Cənubi Osetiya, yeni siyasi mübahisə: Ruten tuneli, yoxsa Bilar tuneli?
Cənubi Osetiyada Soxs dağının (Baş Qafqaz dağ silsiləsi) altından keçən və respublika üçün həyati əhəmiyyət daşıyan nəqliyyat infrastrukturu elementi olan tunelin adının dəyişdirilməsi ətrafında müzakirələr qızışıb.
Hazırda Ruk tuneli adlanır (osetin versiyasında “Ручъы тъунел”, sovet vaxtında isə Rok tuneli adını daşıyırdı). Tunel Transqafqaz magistralının 93-cü kilometrində yerləşir, Cənubi və Şimali Osetiyanı birləşdirir.
Gürcü-osetin münaqişəsindən sonra 1990-cı illərin əvvəllərində, xüsusən də 2008-ci ilin avqust müharibəsindən sonra magistral Cənubi Osetiyanı ətraf aləmlə birləşdirən yeganə yoldur.
Tunelin adı yerləşdiyi aşırımın adından götürülüb. Adının dəyişdirilməsi məsələsi yerli cəmiyyətdən qaynaqlanır – burada tuneli daha çox “Ruten Tuneli” (osetincədə «Рутены тоннель») adlandırırlar.
Mühəndis Ruten Qaqloyev Cənubi Osetiyada məşhur isimdir. Hesab olunur ki, 1920-ci illərdə aşırım yolunun və tunelin ilk layihəsini məhz o, hazırlayıb və 1970-ci illərdə inşaat işləri başlayanda məhz Qaqloyevin layihəsi əsas götürülüb.
Qızğın mübahisələr isə rəsmi səviyyədə tamamən başqa təşəbbüs irəli sürüləndən – tunelə sovet vaxtının yerli liderlərindən biri olan Bilar Kabaloyevin adını vermək təklifi səslənəndən sonra başladı. Kabaloyev 1961-1982-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Şimali Osetiya vilayət komitəsinin birinci katibi olub. 2017-ci ilin noyabrında Cənubi Osetiyada onun 100-cü doğum günü təntənəli şəkildə qeyd olunacaq və təşkilat komitəsi bu günlə əlaqədar olaraq tunelin onun şərəfinə adlandırılmasını təklif edib.
Sosial şəbəkələrdə qızğın etirazlar səslənir, insanlar kütləvi şəkildə bu ideyadan imtina etməyi tələb edirlər, onlar da tunelin adının dəyişdirilməsini istəyirlər, amma “Ruten tuneli” olaraq.
Cənubi Osetiya Ali Məclisinin birinci çağırış deputatları da xüsusi müraciətlə çıxış ediblər. Məktubda bildirilir ki, onlar “Bilar Kabaloyevin 100 illiyinin qeyd olunması üzrə təşkilat komitəsinin təşəbbüsünü təəccüblə qarşılayıblar”.
“Hələ 1990-cı illərin əvvəllərində bir qrup deputat… Ruk tuneli və Transqafqaz magistralına əfsanəvi mühəndis Ruten Qaqloyevin adının verilməsi təklifi ilə çıxış etmişdi. … Elə məsələlər var ki, ümummilli əhəmiyyət daşıyır və bu məsələlərdə heç kimə “qırmızı xətti” keçmək imkanı verilə bilməz”, – müraciətdə deyilir.
Bu məktubu imzalayanlar həmçinin təklif ediblər ki, tunelin hər çıxışına biri olmaqla Ruten Qaqloyevin iki büstü qoyulsun.
İmzalayanlardan biri Kazbeq Çelexsatı jurnalistlərə bildirib ki, “Ruten tunelinin” dəstəklənməsi üçün imzaların toplanması davam edir.
Tunelin uzunluğu 3,730 metrdir, dəniz səviyyəsindən 2 kilometr yüksəklikdə yerləşir. Rok tuuneli istismara verildiyi zaman Sovet İttifaqındakı ən uzun avtomobil yolu olub.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır