Cavaxeti kimə səs verəcək?
Bu il partiyalar Axalkalakidə seçkiqabağı ab-havanın yaradılması üçün əvvəlkindən daha çox çalışıblar.
Dövlət idarələrinin fasadlarını, fərdi evlərin darvazalarını, nəqliyyatı Axalkalaki sakinlərinə yaxşı həyat vəd edən namizədlərin sifətləri bəzəyir.
2014-cü il əhalinin siyahıya alınmasının məlumatına görə, Gürcüstanda 168 min erməni yaşayır, onların böyük hissəsi də məhz mərkəzi Axalkalaki olan Cavaxeti regionunda məskunlaşıb.
Gürcüstandakı erməni icması ənənəvi olaraq siyasi passivlik göstərir. Regionda səsvermədə həmişə az adam iştirak edib, seçki qutularına qədər gəlib çıxan vətəndaşlar isə həmişə hakim siyasi qüvvəyə səs verir, bununla da dövlətə loyallığını nümayiş etdiriblər.
Amma 2012-ci ildə baş tutan son parlament seçkilərində bir çoxları üçün təəccüblü olsa da, müxalifət Cavaxetidə kifayət qədər səs topladı.
Bu presedent tendensiyaya çevriləcəkmi? Bunu Gürcüstanda oktyabrın 8-də keçiriləcək seçkilər göstərəcək.
Parlament seçkilərində 29 siyasi subyekt iştirak edir, amma onlardan yalnız 6-nın Axalkalaki seçki dairəsində namizədləri var.
Onlardan ən titullu olanı Axalkalaki seçki dairəsində hakim “Gürcü arzusu partiyasından majoritar deputatlığa namizəd Enzel Mkoyandır.
Gürcüstan parlamentinə Mkoyan artıq beşinci dəfədir ki, namizədliyini irəli sürür. O, 1999-cü ildən parlament üzvüdür və bu müddət ərzində xeyli partiya dəyişib – 2012-ci ildə o, “Vahid milli hərəkatdan deputat seçilib, bu partiyanın məğlubiyyətindən sonra isə dərhal hakim “Gürcü arzusunun sıralarına keçib.
Axalkalakidə hətta parlament seçkilərini zarafatla onun adı ilə “Enzelin seçkiləri adlandırırlar.
Digər siyasi qüvvələrdən olan namizədlər də təzə adamlar deyil, bu isə o deməkdir ki, 2012-ci ildə müşahidə olunan müsbət tendensiyaya baxmayaraq, siyasi qüvvələr Cavaxetidəki siyasi kapitallarının yenilənməsinin qayğısına o qədər də qalmayıblar.
Eyni zamanda tarixdə ilk dəfə olaraq, heç bir partiyanın üzvü olmayan iki müstəqil namizəd parlamentə düşməyə çalışacaqlar.
“Düşünürəm ki, hakimiyyətlə rəqabət aparmaq üçün real şans yaranıb, əvvəllər belə bir şey müşahidə olunmayıb. Buzlar əriyir. Namizədlər arasında mübarizənin formal xarakter daşıdığı ötən seçkilərdən fərqli olaraq, indi səs uğrunda əsl mübarizə gedir. Müxalifətin şansı var, – onlardan biri, müstəqil namizəd Artaşes Palancyan deyir.
Gürcüstanda 73 birmandatlı seçki dairəsi var. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, etnik azlıqlar onlardan 12-də çoxluq təşkil edir. Bu rayonların əhalisi əsasən ermənilər və ya azərbaycanlılardır.
73 mandata sahib çıxmaq istəyən 850-dən çox majoritar namizədin 12-si etnik ermənidir. Proporsional səsvermədə iştirak edən namizədlər arasında altı erməni var.
İndiki parlamentdə üç etnik erməni var. Ruslan Poqosyan və Enzel Mkoyan “Gürcü arzusundan və Samvel Petrosyan – bitərəf.
Hər üç deputat parlamentdə olduqları müddətdə fəallıqları ilə seçilməyiblər. Enzel Mkoyan 4 il ərzində bir dəfə də olsun parlament tribunasından istifadə etməyib. Poqosyan cəmi iki dəfə mikrofona yaxınlaşıb, Petrosyan isə parlament iclaslarında ən az iştirak edən 20 deputat siyahısına daxildir.
“Bizi ancaq seçkilərdə yada salırlar, ən məşhur brendə çevrilirik, buna qədər salam verirsən, salamını almırlar, indi isə gəlib hamıya əl verirlər, – Axalkalaki sakini Ayk Manukyan deyir.
İşsizlik və digər sosial problemlərin həlli ilə birlikdə namizədlərin seçkiqabağı təşviqat zamanı payladığı əsas seçkiqabağı vədlər Rusiya ilə münasibətlərin tənzimlənməsi və vizasız rejimin ləğvidir.
Təxminən 80 faiz kişiləri ailələrini dolandırmaq üçün Rusiyaya mövsümi iş dalınca gedən Cavaxeti üçün bu, cəlbedici bir təklifdir.
Nune və qonşusu Anaitə Kartsax kəndində, kartof sahəsində rast gəldik.
“Hər dəfə biri gəlib xahiş edir ki, ona səs verək. Hər dəfə də eyni şey, amma heç nə dəyişmir, – Nune deyir. Həyat yoldaşı hazırda Krasnodarda yol tikintisində işləyir.
Kartsax Türkiyə ilə sərhəddə yerləşən kənddir. Kənd sakinləri hələ də qışda evlərini qızdırmaq üçün təzək yandırır. Kəndin problemlərinin uzun siyahısını sadalayarkən sakinlər deyirlər ki, əsas problem içməli su qıtlığı və təbii qazın olmamasıdır. Bu kənddə suyu hələ də vedrələrdə və eşşəklərdə daşıyırlar.
“Bahalı maşınlarda gəlib, bir yığın şey vəd etdilər, pasportumuzu istədilər… Mənsə sakitcə qulaq asıb, deyirəm – uşaqlar, su içmək istəyirəm, gözlərim qaralır. Dedim, gedin deyin ki, suyumuz yoxdur, adamlar ölür burada. Bütün günü kartof yığırıq, axşam da yorğun-arğın su daşıyırıq ki, çimək və yerimizə uzanıb yataq, – 47 yaşlı Anait deyir.
Dərc olunub 6.10.2016