Cənubi Qafqaz ölkələrinin Rusiya ilə iqtisadi münasibətləri necə dəyişib? – Bakıdan icmal
Cənubi Qafqaz – Rusiya iqtisadi əlaqələri
Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu region ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir.
Son illərdə Gürcüstan və Azərbaycanın Rusiya ilə ticarət əlaqələri böyük dəyişikliklərə məruz qalmayıb. Ermənistanın Qərbə inteqrasiyası ilə bağlı fikirlər səsləndirilsə də, iqtisadi göstəricilər bunun əksini deyir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın Rusiyadan iqtisadi asılılığı daha da artmaqdadır. Gürcüstan və Azərbaycanın son illərdə Rusiya ilə ticarətində isə ciddi dəyişikliklər müşahidə edilməyib.
- “Hər bir tərəf öz şərtləri ilə münaqişələrini həll etmək üçün gözlənilməz, qəfil bir yardım gözləyir.” Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar ilə müsahibə
- ABŞ-ın Cənubi Qafqaz strategiyası: Baydenin prezidentliyi dövründə nələr əldə olunub?!
- “Rusiya sərhədçilərinin hava limanını tərk etməsi Ermənistanın suverenliyini möhkəmləndirir” – Yerevandan şərh
Azərbaycanın Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin (CSSC) analitiklərinin region ölkələrinin statistika idarələrinin və “Transparency International” beynəlxalq təşkilatının məlumatlarına əsaslanan icmalını diqqətinizə çatdırırıq.
Azərbaycan-Rusiya ticarət əlaqələri
“Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-2023-cü illərdə 1.45 dəfə artaraq $4.36 milyarda, ixrac 1.3 dəfə artaraq $1.12 milyarda, idxal 1.52 dəfə arataraq $3.16 milyarda çatıb. 2024-cü ilin ilk yarısında isə ticarət dövriyyəsi $2.17 milyard, idxal $1.6 milyard (+4.4%), ixrac $557 milyon (-10%) təşkil edib.
2021-2023-cü illərdə Rusiyanın Azərbaycanın xarici ticarət əlaqələrində payı ixrac üzrə 4.15%-dən 3.53%-dək azalıb, idxal üzrə 17.7%-dən 18.3%-dək artıb. 2024-cü ilin ilk yarısında isə Rusiyanın ixracda payı 4.31%, idxalda payı 18.17% təşkil edib.
Göründüyü kimi, Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin həcmi son üç ildə artan tempə malik olsa da, bu artım kəskin xarakter daşımayıb. Azərbaycanın ticarətində Rusiyanın payı da ciddi şəkildə dəyişməyib”.
Gürcüstan-Rusiya ticarət əlaqələri
“Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələrində əsaslı artım 2022-ci ildə müşahidə edilib. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 1.53 dəfə artaraq $2.45 milyarda çatıb. 2023-cü ildə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 2.9% azalaraq $2.4 milyarda bərabər olub.
2024-cü ilin ilk beş ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac 2.8%, idxal 6.1% azalıb. Buna baxmayaraq, Rusiyanın Gürcüstanın ticarətində payı əsaslı dəyişikliklərə məruz qalmayıb.
Beləliklə də, Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələri 2022-ci ildə artsa da, sonrakı dövrdə azalmaya meylli olub. Bu proses cari ilin ilk beş ayında da davam edib”.
Ermənistan-Rusiya ticarət əlaqələri
“Cənubi Qafqaz ölkələri arasında son illərdə Rusiya ilə ticarət əlaqələrində ən böyük dəyişikliklərin baş verdiyi ölkə Ermənistandır. Belə ki, 2021-2023-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2.6 dəfə artaraq $7.4 milyarda çatıb. Bu dövrdə Rusiyadan idxal 2 dəfə, Rusiyaya ixrac isə 4 dəfə artıb.
Oxşar artım trendi 2024-cü ildə də davam etməkdədir. Artıq 2024-cü ilin ilk beş ayında Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bütün 2023-cü il ərzindəki dövriyyədən daha çox olub. 2022 və 2023-cü illərdən fərqli olaraq, 2024-cü ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin artımında idxal həcminin kəskin şəkildə artması daha çox rol oynayıb.
Güründüyü kimi, Ermənistan ilə Rusiya arasında siyasi sahədə müşahidə edilən gərginliklərin fonunda ticarət əlaqələri sürətlə inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsində son illərin ən böyük artımı müşahidə olunur”.
Nəticə
“Beləliklə də, son üç ildə Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələri fərqli dinamika nümayiş etdirib. Bu dövrdə region ölkələri arasında Rusiya ilə daha geniş ticarət əlaqələrinə malik dövlət məhz Ermənistan olub. Cari ilin ilk 5 ayına aid rəqəmlər bir daha sübut edir ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələri inanılmaz templərlə genişlənir.
Gürcüstanın Rusiya ilə ticarət əlaqələrində illər üzrə fərqli mənzərə qeydə alınıb. İdxalda müəyyən artımlar müşahidə edilsə də, ixrac demək olar ki, sabit səviyyədə qalıb.
Azərbaycanın Rusiya ilə ticarət əlaqələri inkişaf etsə də, bu proses tədricən baş verib və sıçrayış müşahidə edilməyib. Rusiya ilə ticarətin artması Azərbaycanın ümumi xarici ticarət əlaqələrinin genişlənməsi prosesinin fonunda baş verdiyindən, Azərbaycanın xarici ticarətində Rusiyanın payı ciddi şəkildə dəyişməyib”.