Çöpçünün qəbulunda əslində nələr baş verir?
Uşağın qızdırması var, öskürür, qusur, burnunu qurdalayır – bütün bu simptomlar Azərbaycanda qədim zamanlarda uşağı çöpçüyə aparmaq üçün kifayət idi. Həmin xalq təbibləri bu gün də fəaliyyət göstərir. Çöpçü uşağın ağzından “çöpü”, yəni badamcıqların arxasında qalan yeməyin qalıqlarını (ya da uşağın təsadüfən udduğu hansısa “zibili”) çıxarmaq üçün var gücüylə onun burnuna üfürür.
Bu gün çöpçünün “effektivliyi” barədə iki fikir mövcuddur, heç biri də tam sübut olunmayıb. Bəziləri hesab edir ki, bu, elmin hələ öyrənə bilmədiyi, ənənəvi tibdən yaxşı işləyən xalq təbabəti fenomenidir. Digərləri isə bunu sırf fırıldaqçılıq kimi qəbul edir.
Qanunvericiliyə gəlincə, çöpçülük fəaliyyəti qadağan edilmir, yəni rəsmi şəkildə dələduzluq hesab edilən falçılıqdan fərqli olaraq, bu fəaliyyətlə məşğul olmaqla bağlı hər hansı cəza yoxdur.
Bölgələrdə çöpçülük şəhərdən daha populyardı. Bakı kəndləri xüsusilə çöpçüləri ilə məşhurdur. Onları tapmaq da çətin deyil, hər məhəllədə sizi çöpçüyə çıxaracaq yolu bilən bir mağaza satıcısı, ya da taksi sürücüsü var.
Bu şəfavericilərdən biri də Şüvəlan kəndində yaşayır. 51 yaşlı Leyla İbadova 30 ildir ki, çöpçülüklə məşğul olur. Çöpçülük onun əslən İrandan olan ulu nənəsindən başlayan, 5 nəsildir davam edən ailə peşəsidir. Leyla İbadovanın oğlu da çöpçüdür, nəvəsinin də gələcəkdə bu işi davam etdirəcəyinə inanır.
Leyla İbadova çöpçülüyün vergi olduğuna və sonradan öyrənilməsinin mümkün olmadığına əmindir. O, daha çox uşaqlara kömək etsə də, son 2-3 ildə böyüklər arasında da çöpçüyə müraciət edənlərin sayının artdığını deyir. Onun sözlərinə görə, həkimlərin əməliyyata hazırladıqları xəstələr belə onun əlində şəfa tapır, hətta türk, rus müştəriləri də var.
Leyla İbadova özünün sahibkarlıq vəsiqəsi və vergi ödəyicisi olmasından qürurludur. Həm də yerli media qurumundan aldığı diplomla. Həmin qurum da Leylanın dediyinə görə, onun işini həkimlərin köməyilə yoxlayıb.
Həkim Qaib Əliyevin sözlərinə görə, tibbi nöqteyi-nəzərdən uşaqların udlaq zonasındakı armudvari ciblərində yad cisimin qalma ehtimalı var. Amma bu statistika çöpçülərin qapısındakı növbələrdən qat-qat aşağıdır:
“Üstəlik, uşaq böyüdükcə armudvari ciblər də hamarlanır və bu ehtimal azalır. Çöpçünün qəbulunda nə baş verdiyi haqda suala birmənalı cavab vermək çətindir. Çöpçülər oradan nəsə çıxarır, ya sadəcə bir fokusdur. Bu haqda “Discovery Science” kimi bir telekanal üçün tammetrajlı elmi-populyar veriliş çəkmək olardı.
Sosial şəbəkələrdə bu prosesi göstərən qısa videoların çoxu mənə neqativ təəssürat bağışlayıb. Amma əsrlərlə bu günümüzə qədər çatmış bir fenomeni kobud şəkildə inkar etməkdənsə, daha ətraflı tədqiq etmək lazımdır.
Özümə qalsa, heç vaxt övladımı çöpçüyə aparmazdım”.