Çeçenistanlı hüquq müdafiəçisi marixuana saxlamaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib
Çeçenistanda – Rusiyanın tərkibində Şimali Qafqazda yerləşən respublikada məhkəmə “Memorial” hüquq müdafiə mərkəzinin yerli şöbəsinin rəhbəri, hüquq müdafiəçisi Oyub Titiyevi iri həcmdə narkotik saxlamaq ittihamı ilə cəzasını koloniya qəsəbə tipli müəssisədə çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edib. “Novaya qazeta” xəbər verir ki, məhkəmə Titiyevin narkotik saxlamaqla bağlı təqsirinin sübuta yetirildiyi qənaətinə gəlib, amma yumşaldıcı səbəbləri – müsbət xarakteristika və hüquq müdafəçisinin daha əvvəl məsuliyyətə cəlb olunmamasını nəzərə alıb.
Məhkəmə həmçinin Titiyevin cəmiyyət üçün təhlükə doğurmadığını, buna görə də törətdiyi cinayəti orta ağır kateqoriyasına aid etməyin mümkünlüyünü qət edib.
Məhkəmədə hökmün oxunması 8 saatdan çox davam edib.
Koloniya qəsəbəsi Rusiyada penitensiar müəssisədir, orada ehtiyatsızlıqdan və ilk dəfə orta və ya az ağır cinayət törədən şəxslər cəza çəkir. Koloniya qəsəbələrdə məhkumlar mühafizəsiz, amma koloniya inzibatçısının nəzarəti altında saxlanılır. Gündüzlər məhkumlar koloniya ərazisində azad hərəkət hüququna malikdirlər, administrasiyanın icazəsi ilə ərazini tərk edə də bilərlər.
Məhbuslara ailələri ilə birlikdə yalnız koloniya qəsəbəsi ərazisində yox, ondan kənarda da yaşamaq icazəsinin verilməsi mümkündür. Onların üstlərində pul gəzdirmək, adi geyimdən istifadə etmək və s. haqları da var.
Əvvəlcə ittiham tərəfi onun 4 il ümumi rejimli koloniyada saxlanmasını və 100 min rubl cərimə ödəməsini tələb etmişdi. Ötən həftə Titiyev məhkəmədə son sözünü səsləndirərkən bəyan edib ki, onun cinayət məsuliyyətinə cəlb olunması hüquq müdafiəçisi kimi fəaliyyətilə bağlıdır:
“Biz bilirik ki, bu işi düzüb-qoşanlar və səkkiz ay ərzində yalan ifadə verənlər, məni mümkün qədər çox barmaqlıqlar arxasında saxlamaq istəyənlər – onlrrın hamısı özünü müsəlman hesab edir. Onların heç biri həqiqətin bərqərar olmasında maraqlı deyil. Mən özünü müsəlman adlandırdığı halda bu qədər alçalan insanları gördüyüm üçün utanıram”.
Xatırladaq ki, Oyub Titiyev 2018-ci il yanvarın 9-da Çeçenistanda stomatoloq qəbuluna gedərkən saxlanılıb. Polis əməkdaşları hüquq müdafiəçisinin maşınında 200 qram marixuana tapdıqlarını bildiriblər. O özü ittihamı qəbul etmir. Müdafiə tərəfi narkotikin onun maşınına atıldığını, cinayət işinin isə siyasi motivlərlə, Oyub Titiyevin timsalında “Memorialın” tədqiqat və hüquq müdafiəsi sahəsində fəaliyyətinin qarşısını almaq məqsədilə uydurulduğunu israrla bildirib.
Rusiyadan və beynəlxalq təşkilatlardan olan tanınmış hüquq müdafiəçiləri dəfələrlə Titiyevin müdafiəsinə qalxıb, Avropa Parlamenti və ABŞ Dövlət Departamenti isə onun haqqında başlanan cinayət işinin qapadılmasını tələb edib. Amnesty International, “Memorial” və Humans Rights Watch Titiyevi siyasi məhbus kimi tanıyıb.