Çinlə münasibətlər Azərbaycanın xarici siyasətində balansın yeni elementi kimi
Çinin Azərbaycanda və regionda maraqları
Qlobal səviyyədə ÇXR liderinin təhlükəsizlik və sivilizasiya qavrayışı ilə bağlı təşəbbüsləri Azərbaycanın ümumi baxışları ilə üst-üstə düşür. Azərbaycanlı politoloq Fərhad Məmmədov belə hesab edir. Onun fikrincə, Çin şirkətlərinin Orta Dəhlizdə tam iştirakı Çinin regionda maraqlarının formalaşmasında əsas rol oynaya bilər.
- BRIKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar. Bakıdan şərh
- İran “Sülh yollarının kəsişməsi” layihəsini alqışlayır – Abdullahiyan Yerevanda
- Cənubi Qafqazdakı regional konfiqurasiyada mümkün dəyişikliklər. Bakıdan baxış
JAMnews politoloq Fərhad Məmmədovun Çinin regionda mövcudluq səviyyəsinin artması, xüsusən də Çin və Azərbaycan arasında münasibətlərin inkişafı ilə bağlı təhlilini təqdim edir.
“Çin və geniş mənada Asiyanın adı həm rəsmi xronikada, həm də media məkanında getdikcə daha çox yer alır. Prezidentin köməkçisi Hikmət Hacıyevin Qlobal Forumda iştirak etmək üçün Çinə və Çinin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya sonuncu səfərləri ölkələr arasında fəal dialoqu nümayiş etdirir”.
Bir qədər tarixçə
Politoloq xatırladır ki, Çin Azərbaycanın xarici siyasətində həmişə kənarda dayanıb, çünki Çinin xarici siyasətinin özü də fəallığı nəzərdə tutmurdu. “Si Tsinpinin Çinə rəhbərliyinin başlaması ilə nəhəng infrastruktur və investisiyalar nəzərdə tutan “Bir kəmər – bir yol” qlobal layihəsinin həyata keçirilməsinə start verildi”, – deyə o bildirir.
“Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri məntiqi olaraq Çinin Avropa ilə quru əlaqələrinin qurulmasında maraqlarına uyğundur. Bakı bu layihələri müstəsna olaraq öz vəsaiti hesabına həyata keçirib və Pekinin kredit siyahısında olmayıb. Yeri gəlmişkən, bu fakt hətta Çini layihələrə daxil olmaqdan çəkindirirdi.
2020-ci il müharibəsindən sonra Azərbaycanın xarici siyasəti transformasiyaya başlayıb, lakin balans və diversifikasiyanın əsas prinsipləri üzərində qalır. Balans sistemi Rusiya, İran, Türkiyə və Qərbin iştirak etdiyi formatdan dəyişir. Bu gün Azərbaycan üçün balans sistemində Çinin rolu artmaqda davam edəcək. Hansı səviyyəyə? Güman edirəm ki, Çinin Azərbaycanın xarici siyasətində artan rolu Azərbaycan və ABŞ arasında münasibətlər səviyyəsinə çatmaq potensialına malikdir”.
Müasir mərhələdə Bakı ilə Pekin arasında əlaqələr
Fərhad Məmmədov hesab edir ki, qlobal səviyyədə ÇXR liderinin təhlükəsizlik və sivilizasiya qavrayışı ilə bağlı təşəbbüsləri Azərbaycanın ümumi baxışları ilə üst-üstə düşür.
“Azərbaycanın Çinin müttəfiqləri – Pakistan, Belarus, Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri var. Çin Azərbaycanın qonşusu İranla müttəfiqlik münasibətlərinə malikdir və Bakı ilə Pekin arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi Bakı ilə Tehran arasında münasibətlərin normallaşmasında və onların daha proqnozlaşdırıla bilən olmasında rol oynaya bilər”, – deyə o qeyd edir.
“Nəqliyyat əlaqələri, əlbəttə ki, çox vacibdir. Xatırladaq ki, Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı liderlər Çindən Qazaxıstan ərazisi ilə Azərbaycana konteyner daşımalarının başlanmasını müşahidə ediblər. Çin şirkətlərinin Orta Dəhlizdə tam şəkildə iştirakı Çinin regionda maraqlarının formalaşmasında əsas rol oynaya bilər.
Regional kəsdirmə marşrut Çin üçün də vacibdir. Regionda Pekinin ən yüksək səviyyəli münasibətləri Gürcüstanla formalaşıb. Burada söhbət həm strateji tərəfdaşlıqdan, həm azad ticarət sazişindən, həm investisiyalardan gedir. Azərbaycanla münasibətlər rəvan, çəpəkilərsiz davam edir, Bakı və Pekin ardıcıl olaraq ərazi bütövlüyü prinsipini müdafiə edir.
Amma Ermənistanla hər şey o qədər də sadə deyil. 2020-ci ildən sonra Ermənistan vasitəsilə Hindistanın regionda iştirakı artır, bu ölkə Qərbə görə Çinin təsirinin məhdudlaşdırılmasında həlledici rol oynamalıdır. Bununla yanaşı, Ermənistanda Qərbin (ABŞ) və Aİ-nin təsiri artır. Nensi Pelosinin Ermənistana səfəri və onun “Tayvandan Ermənistana…” demokratiyaya dəstək bəyanatı da bundan xəbər verir.
Çin Azərbaycan iqtisadiyyatının diversifikasiyasında, qeyri-neft sektoru üçün yeni bazar, sənaye və informasiya texnologiyaları üçün texnoloji donor kimi rol oynaya bilər.
Çinin münasibətlərin səviyyəsini yüksəltmək üçün heç bir ilkin şərti yoxdur. Məsələn, biz Qərbdən getdikcə daha çox eşidirik ki, Azərbaycanla münasibətlərin səviyyəsini Ermənistanla bağlanmış sülh müqaviləsi müəyyən edir. Absurd! Amma Qərbin münasibəti belədir.
Beləliklə, Azərbaycanın xarici siyasətində Asiya istiqaməti artır. Azərbaycan 2024-2026-cı illər üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sədri oldu, bu, Asiya ATƏT-dir. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Asiyanın digər ölkələri və birlikləri ilə əlaqələrin qurulmasına maraq göstərir. Qərblə münasibətlərdə geniş mənada Asiya istiqaməti, xüsusən də Çin potensialı və perspektivi olan strateji tarazlıqdır”.