Çaydana əl vurmayın
Elinanı bizdə elmə məlum olmayan vəzifəyə – ya ofis-menecer, ya da nəzarətçi vəzifəsinə götürdülər. Maaş almırdı. Sadəcə xeyirxahlığından direktora (o da təzə idi) özünün dediyi kimi, bizim bərbad hala gətirdiyimiz müəssisəni “ayağa qaldırmağa kömək edirdi. Buranı İks şirkəti adlandıraq.
1
O yerindəcə hər şeyi “ayağa qaldırmağa başladı: jurnallarla dolu dolabı uzun dırnaqlı toppuş əlləriylə boşaltdı; çayımızın əvəzinə evdən quru çiçəkli nəsə ekzotik bir çay gətirdi və ən dəhşətlisi, çaydanı yudu. Yəni mağazadan ciddi sifətlə ərpə qarşı maddə alıb gətirdi və çaydanı parıldayana qədər yudu.
Qayda nömrə bir: çaydana əl vurmayın. Yeni iş yerinizdə məişət artıq qurulub və bərqərar olub. Əgər haradasa toz var və ya fincanlar yaxşı yuyulmayıbsa, deməli insanlar burada özlərini evindəki kimi hiss edir və onlara belə düşük üsullarla “necə lazım olduğunu göstərən müfəttiş lazım deyil. Bir həftə gözləyin, qoyun insanlar sizi qəbul etsin. Sonra da nəyisə dəyişmək üçün icazə alın və yalnız bundan sonra hər yeri yumağa, mebelin yerini dəyişməyə və ya artıq əşyaları atmağa başlayın.
2
Elinanın daha bir səhvi də ondan ibarət idi ki, o heç cür bizdən də nə isə öyrənə biləcəyini etiraf etmək istəmirdi. Bu proqramla işləyə bilirsiz? Əlbəttə, bilirəm. Ondan başqa cavab eşitmədim. Nəticədə qız mən gedəndən sonra menecer vəzifəsini tutanda çox çarəsiz bir vəziyyətə düşdü.
Nə qədər peşəkar olsaz belə, hər müəssisənin öz spesifikası var. Kafenin sizin tanımadığınız daimi müştəriləri, sexdə hərəsi bir cür işləyən dəzgahlar var. Nəyisə bilmədiyini etiraf etməkdən qorxan insanlar axmaq vəziyyətlərə düşürlər.
Qayda nömrə iki: təzə həmkarlarınızdan öyrənin. Rəhbər olsanız belə, müfəttiş maskasını taxmayın. Onlardan iş barədə, hər şeyin necə qurulduğunu danışmağı xahiş edin.
3
İks təşkilatının təzə direktoru tipik “obyekt sahibi idi. Yəni işçilərlə onların problemləri haqqında səmimi söhbətlər etməyi sevirdi. İşçilərinin toylarına gedir, bununla da onları xoşbəxt edirdi. Yəni özünü xeyirxah ata kimi göstərməyə çalışırdı. Bütün bunlar da ona ofisin işdən çıxan işçilərinə iri məbləğdə pul borclu qalmağa mane olmadı.
Qayda nömrə üç: iş yoldaşlarınızın şəxsi məkanına hörmət edin. Qapıdan içəri girməmiş fəlsəfi söhbətlər aparmaq, uşaqların fotolarını göstərmək, şəxsi suallar vermək lazım deyil. İşdə dostluq etmək çox yaxşıdır, amma dərhal yaxın münasibət qurmaq üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur.
Birgə iş özü-özlüyündə kifayət qədər intim ünsiyyət formasıdır, işdə səbir, kompromis tapmaq bacarığı, başqalarına kömək etmək və vəziyyətdən çıxarmaq kimi keyfiyyətlər tez bir zamanda özünü göstərir. Peşəkar kollektivdə cəld düşünmək, dedlaynı gecikdirməmək və prosesi ləngitməmək hər gün hamını pirojnaya qonaq etməkdən daha vacibdir.
4
Bir dəfə Elina məndən qarağatı yumağı xahiş etdi. “Nə olsun ki, – mən düşündüm, – axı onu hamımız yeyəcəyik. Əslində isə aydın deyildi ki, iş gününün ortasında qarağat yeməyə nə ehtiyac var və niyə satış üzrə menecer qarağat yuya bilər, rəisin xəbərçisi isə yox?
Mənim hərəkətim sərhədləri qoya bilməyən insana xas olan səhv idi. Təzə iş yerində təzə iş yoldaşlarınızın necə insan olduqlarını və təşkilatın necə qurulduğunu anlamalısız. Amma təşkilat da öz növbəsində, sizin necə insan olduğunuzu və sizinlə necə davranmalı olduğunu anlamalıdır.
Qayda nömrə dörd: sərhədləri müəyyən edin. Yanınızda kimsə musiqiyə qulaq asanda fikrinizi işdə cəmləyə bilmirsizsə, işçilərdən qulaqcıq taxmağı xahiş edin. İş saatından əlavə işləyirsizsə, həmin vaxtın pulunun ödənilməsini tələb edin. Bəli, indi böhrandır, hamıya iş lazımdır, amma bizdə ixtisaslı kadrlara həmişə ehtiyac var. Buna görə də işin xətrinə hər şeyə dözməyə və hər şeylə razılaşmağa dəyməz. İşinizi itirməkdən qorxursuzsa belə, bunu göstərmək lazım deyil.
5
Və ən əsas qayda: uyğunlaşmaq alınmadısa, işdən çıxın.
Pis və dayaz insanları özünə sevdirməyə və hətta sadəcə onlarla bir yerdə olmağa kömək edən vasitələr mövcud deyil. Qeyri-peşəkar rəisin “bir şey olarsa, yeşik daşımağa belə razı olsunlar prinsipi ilə özünə komanda yığdığı bir şirkətə düşmüsüzsə, qaçın. Günümüzün doqquz saatını işə sərf edirik, bu vaxtı bizə xoş olmayan insanların arasında keçirsək, həyatımız nəyə dönəcək axı? İdeal işinizə və arzuladığınız komandaya sizi tapmağa imkan verin. Onlar artıq yoldadırlar. Və hər sizə uyğun olmayan şirkətdən istefa həmin yolu bir az da qısaldır.
Dərc olunub: 16.09.2016