COP29 sona çatır, maliyyə hədəfi məsələsi isə açıq qalır
COP29 Azərbaycanda
Bu gün, noyabrın 22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının işi başa çatmalı idi. Amma tədbirin bir və ya iki gün uzadıla biləcəyi barədə məlumat yayıldı.
Hökumətyönlü 1news.az bu barədə öz mənbələrinə istinadən xəbər verib.
Xüsusilə, insayderlərin qeyd etdiyi kimi, hər şey danışıqların gedişindən, onların effektivliyindən və razılaşmaların əldə olunması ehtimalından asılıdır. Əgər razılıq əldə olunmasa, o zaman COP29-un Bakıdakı işi bir-iki gün uzadıla bilər.
- “İsrail və Türkiyə arasındakı gərginlik yenə Azərbaycana təsirsiz ötüşmədi”
- “Biz geri çəkilməyəcəyik” – Tbilisidə müxalifətin etiraz aksiyası davam edir
- “Cənubi Qafqazda əməkdaşlığa dəstək” – Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono JAMnews-a müsahibəsində
Əvvəlki Konfranslarda işin növbəti gün gecə yarısına qədər uzadıldığı hallar olub.
Bununla belə bu məsələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur, hər şey danışıqların gedişindən asılı olacaq.
“İndi bütün kartları masanın üstünə qoymaq vaxtıdır”
Noyabrın 21-də Bakıda keçirilən COP29 iqlim dəyişikliyi konfransında BMT-nin baş katibi Antonio Quterreş çıxış edib. O, yekun sazişin əldə olunması üçün təkan gərəkdiyini deyib. Baş katib xəbərdarlıq edib ki, danışıqlarda “iflas çıxış yolu deyil”.
“Azadlıq Radiosu”nun “Reuters”ə istinadən yazdığına görə, sammitdə fikir ayrılıqları və narazılıq artıq aşkar görünməyə başlayıb. Belə ki, yeni qlobal maliyyə hədəfi ilə bağlı təklifdə iki fərqli baxış əksini tapıb.
COP29-un əsas hədəfi inkişaf etmiş zəngin ölkələrin daha kasıb ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ayırmalı olduğu maliyyə hədəfini müəyyənləşdirməkdir. Ancaq bu yöndə danışıqlar ləng gedib, sammitin nəzəri olaraq bitməsinə 48 saat qalmış danışıqların mətninin son layihəsi açıqlanıb.
“İndi əlimizdə olan mətn… balanssızdır, işlək deyil, qəbuledilməzdir”, – Avropa İttifaqının iqlim komissarı Vopke Hukstra deyib. O, Azərbaycanı COP29 prezidenti olaraq daha çox liderlik göstərməyə çağırıb.
İnkişaf etməkdə olan ölkələrə bu onilliyin sonunadək iqlim dəyişikliyi ilə mübarizədə azı 1 trilyon dollar gərəkdir. Bunu iqtisadçılar ötən həftə danışıqlar zamanı deyiblər.
Baxmayaraq ki, bir sıra inkişaf etmiş ölkələr əvvəlki kimi 300-500 milyard dollarlıq maliyyə hədəfini saxlamağın tərəfdarıdırlar.
Noyabrın 21-də açıqlanmış 10-səhifəlik sənəddə inkişaf etmiş və etməkdə olan ölkələrin tədbirdən öncəki, bir-birinə zidd mövqeləri əks olunub.
Bir mövqeyə görə, ayrılan vəsaitlər qrant, yaxud onun ekvivalenti formasında olsun, inkişaf etməkdə olan ölkələrin bir-birinə yardımı rəsmən bu hədəf proqramına salınmasın. Bununla Çin kimi böyük potensial donorlara işarə edilir.
Digəri isə daha zəngin ölkələrin mövqeyini təkrarlayır. Məqsəd təkcə inkişaf etmiş ölkələrdən gələn qrantlar deyil, yekun illik hədəfə doğru maliyyə növlərini genişləndirməkdir.
Ancaq heç bir təklifdə ölkələrin hər il yatıracaq investisiya hədəfi göstərilməyib, “X” olaraq işarələnib.
Azərbaycanın COP29-da baş danışıqçısı Yalçın Rəfiyev deyib ki, “indi bütün kartlarınızı masanın üstünə qoymaq vaxtıdır”.
Bəzi danışıqçıların fikrincə, açıqlanan təkliflərə ötən il Dubay sammitində verilən vəd də salınmayıb. Ötən il mədən yanacağından uzaqlaşma öhdəliyi götürülmüşdü, bu, əsas məqam kimi təqdim olunmuşdu.
2015-ci ildə imzalanmış Paris Sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirməyi nəzərdə tutub. Ancaq bu il planetin havası 1.3 dərəcə istiləşib.
«ЕС и США не хотят брать на себя большое финансовое бремя»
Daha əvvəl hökumətyönlü “Report” danışıqlara yaxın diplomatik mənbəyə istinadən xəbər vermişdi ki, danışıqlar sərt və ciddi surətdə davam edir.
Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.
Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir.
Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və qərb ölkələrinə təzyiq göstərir.
Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.
Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar.
Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.