Cənubi Osetiya fermerlərinin məhsullarının Rusiyaya buraxılmaması davam edir
“Bax, bu almalar çaçaya gedəcək. O biri, çəlləyə atdığım almalar isə ev heyvanlarının yemi üçündür”, – Dmenis kəndindən olan bağban Şota təəssüflə cavab verir.
Şota keçə papaqlı enlikürək qocadır, qabarlı əlləri ilə almaları seçib, taxta yeşiklərə doldurur. Qızılı “şafran” istənilən qonaqlıqda süfrənin bəzəyi ola bilərdi. Amma bu meyvələr qaranlıq anbarda çürüyüb gedəcək.
Şota yenə də vaxtında öz məhsulunu Vladiqafqaz bazarlarında sata bilməyib, indi də vaxt keçib, heç nə alınmayacaq. 2017-ci ilin məhsulunu da bundan əvvəlki illərdə olduğu kimi qohumları arasında paylayacaq. Bəlkə də Sxinval bazarında almaların bir hissəsini ən yaxşı halda 80 rubla [təxminən 1.50 $] sata bildi.
Hesab olunur ki, Cənubi Osetiyada ən dadlı almalar ekoloji cəhətdən ən təmiz olan Dzaus rayonunda yetişir. Şota isə deyir ki, onların satıcını cəlb edəcək “parıltılı” görünüşü yoxdur. Əsl almalıq cənnəti isə Sxinval rayonu, Dmenis, Satikar, Xelçua kəndləridir. Burada, “antonovka”, “şafran” və başqa növlər yetişdirilir. Üzümçülük isə ənənəvi olaraq Znaur rayonunda daha yaxşı inkişaf edib.
Amma yerli kəndlilər inkişaf haqda deyil, yetişdirdikləri məhsulla nə edəcəklərini bilmədikləri şəraitdə öz bağları və istehsalatlarının qorunması haqda düşünür. Cənubi Osetiyada istehsalı stimullaşdıracaq yeganə bazar Rusiyadır. Amma məhsul respublikadan məhz ora göndərilə bilməz.
Cənubi Osetiya fermerləri öz mallarını Sxinval bazarında satır, burada da Rusiyadan, ya da Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən meyvə və tərəvəzlərlə rəqabət aparır.
Cənubi Osetiyalı sahibkar İnal (özünün tam adını demək istəmədi) deyir: “Artıq onuncu ildir ki, Cənubi Osetiya Rusiya tərəfindən tanınıb, infrastrukturun bərpası və inkişafında onun əvəzolunmaz diqqəti və köməyindən faydalanır. Amma iqtisadi cəhətdən republika hələ də dəstək almayıb”.
İnal və JAMnews-un söhbət etdiyi başqa sahibkarlar bunda respublika rəhbərliyini günahlandırır.
Keçilməz bürokratiya
Cənubi Osetiya fermerlərinin əsas çətinliyi Rusiya sərhədini keçərkən Rusiya gömrüyünün tələb etdiyi sənədlərin olmamasıdır. Onları almağa yer də yoxdur, çünki Cənubi Osetiyada lazımi müfəttişliklər yaradılmayıb.
Təxminən bir ay əvvəl burada dövlət baytarlıq və fitosanitar nəzarəti xidməti yaradılıb, “Yuqosselxoznadzor” adlanır. Xidmət Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq nəzarəti idarəsinin yenidən qurulması nəticəsində yaradılıb.
Bu yeni xidmət kənd təsərrüfatı məhsullarını yoxlamaq və Rusiya gömrüyünün tələb etdiyi sertifikatları vermək səlahiyyətinə malikdir. Yeni qurumun rəhbəri Alan Marqiyevin sözlərinə görə, bu, ilk dəfə baş verir, indiyə qədər Cənubi Osetiyada bu işlə məşğul olan təşkilat olmayıb.
[pullquote align=”right”]İndiyə qədər Cənubi Osetiyada kənd təsərrüfatı məhsullarını yoxlayıb, sertifikat vermək səlahiyyətinə sahib xidmət mövcud olmayıb.[/pullquote]
Nəhayət ki, xidmətin yaradılmasına baxmayaraq, görünən odur ki, problem həll olunmayıb. “Yuqosselxoznadzor” məhsullara müvafiq sənəd və arayışlar vermək hüququna malikdir, amma müstəqil şəkildə məhsulları analiz edə bilməz. Ölkədə olan yerli laboratoriyalar isə “hələlik bütün istiqamətlərdə işləmək iqtidarında deyil”, – deyə Alan Marqiyev bildirir. Bundan əlavə, onlar Rusiyada akreditasiyadan keçməyib, bunsuz isə aparılan tədqiqatların nəticələri Rusiyaya məhsul çıxarmaq cəhdi zamanı real hesab olunmayacaq.
Marqiyev müvəqqəti həll yolunu Rusiya səlahiyyətli orqanı ilə “Rosselxoznadzor” arasında müqavilə bağlamaqda görür. O, razılıq versə, Cənubi Osetiya məhsullarını yoxlamaq üçün Rusiya laboratoriyalarına göndərəcəklər. Bu nə qədər vaxt aparacaq və fermerlərə neçəyə başa gələcək – artıq başqa məsələdir.
