Çeçenistan hakimiyyəti “əcinnə ovuna” çıxıb
Rusiyanın tərkibindəki Şimali Qafqazda yerləşən Çeçenistan Respublikasının Qudermes şəhərinin iki qadın sakini güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb – onlar cadugərlik, cindarlıq və təbabətlə məşğul olmaqda ittiham edilirlər. Kavkazskiy uzel xəbər verir ki, hələ altı il əvvəl Çeçenistanda təbib və ekstrasenslərə qarşı təqiblər başlayıb, amma son illərdə belə hallar baş vermirdi.
• Cəhd etməyə dəyər. Çeçenistan qaçaınları Belarusda Polşa sərhədlərinə necə hücum edir
Saxlanılan qadınları cinayət məsuliyyəti gözləyə bilər.
“Onların yaşadıqları evdə magiya və okkultizm haqda müxtəlif ədəbiyyat, xəritə, onlarla insanın fotosu və cadu ayinlərinin həyata keçirilməsində istifadə olunan müxtəlif əşyalar aşkarlanıb. Ailə münasibətlərinin möhkəmləndirilməsi, cadunun zərərsizləşdirilməsi və gözdəymənin aradan qaldırılması, müxtəlif xəstəliklərin müalicəsi bəhanəsilə onlar vətəndaşlardan müxtəlif məbləğlər alıblar”, – Çeçenistan DİN nümayəndəsi Kavkazskiy uzel–in müxbirinə bildirib.
Çeçenistan hakimiyyəti cadugərlərə, sehrbazlara və təbiblərə 2013-cü ildən müharibə elan edib. 2013-cü ilin fevralında respublika rəhbəri Ramzan Kadırov Çeçenistanda bu halların kökünün kəsilməsini tələb edib – bələdiyyə rəhbərləri və qazılarla (şəriət hakimləri) görüşdə o, təbib və cadugərləri “səlahiyyətli strukturlarla” hədələyib.
Bundan sonra Çeçenistanda təbib və cadugərlərə qarşı kampaniya başlayıb: bir neçə nəfər öldürülüb, qalanlar isə respublikanı tərk edib və ya fəaliyyətini dayandırıb. Həmin vaxt 2013-cü ildə Çeçenistanın Qudermes rayonunun rəhbəri Ahmed Abbasov vəzifədə yüksəlmək üçün cadu elətdirdiyi məlum olduğu üçün işini itirib.
Cadügərlik və magiya ilə məşğul olmaq İslam dininə ziddir – yerli möminlər bildirirlər. “Cadugərlik, magiya, falçılıq və bu kimi şeylər İslamda qəti qadağan edilib. Hətta cadugərə və ya falçıya müraciət etmək də ağır günahdır. Bu, çox təhlükəli haldır və onunla mübarizə aparmaq lazımdır”, – çeçenistanlı mömin Müslim deyib.
Magiya və cadugərlik məşğuliyyəti Çeçenistandaiki hərbi kampaniya arasında və 2000-ci illərin əvvəlində kifayət qədər geniş yayılmışdı, amma indi bu məşğuliyyət demək olar ki, yoxa çıdıb.
Çeçenistanda cadugər və ekstrasenslərə qarşı hazırkı kampaniya dini səbəblərə çox az bağlıdır, əsas səbəb isə digər respublikalarla müqayisədə daha güclü olan polis nəzarəti ilə bağlıdır – Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Mixail Qoşşin belə hesab edir.
Dini qadağalara baxmayaraq, cadugərlik və magiya həmişə xalq mədəniyyətində mövcud olub – şərqşünas qeyd edib. “Hətta sovet dövründə də buna maraq olub. Bu cür xidmətlər xristianlar arasında da, müsəlmanlar arasımnda da mövcud olub”, – Roşşin d eyib.
Çox vaxt Rusiyada ekstrasensləri və maqları dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edirlər – vəkil Abusupyan Qaytayev deyir. Amma cadügərlik halları zamanı dələduzluq əməlini sübuta yetirmək çətin olur, buna görə də hüquq mühafizə orqanları bu cür işləri “çox da sevmirlər”.
Vəkil əlavə edib ki, bir neçə il əvvəl Çeçenistanda ekstrasens və təbiblərin böyük “təmizliyindən” sonracadugərlik və magiya mövzusu demək olar ki, qaldırılmayıb və son illərdə təbiblərin təqib olunması haqda heç nə məlum deyildi.