Çətin seçim
Aprelin 2-də Ermənistanda seçicilər ilk dəfə tamamiylə yeni sistemlə səs verəcəklər. Ekspertlərin fikrincə, yeni səsvermə proseduru anlaşılmaz və qarışıq olmaqla yanaşı, həm də həddən artıq çətinləşdirilib.
Ermənistanda aprel ayına təyin olunan parlament seçkilərinin ədalətli, şəffaf və pozuntusuz keçirilməsi üçün qanunvericilər aylarla Seçki Məcəlləsini üzərində işləyiblər. Uzun sürən müzakirələr və danışıqlardan sonra nəticədə konsensusa gəlib, Məcəlləni qəbul ediblər. Amma indi müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri bildirir ki, seçki günündə insanlar seçki məntəqələrində çaşqınlıq içində olacaq, kimə, necə və hansı ardıcıllıqla səs verməli olduqlarını anlamayacaqlar.
Vətəndaş cəmiyyətinin fikri
“Transparency International” anti-korrupsiya mərkəzinin məsləhətçisi Eriknaz Tiqranyan deyir ki, seçicilər əllərində olan sənədlərlə çox diqqətli davranmalı olacaqlar:
“Necə səs vermək lazımdır? Qorxuram ki, əksər seçicilər səhvə yol verəcək. Birincisi, yadda saxlamaq lazımdır ki, bülletenin birinci səhifəsində heç bir qeyd yazmaq olmaz, çünki belə olan halda seçicinin səsi hesablanmayacaq. Amma birinci səhifədə hətta kiçik bir qeyd belə bülleteni etibarsız edirsə, ikinci səhifədə əksinə, istənilən qeyd, hətta eyni vaxta bir neçə namizədə səs vermək bülletenin etibarsız sayılmasına gətirib çıxarmayacaq. Sadəcə belə olan halda seçicinin səsi namizədə deyil, partiyaya veriləcək.
Seçicilər bülleteni zərfə hansı şəkildə qoymaq məsələsində də çaşbaş qala bilərlər, çünki onu qatlamalı olub-olmadıqlarını bilməyəcəklər. Ola bilsin, istifadə olunmamış bülletenlə bağlı da nə edəcəklərini bilməsinlər: onu evə xatirə kimi aparmalı, zibil qutusuna atmalı yoxsa bu seçimə görə onlara rüşvət verən şəxsə sübut kimi verməlidirlər”.
Eriknaz Tiqranyanın fikrincə, yeni səsvermə metodu pilot proqramı üzrə “sınaq”dan keçsəydi, bütün bu problemlər üzə çıxa bilərdi. Amma bu, baş vermədi, halbuki hakimiyyət nümayəndələri bildirirdilər ki, yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı yeni sistem əvvəlcədən sınaqdan keçiriləcək. Ermənistanın cəmi iki kiçik icmasında – Vardaşen və Semyonovkada şəxsiyyət vəsiqəsinin elektron qurğuları sınaqdan keçirilib ki, bu da bütün seçki prosedurunun yoxlanması demək deyil.
Hakimiyyətin fikri
Qanunla yaxından tanış olandan sonra artıq bunun mürəkkəb proses olması təəssüratı yaranmayacaq. Sadəcə bizdə əvvəllər seçkilər texniki qurğular istifadə olunmadan keçirilib və barmaq izlərinin qeydiyyatı olmayıb. Buna görə də belə bir fikir yaranır ki, “zəncirin” halqalarının sayı artıb, bu da prosesi çətinləşdirir. Ermənistanın Respublika Partiyasının parlament fraksiyasından olan deputatı Vaqram Mkrtçyan belə hesab edir. O deyir ki, komissiyanın hər bir üzvü istənilən seçiciyə yeni qaydanı izah edəcək, bu halda da çox güman ki, heç bir çətinlik yaşanmayacaq. İnsan seçkilərə gəlibsə, deməli məlumatlıdır, seçkilərin əhəmiyyətini dərk edir, çaşbaş da qalmayacaq:
“Komissiya üzvlərindən başqa, məntəqələrdə texniki avadanlığın sazlığına görə cavabdeh olan mütəxəssislər də olacaq. Onlar şəxsiyyətin identifikasiyası qurğularına seçicilərin pasport məlumatlarını daxil edəcəklər. Bu mütəxəssislər birdən səsvermənin qanuni gedişatını pozsalar (misal üçün, bir nəfəri iki dəfə səsverməyə buraxsalar), inzibati məsuliyyətə cəlb olunacaqlar.
Bu səsvermə qaydasının əvvəlcədən sınaqdan keçirilməsi məsələsinə gəlincə, sınaq avadanlığın maliyyələşdirilməsi məsələsi həll olunmadığı üçün həyata keçirilməyib. Amma sizi əmin edirəm ki, prosesin qaranlıq tərəfləri heç də texniki avadanlıqla bağlı deyil”.
Vaqram Mkrtçyan vətəndaşların istifadə edilməmiş bülletenləri seçki məntəqələrindən çıxarması məsələsində də heç bir problem görmür. Seçicilərin əlində qalan bülletenlər əslində, yararsızdır və heç cür istifadə oluna bilməz.
Müxalifətin fikri
“Yelk” (tərcüməsi “çıxış” deməkdir) blokundan deputatlığa namizəd Mane Tandilyan da bu fikri bölüşür ki, yeni sistem mürəkkəb və qarışıqdır və seçicilərin həqiqətən də bütün prosesi anlaması ilə bağlı çətinlikləri yaran bilər.
“Mənimlə məhz necə səs verəcəyini anlamaq üçün görüşən adamlar var: bir namizədi seçə bilərlərmi, ümumiyyətlə heç kimə səs verməyə bilərlərmi, eyni vaxtda əllərində bir neçə sənəd necə olacaq, istifadə olunmamış bülleteni atmaq nə deməkdir…
Düşünürəm ki, məhz məlumatlılığın az olması çoxlu sayda istifadə olunmamış bülletenlərin yığılmasına səbəb olacaq. Müxtəlif maraqlı üsullarla: fleşmoblar, aksiyalar, görüşlər, sosial şəbəkə, video çarxlar vasitəsiylə və başqa üsullarla insanları məlumatlandırmaq, seçki günündə seçki məntəqələrində nələrin baş verəcəyini izah etmək lazımdır. Onu da vurğulamaq istəyirəm ki, pilot presedenti olsaydı, bütün texniki boşluqlar əvvəlcədən üzə çıxardı, onları aradan qaldırmaq üçün də vaxt qalardı”.
Mane Tandilyan bu fikri bölüşmür ki, seçici seçkilərə gəlibsə, deməli yüz faiz o dərəcədə hazırlıqlıdır ki, mürəkkəb səsvermə prosedurunda çətinlik çəkməyəcək. İnsan öz vətəndaş borcunu yerinə yetirməyə gəlibsə, bu o demək deyil ki, o seçki prosesinin bütün qaydaları ilə tanışdır.
Arayış
Aprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq, bundan sonra da ölkə yarım prezident idarəçiliyi üsulundan parlament idarəçiliyinə keçəcək. Seçki günündə seçicilər üstün tutduqları partiyaya və seçki məntəqəsində onlara təqdim olunan partiya siyahısından konkret namizədə səs verəcəklər.