Görünən odur ki, xırda fermerlər üçün bu problem tezliklə həll olunmayacaq. Amma bu günlərdə bu problem Cənubi Osetiyada sərmayəçilərin vəsaitiylə tikilən iri “Rastdon” müəsisəsi – ət emalı zavodu üçün demək olar ki, həll olundu.
Əvvəlcə planlaşdırılırdı ki, yerli heyvandarlıq təsərrüfatları öz məhsullarını “Rastdon”a təhvil verəcək, o da onu emal edib, ixraca göndərəcək. Amma indiyə qədər bu sxem işləməyib – məlum olub ki, Cənubi Osetiyada baytarlıq nəzarəti həyata keçirən və müvafiq sertifikatlar verən qurum yoxdur.
İndi də konkret olaraq bu zavod üçün çıxış yolu tapılıb. Bu yaxınlarda “Rosselxoznadzor” zavodda istehsalı yoxlamadan keçirib və onun məhsullarına müstəqil şəkildə nəzarət etməyə və sertifikatlar verməyə razılıq verib.
Çox güman ki, bu sxem elə həmin Rusiya sərmayə proqramı çərçivəsində başlanan bir neçə, çox az sayda müəssisələr üçün də işləyəcək. Sıravi fermerlər isə problemin həllini gözləməli olacaq.
Təxminən bir il əvvəl Cənubi Osetiyanın o vaxtkı baş nazir müavini Dmitri Kozaev tezliklə respublikada kənd təsərrüfatı istehsalçılarına Rusiyaya aparıb satmaq üçün məhsullarını müşaiyət etməli olan sənədlər paketinin hazırlanmasında kömək edəcək agentliyin yaradılacağını elan etdi. Amma hazırda agentliyin sonrakı taleyi barədə hər hansı bir məlumat yoxdur.
С ənubi Osetiya Ticarət İstehsal Palatasının sədri Roin Kozaev JAMnews-a bildirib ki, Cənubi Osetiyada kənd təsərrüfatı sərmayəçilərin sayəsində inkişaf etməyə başlayıb, amma inkişafa yerli məmurlar mane olur.
“Hamı kömək və pul istəyir, amma heç kim iş yerləri açmaq istəmir. Sahibkarlar da geri qalmır, qətiyyən vergi vermək istəmir. Kreditləri qaytarmır. Hər şey o qədər də asan deyil”, – Kozayev deyir.
Cənubi Osetiyalı mütəxəssis Yuri Vazaqov JAMnews-a bildirib ki, Cənubi Osetiyadan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının işə salınması respublika üçün strateji məsələdir. Amma bu problemin həlli barədə hələ indi fikirləşməyə başlayıblar.
Vazaqov deyir: “Moskvada Cənubi Osetiya prezidenti ilə Vladimir Putinin bu yaxınlarda baş tutan görüşü zamanı deyilib ki, Moskva respublikaya sahibkarlar və fermerlər üçün 1 milyard rubl [təxminən 17 milyon dollar] məbləğində güzəştli kredit verəcək. Ona görə də laboratoriyalarla bağlı problemi təcili həll etmək lazımdır”.
Yerli pomidorlar türk pomidorlarından bahadır
Mütəxəssis Roland Kelexsayev hesab edir ki, bu sahədə daha bir böyük problem idxaldan asılılıq və yerli məhsulların rəqabətə dayanıqlı olmamasıdır:
“Bizim yerli pomidorlar niyəsə Türkiyədən gətirilən pomidorlardan bahadır. Niyə? Səbəb çoxdur. Kəndlər boşalıb, orada yetişdirilən isə əsasən şəxsi istifadə üçündür. Texnika yoxdur, kəndlilər öz bostanlarını əsasən əlləri ilə becərir, buna görə də yerli kənd təsərrüfatı məhsullarının qiyməti daha bahadır”.
Cənubi Osetiyada uğurlu fermer təsərrüfatı nümunələri də var, bu, Dzaus və Znaur rayonlarında bir neçə heyvandarlıq ferması, Vanat və Kemulta kəndlərində bir neçə balıqçılıq fermasıdır.
Ümumilikdə isə problemi həll etmə cəhdləri hələ də o qədər də uğurlu deyil.
Roland Kelexsayev deyir: “Sahibkarlar kredit götürür və şərtlərə əməl etmirdilər. Sonra da müflisləşmə adı altında pulları da götürüb, yoxa çıxırdılar”.
O, çıxış yolunu kompleks yanaşmada görür. Deyir ki, birincisi, kreditlər hansısa ixtisaslaşmış fermer təsərrüfatı inkişafı proqramı çərçivəsində verilməlidir. İkincisi, proqram aşağı faizli kreditlər təklif etməli və kütləvi xarakter daşımalıdır. “Maliyyələşdirmə sadəcə iki-üç sahibkar üçün yetəcək qədər olmamalıdır”, – Kelexsayev deyir.