“Ciddi proseslər baş verir və bu, Ermənistanın xeyrinə deyil” – eks-prezident Robert Koçaryan
Ermənistanın eks-prezidenti Robert Koçaryan hazırkı hakimiyyəti sərt tənqid edib. İki saata yaxın davam edən mətbuat konfransı zamanı o, baş nazir Nikol Paşinyanı Qarabağ müharibəsinə və məğlubiyyətə gətirib çıxaran düşünülməmiş addımlarda günahlandırıb. Bundan başqa, o, müharibənin düşmənlə gizli razılaşmalar əsasında sona çatdığınını ehtimal edib.
Hazırkı hakimiyyətə qarşı barışmaz müxalifət mövqeyində çıxış edən keçmiş prezidentin mətbuat konfransında səslənən ən vacib tezislər.
Mürahibənin başlaması haqda
- Ermənistan hakimiyyəti öz düşünülməmiş addımları ilə Azərbaycanın Qarabağ münaqişəsini güc yolu ilə həll etməsi üçün münbit şərait yaradıb.
- Danışıqlar prosesi Ermənistan tərəfinin ziddiyyətli bəyanatları ilə dalana dirənib. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərində [2020-ci ilin payızında Qarabağda müharibə başlayana qədər sülh danışıqlarının vasitəçiləri — JAMnews] etimadsızlıq yaradıb. Belə təəsürat yaranıb ki, Ermənistan hakimiyyəti predmet danışıqlardan yayınmaq istəyir.
- Ermənistan nüfuzdan salınıb, ölkə idarəçiliyi xaotik xarakter daşıyıb, Rusiya və onun liderliyi altında fəaliyyət göstərən KTMT hərbi bloku ilə münasibətlər korlanıb.
- Hakimiyyət hər şeyi edib ki, müharibə ərəfəsində Ermənistan təcrid vəziyyətinə düşsün.
- Bu vəziyyətdə Azərbaycan hakimiyyətinə aydın idi ki, münaqişəni güc yolu ilə həll etmək üçün daha münasib vəziyyət olmayacaq,müharibəni başlatmaq və davam etdirmək üçün risklər isə minimaldır.
- Ermənistan rəhbərliyi münaqişəyə Türkiyənin də cəlb olunması üçün əlindən gələni edib:
“Ermənistan hakimiyyəti Türkiyənin casusu olsaydı, bu məqsədə çatmaq üçün elə eyni şeyləri edərdi”.
Məğlubiyyət səbəbləri haqda
- Baş nazir Nikol Paşinyanınmüharibə zamanı könüllü dəstələrin yaradılması çağırışı Azərbaycan üçün Ermənistanın artıq resurslarının olmaması və cəbhədə hərbi təzyiqi gücləndirməyin mümkünlüyü haqda siqnal oldu.
- Ordular yox, dövlətlər döyüşür, məhz buna görə də hakimiyyət hərbi əməliyyatlar zamanı bütün resursları qələbə üçün səfərbər edir. Amma Ermənistanın ali baş komandanı [baş nazir Paşinyan] bütün insan və maliyyə resurslarını səfərbər etməyib. Səfərbərlik uğursuz olub. Bu, məğlubiyyətin birinci səbəbidir.
- Müharibəni dövlət aparır, ancaq silahlı qüvvələr yox. Ordu hərbi əməliyyatlar zamanı siyasi dəstəksiz buraxılıb.
- Ermənistan hakimiyyəti məğlubiyyətə görə bütün günahı ordunun üzərinə qoymaq istəyir, amma fundamental səhvlərə kimin yol verdiyini anlamaq lazımdır. Generallar isə artıq danışmalıdır, yoxsa bütün günah onların üzərinə qoyulacaq.
- Ölkə hakimiyyəti müharibə ilə əlaqədar bir sıra məsələlərlə bağlı açıqlama verməkdən yayınır. Onların ünvanına səslənən ittihamlar cavabsız qalır. Dərin araşdırma aparmaq lazımdır.
- Çox mümkündür ki, müharibə Ermənistan hakimiyyətinin uzaqgörən olmaması ilə əlaqədar baş verib, amma ola bilər ki, düşmənlə razılaşma əsasında başa çatıb.
Qarabağ məsələsi haqda
- Ermənistan hakimiyyəti Dağlıq Qarabağ haqda artıq danışmır. Qarabağ üzrə bütün məsələlərin həlli şüurlu şəkildə Rusiyanın üzərinə qoyulur:
“Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı deyil artıq, üstəlik belə təəssürat yaranır ki, ölkə hakimiyyəti sanki yaxalarını kənara çəkirlər”.
- Tezliklə cəmiyyət Qarabağ üzrə bütün məsələləri, o cümlədən də bütün əlverişsiz qərarları Rusiya tərəfi ilə əlaqələndirəcək.
- Bakı Qarabağ məsələsini tam həll etdiyini elan edir. Bəs Azərbaycan missiya müddətləri başa çatandan sonra [2025-ci ildə] Qarabağda sülhməramlıların mandatından imtina etsə, nə baş verəcək?
