Çernobılda yanğın nüvə tullantıları anbarına yaxınlaşır
Ukraynada Çernobıl Atom Stansiyasının xarabalıqları olan ərazidə artıq doqquz gündür ki, davam edən meşə yanğınları nüvə tullantıları anbarlarına yaxınlaşır.
Ukraynanın Hromadske telekanalının keçmiş AES xarabalıqlarına turist turları təşkil edən “Chornobyl Tour” şirkətinin direktoru Yaroslav Yemelyanenkoya istinadən verdiyi məlumata görə, yanğın Pripyat şəhərinə doğru irəliləyir.
“Vəziyyət kritikdir. Zona alovlar içindədir. Yerli hakimiyyət bildirir ki, hər şey nəzarət altındadır, amma əslində yanğın sürətlə yeni ərazilərə yayılır. Hazırda alov Pripyat şəhərinə gedib çatıb və artıq “Podlesnıy” radioaktiv tullantılar anbarının düz iki kilomertliyindədir, orada bütün Çernobıl zonasının və stansiyanın özünün ən yüksək avtiv radiasiya tullantıları yerləşir”, – o qeyd edib.
Çernobıl AES-də 1986-cı il aprelin 26-da baş verən fəlakət dünya tarixində atom enerjisi obyektində baş verən ən böyük fəlakətdir. Atom reaktorunda baş verən partlayış nəticəsində ətraf mühitə böyük həcmdə radioaktiv maddələr yayılıb.
Qəza və qəzanın nəticələrinin aradan qaldırılması zamanı onlarla insan həlak olub, minlərlə insanın sağlamlığına sağalmaz ziyan dəyib. 30 kilometrlik ərazidən bütün əhali – 100 min nəfərdən çox insan evakuasiya edilib.
Bu zonada, o cümlədən də vaxtilə işçilərin yaşadığı Pripyat şəhərində indiyə qədər insanların məskunlaşması qadağandır.
Eyni zamanda Ukrayna Daxili İşlər Nazirliyindən bildirilir ki, Çernobıl zonasında yanğın nüvə tullantıları saxlanan anbarları təhdid etmir və təşviş üçün heç bir səbəb yoxdur.
Bu haqda daxili işlər nazirinin müavini Anton Geraşenko yazıb.
O, bildirir ki, emal olunmuş nüvə yanacağı anbarlarından biri ümumiyyətlə dolu deyil, digəri isə Çernobıl AES-in ərazisində yerləşir və hazırda ora təhlükəsiz vəziyyətdədir, hər hansı yanğın ehtimalı yoxdur.
O cümlədən də nazir müavininin sözlərinə görə, radiasiya səviyyəsi Çernobıl zonasında olduğu kimi ətraf ərazilərdə də normadadır.
Çernobıl AES-in xarabalıqlarının yerləşdiyi ərazisində yanğın aprelin 4-də başlayıb, 20 hektarlıq ərazini əhatə edib, xilasedicilər yanğınsöndürənlərin köməyinə aviasiya göndərib. Yanğının söndürülməsinə yüksək radiasiya fonu mane olur.