənubi Qafqazda qüvvələr balansı Rusiya üçün məqbul idi. Bu dövrdə regionun 3 dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan qonşu olduğu 3 böyük dövlətlə – Rusiya, Türkiyə, İran fərqli səviyyəli münasibətlər qurdu.
Riyazi olaraq regionda formalaşan qüvvələr balansını belə ifadə etmək olar:
• Rusiya +2, -1. Ermənistanla müttəfiq (+), Azərbaycanla strateji tərəfdaşlıq (+), Gürcüstanla sıfır münasibətlər (-)
• Türkiyə +2, -1. Azərbaycanla müttəfiq (+), Gürcüstanla strateji tərəfdaşlıq (+), Ermənistanla sıfır münasibətlər (-).
• İran +3. Cənubi Qqafqazın hər üç ölkəsi ilə diplomatik münasibətlər mövcuddur, lakin, müttəfiq və ya strateji tərəfdaşlıq əlaqələri qurulmayıb.
Rusiya və Türkiyənin hesabında 1 müttəfiq, 1 strateji tərəfdaş və 1 problemli ölkə var. Əsas fərq bundadır ki, Türkiyənin problemli münasibətlərə malik olduğu ölkə (Ermənistan) Rusiyanın müttəfiqi, Rusiyanın problemli münasibətlərə malik olduğu ölkə isə (Gürcüstan) Türkiyənin strateji tərəfdaşıdır.
Belə vəziyyət Cənubi Qafqazı Rusiya və Türkiyə arasında yeni qarşıdurma məkanına çevirə bilərdi. Lakin, Azərbaycanın Türkiyə ilə müttəfiq, Rusiya ilə isə strateji tərəfdaş olması region üçün zəruri olan stabilliyi formalaşdırır.
İkinci Qarabağ müharibəsindən sonra nə dəyişib?
“İkinci Qarabağ müharibəsi qüvvələr balansını müəyyən qədər dəyişdi:
– Türkiyənin müttəfiqi (Azərbaycan) Rusiyanın müttəfiqini (Ermənistanı) məğlub edib, öz ərazi bütövlüyünü bərpa etdi;
– Ermənistan və Gürcüstanda hərbi mövcudluğa malik Rusiya, 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycanda sülhməramlı kontingent yerləşdirdi;
– Regionun qonşuları və Cənubi Qafqaz ölkələrinin iştirakı ilə 3+3 formatı yaradılmaqdadır. ABŞ və Aİ-nin iştirakı olmayan bu format Rusiyanın marağındadır;
– Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşdırılma perspektivləri yarandı.
Perspektivin reallığa çevrilməsi qüvvələr balansının yuxarıdakı riyazi nisbətini dəyişdirə bilər. Yeni şərait Rusiyanın region ölkələri ilə münasibətlərini dəyişməz saxladığı halda, Türkiyənin +3 perspektivi onu regional liderə çevrilməsini tezləşdirəcək. Gürcüstanın 3+3 formatına qatılmaması isə Rusiya üçün +3 vəziyyətinin perspektivini sıfıra endirir”.
Postmünaqişə dövrünün qəribəlikləri
“Postmüharibə dövründə Rusiyanın maraqlarına zidd addımı onun müttəfiqi Ermənistan atdı. Paşinyan Aİ-ni vasitəçi kimi dəvət etdikdən sonra Rusiyanın bir il ərzində inhisarda saxladığı vasitəçilik rolu zəifləməyə başladı.
Ermənistan Rusiyanın vasitəçiliyi ilə qəbul edilən qərarları ləngidib, Aİ-nin vasitəçiliyinə üstünlük verir.
2022-ci ilin fevralından isə Rusiya diqqətini və resurslarını Ukraynaya yönəltdi.
Bu şəraitdə Ermənistan Zəngəzur dəhlizində Rusiyaya xüsusi hüquqlar vermək istəmədiyindən kommunikasiyaların açılması Ermənistan-Rusiya münasibətlərində problemə çevrilib. Rusiya regional proseslərdə əvvəlki qədər iştirak edə bilməsə də, üçtərəfli bəyanatın icra edilməsinin və regional kommunikasiyaların açılmasının tərəfdarıdır.
Beləliklə, hazırda resursların məhdudluğu Rusiyaya regionda əsas rol oynamağa imkan vermir. Moskva Cənubi Qafqazda yeni reallıqda öz maraqlarını müəyyənetmə prosesindədir. Onun susqunluğunun da əsas səbəbi budur.
Postmüharibə dövrünün bir paradoksu da ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiya üçün ən proqnozlaşdırıla bilən ölkə Azərbaycandır. Geostrateji perspektivlər və iqtisadi məqsədəuyğunluq Rusiyanı region ölkələrinin və ilk növbədə – Azərbaycanın mövqeyini nəzərə almağa sövq edir”.