- Öz ölkəndə sülh yarada bilmirsənsə, regionda sülh dövrünün başladığı haqda danışmaq olmaz:
“Biz regionda sülh dövrü haqda danışırıq [baş nazir Paşinyan bu haqda hökumətinin planları kimi bəyan edib]. Sual yaranır: “Ciddi?” […] Sən özünü nə hesab edirsən ki, bu cür bəyanat verəsən [Ermənistanın baş nazirinə müraciət edir]? Gülməlidir. Sən danışıqlar masası ətrafında oturmamısan, sən həmin masadasan. Sənin iştirakın olmadan səni müzakirə edirlər. sən danışıqların subyekti deyilsən artıq, obyektisən”.
- Diz üstündə danışıqlar aparmaq çox da rahat deyil və səni alçaldan biri ilə [Azərbaycan prezidentini nəzərdə tutur] danışıq aparmaq mümkün deyil.
Türkiyə ilə münasibətlər haqda
- Cənubi Qafqazda ciddi proseslər baş verir və bu, Ermənistanın xeyrinə deyil.
- Türkiyə ilə münasibətlərin normallaşması üçün yalvarmaq olmaz. Ermənistanın baş nazirinə bu, sadəcə hakimiyyətini qorumaq üçün lazımdır [Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirib]. Bu bir qapıya oyun olacaq və bu, Ermənistanın qapısı olacaq:
“Biz xahiş edən roluna düşəcəyik. Belə şey əvvəl olmayıb. Vaxtilə onlar özləri komissiya yaratmaq üşün Ermənistanın prezidenti kimi mənə müraciət edirdilər. Bütün bu məktublar var. Siz özünüz əmin ola bilərsiz ki, biz o zaman onlara hansı tonda cavab verirdik”.
- Türkiyə Ermənistan üçün təhlükə kəsb edir, maraqların toqquşması aşkardır, amma bu o demək deyil ki, Ankara ilə dialoqdan tamam imtina etmək lazımdır.
Hakimiyyət uğrunda mübarizə davam edir
- Hazırkı Ermənistan hakimiyyətinin yekun məqsədi hakimiyyətini saxlamaqdır.
- “Hayastan” (“Ermənistan”) blokunun [Robert Koçaryanın başçılıq etdiyi, özü blokun işində iştirak etmir, deputat mandatından imtina edib] timsalında parlament müxalifəti hakimiyyətin dəyişdirilməsi uğrunda mübarizəni davam etdirəcək. Bu prosesdir və hakimiyyətin dəyişdirilməsi üçün bütün mümkün alətlərdən istifadə olunacaq:
“Bəli, biz mübarizə aparacağıq, küçə mübarizəsi də aparacağıq, amma bunun üçün lazımi şərait yetişməlidir. Bütün Ermənistanda xalqla işləmək lazımdır, biz xalqı əmin etməliyik”.
- Blok küçə mübarizəsini təşkil edə bilməsə, bu, onu göstərəcək ki, cəmiyyətlə danışmaq üçün doöru sözləri tapa bilməmişik, ya da insanlar baş verənləri qəbul edib, barışıb.
Paşinyan-Koçaryan: tarixçə
Nikol Paşinyan həmişə özünü müxalif siyasətçi kimi biruzə verib, o, 2018-ci il “məxməri inqilab”ının lideridir, hakimiyyətə də bu yolla gəlib. İnqilabı dəstəkləyən cəmiyyətin təzyiqi altında parlament çoxluğu Ermənistanın baş naziri postuna onun namizədliyini təsdiqlədi.
Gələcək baş nazir siyasi arenada ilk addımlarını 2007-ci ildən, “Alternativ” ictimai-siyasi təşəbbüsünü yaratmaqla addım. 2008-ci il parlament seçkilərində onun adı prezident Robert Koçaryanın və baş nazir Serj Sarqsyanın istefasına nail olmağa çalışan “İmpiçment” blokunun namizədlər siyahısında birinci olub. Amma blok nəzərdə tutulmuş minimum baryerini keçə bilməyib.
2008-ci il prezident seçkilərində Nikol Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyanın [Ermənistanın birinci prezidenti, 1998-ci ildə istefa verib] maraqlarını təmsil edib. 1 mart 2008-ci ildə se3çkilərin nəticələri ilə razı olmayanların nümayişi dağıdılandan və 10 nəfər həlak olandan sonra Paşinyan kütləvi iğtişaşların təşkili ittihamına görə bir il bə dörd ay qaçaq həyatı yaşayıb.
2010-cu il iyulun 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs edilib və yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bir il və 11 aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə elan olunmuş amnistiyadan yararlanıb. Politoloqlar hesab edirlər ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi ilə bu addımı atmağa məcbur olub. Hakimiyyətə gələndən dərhal sonra Paşinyan hökuməti “1 mart işi” ni yenidən açdırıb.
2018-ci il iyulun 28-də Robert Koçaryan həbs edilib. Ermənistanın keçmiş prezidenti konstitusiya quruluşunun devrilməsində günahlandırılıb. Söhbət 2008-ci il 1 mart hadisələrindən gedib. Koçaryan bir ildən çox həbsdə qalıb. Nəticədə Konstitusiya Məhkəməsinin ittihamın qanunsuzluğu haqda qərarına əsasən ona bəraət verilib.