Cavaxetidə mübahisəli kilsə üstündə yerli sakinlərlə polis arasında qarşıdurma baş verib
Kumurdoda nə baş verib?
Gürcüstanın daxili işlər naziri sentyabrın 30-da şəxsən Samtsxe Cavaxeti regionuna, Kumurdo kəndinə (erməni dilində adı Qumurdodur) getməli olub, burada yerli sakinlərlə polis arasında qarşıdurma baş verib, yaralananlar var. Yerli sakinləri polis saxlayıb.
Münaqişə polis yerli sakinləri Kumurdo kəndində hazırda restavrasiya işlərinin aparıldığı “Müqəddəs Zühur” kilsəsi ərazisinə buraxmayandan sonra başlayıb. Kənd sakinləri kilsənin restavrasiyası zamanı aşkar olunan insan qalıqlarının dəfn olunduğu yerdə xaçkar (ermənilərdə qəbir daşı) quraşdırmaq istəyirdilər.
Vəziyyət o dərəcədə gərginləşdi ki, xüsusi təyinatlılar çağırıldı. Amma sakinlər evlərinə getməkdən imtina etdi və xüsusi təyinatlıların kordonunu yarmağa çalışdı, bundan sonra hüquq-mühafizə orqanları işçiləri havaya bir neçə dəfə xəbərdarlıq atəşi açdılar. Buna cavab olaraq da yerli sakinlər daş atmağa başladılar.
Bir neçə dəqiqə sürən qarşıdurma zamanı dörd polis işçisi zədə alıb – onlara iri daşla dəyiblər. Bundan başqa yerli deputat və bir neçə kənd sakini də yaralanıb. Amma həyatları təhlükə altında deyil. Heç kim güllə yarası almayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi fakt üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 353-cü maddə, 187-ci maddəsinin 1-ci bəndi, 239-cu maddəsinin 2 və 3-cü bəndləri üzrə cinayət işi açıb.
Bu gün kənddə sakitlikdir, amma polislər orada hələ də qalır.
Mübahisəli kilsə
Erməni dilində Qumurdo olan Kumurdo kəndi Axalkalakidən 18 kilometr aralıda yerləşir. Orada əsasən etnik ermənilər yaşayır. Onuncu əsrdə tikilən “Müqəddəs zühur” kilsəsi Gürcü Pravoslav Kilsəsi ilə Erməni Apostol Kilsəsi arasında mübahisənin səbəbi olan onlarla kilsədən biridir. Hər ikisi bu kilsəni öz müqəddəs yeri sayır.
Münaqişə 2015-ci ilin yayında daha da gərginləşdi, bu zaman kəndə Tbilisidən gələn arxeoloqlar burada arxeoloji qazıntılar, həm də abidənin restavrasiyasını həyata keçirmək istəyirdilər. Yerli sakinlər deyirlər ki, bu işlərin əsas səbəbi həmin kilsənin erməni köklərinin məhv etməkdir.
Arxeoloji qazıntılar zamanı kilsə ərazisində sümüklər tapıldı, yerli erməni əhalisi bildirir ki, həmin sümüklər onların əcdadlarına – erməni ruhanilərinə aiddir. Kumurdo sakinləri sümükləri kilsənin həyətində dəfn etməyi tələb etdilər, bu tələb yerinə yetirilsə də, yerli sakinlərə indiyə qədər də orada xaçkarı quraşdırmaq imkanı verilmir.
“Mübahisəni siyasətçilər deyil, keşişlər həll etməlidir”
Gərginliyi aradan qaldırmaq üçün Kumurdoya yerli hakimiyyət nümayəndələri də gəldi. Keçmiş rayon məclisinin deputatı, hazırda deputatlığa namizəd olan Aşot Saaryan (oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək – JAMnews) sakinləri dağılışmağa çağırdı və söz verdi ki, xaçkarı onlar oktyabrın 4-də quraşdıra biləcəklər. Sakinlər isə ondan konkret zəmanətlər tələb edirdilər, çünki onların öz sözlərinə görə, artıq heç kəsə inanmırlar.
Daxili işlər naziri Georgi Mqebrişvili bir neçə yerli sakin və yerli məmurlarla birlikdə kilsənin ərazisinə keçdi. Jurnalistlər həmin görüşə buraxılmadı. Danışıqlar zamanı yerli sakinlər saxlanılan həmkəndlilərini azad etməyi və kənddən xüsusi təyinatlıları çıxarmağı tələb etdilər.
Saxlanılanlar elə həmin günün axşamı buraxıldı, xüsusi təyinatlılar da kəndi tərk etdilər, amma xaçkarın quraşdırılması məsələsi hələ də həll olunmamış qalır.
Gürcüstan parlamentinin deputatı Samvel Petrosyan yerli sakinlərə bildirib ki, xaçkar məsələsinin həlli siyasətçilərin işi deyil və bu məsələ ilə tezliklə hər iki tərəfdən ruhaniliyin nümayəndələri – erməni və gürcü keşişləri məşğul olacaq.
Keşişlərin danışıqlarına yerli sakinlər inanmır, çünki bu vaxta qədər dəfələrlə erməni və gürcü kilsələrinin nümayəndələri arasında görüşlər təşkil etsələr də, heç bir nəticə verməyib.
- Qamburdodakı qarşıdurma haqqında həm Gürcüstan, həm də Ermənistan mətbuatı yazıb. Bəziləri vəziyyəti millətlərarası qarşıdurma kimi təqdim ediblər. Bu da Ermənistan və Gürcüstan mediasından iki başlıq: “Cavaxetidə gürcü xüsusi təyinatlıları erməniləri qəddarcasına döyüb”; “Ermənilər Kumurdo kəndində polisi daşa basıb”.