“Burda bizə yaxşıdır. Amma Avstriyaya getmək istəyirik”
Çeçenistandan olan yüzlərlə qaçqın Aİ-yə Belorusun Brest şəhərindən keçməyə çalışır. Yalnız onlarla insan qatarla Polşaya gedib çıxa bilir, orada onlar qaçqın düşərgəsinə düşürlər və rəsmi status alacaqları günü gözləyirlər. Amma heç də hamısı bu statusu ala bilmir. Euroradio-nun müxbiri çeçen qaçqınlarının aylar, bəzən isə illər sərf etdiyi marşrutu üç günə təkrarlayıb.
Səhər saat altı, Brest Dəmiryolu Vağzalının beynəlxalq zalı tədricən insanlarla dolur. Sərhəd yoxlanışının başlanmasına iyirmi dəqiqə qalmışdan gəlmişəm, qeyri-ixtiyari yerli kontrabandaçı qadınların söhbətinə qulaq kəsilirəm:
- Bax, bu gün nə qədərdirlər.
- Onlar həmişə çoxdurlar.
- Yox, bu gün həmişəkindən daha çoxdurlar.
- Moskva qatarı təzəcə gəlib, bəlkə oradan gələnlərdir.
- Gedirlər ki, sığınacaq istəsinlər.
- Bəlkə biz də gedək?
- Bizə verməzlər.
Brestli xalalar “onlar” deyəndə Avropa İttifaqında qaçqın statusu almaq yolunda Brest vağzalını tranzit nöqtə kimi istifadə edən qafqazlıları nəzərdə tuturlar, əsasən də çeçenləri.
Marşrut sadədir: Qroznı-Moskva-Brest-Terespol. Son məntəqə – ancaq bəxti gətirənlərə. Çeçenlərin şengen, hətta Polşanın milli vizası da yoxdur. Brestdə qafqazlılara kömək edən Belorus hüquq müdafiəçilərinin məlumatına görə, hazırda orada 400 nəfər var. Bəziləri onlarla dəfə Belorus-Polşa sərhədini keçməyə çalışır, amma çifayda. Polşa sərhədçiləri heç də hər arzu edənin üzünə qapıları açmır. Polyakların kimi buraxıb, kimi buraxmadığı ilə bağlı yanaşması anlaşılan deyil.
Sərhəd nəzarəti məntəqəsinin qapıları açılır. Keçiddə yaşıl formalı adam dayanıb və qafqazlıları bir-bir saxlayaraq pasportunu göstərməyi tələb edir. Mənim göy üzlü pasportumu görən kimi səssizcə başını yelləyir.
“Brest-Terespol” qatarı dörd vaqondan ibarətdir və haradasa alman işğalı dövrünü, ictimai nəqliyyatın “almanlar üçün” və “qalanlar üçün” olan hissələrə bölündüyü vaxtları xatırladır. Əli çantalı, uşaqlı çeçenlər üçüncü və dördüncü vaqonlarda gedirlər. Beloruslar və polyaklar isə birinci və ikincidə. Mən ikinci vaqondakı yerimə keçirəm, orada gözlənilmədən iki uşaqlı gənc çeçen qadınla rastlaşıram. Belorusdan Polşaya qədər iyirmi dəqiqəlik yol ərzində qadın bircə sualıma da cavab vermir.
“Məni siyasiyəm, onlar isə ticari”
Qroznıdan olan 59 yaşlı inşaatçı Lomali Kaytukayevlə Byala Podlyaskada əcnəbilərin bölüşdürücü Mərkəzinin uşaqlar üçün olan otağında söhbət edirik. Ətraf şən divar kağızlarından, rəngarəng stullardan, gül-çiçəkdən ibarətdir. Otaq günəş şüaları ilə işıqlanıb. Lomali bura necə gəlib çıxdığını danışır.
“2004-cü il idi. Qudermesə getmişdim və bu zaman evimin yanında iki adam öldürmüşdülər. Bunu mənim boynuma yıxmaq istəyirdilər, arvadıma hücum elədilər, bütün bunlar iki yaşlı oğlum da gördü. Hər şey onun gözü qarşısında oldu. Amma məni ittiham etmək alınmadı. Qudermesdə məhz müstəntiqin dindirməsində olmuşdum. Bu, məni xilas etdi, alibim var idi”, – çeçen kişi deyir.
İşin təfərrüatlarını öyrənə bilmirəm. Lomali deyir ki, “hələ tezdir”. İyunun iyirmisində onun taleyi həll olmalıdır, qaçqın statusunun tanınması haqda sənədlərə baxış bu günə təyin olunub. 2004-cü ildə baş verən həmin hadisədən sonra Lomali arvad-uşağı ilə birlikdə Avropa İttifaqına getmək qərarına gəlib. “Siz elə fikirləşirsiz ki, bizdə müharibə qurtarıb. Əslində heç də belə deyil. Müharibə davam edir. Amma başqa cür. Biz on üç il pul yığmışıq ki, bura gələk. İndi mən bu haqda danışa bilərəm, Çeçenistanda artıq heç kimim yoxdur”, – çeçen kişi deyir.
Səfər üçün o, 85 min rus rublu (1,5 min dollar) toplayıb. Yüz min də borc eləyib. “Çeçenistanda iş yoxdur. Elə olurdu ki, bir ay beş min rubla (88 dollar) dolanmalı olurduq. Yüz, iki yüz rubl olsa da kənara qoyurduq”, – Lomali xatırlayır. Onun bütün səyləri az qala Brest vağzalında boşa çıxacaqmış. Belorus sərhədçisi uşaqların doğum haqda şəhadətnamələrini tələb edib. “Üstümüzdə ancaq onların pasportları vardı. Biz uşaqlara xarici pasport çıxartdırmışıq, sizin sərhədçi isə bizdən metrikaları istəyirdi. Deyirdi ki, onlar olmadan bizi buraxa bilməz. Biz keçə bilərik, uşaqlar isə yox. Güc-bəla ilə onu dilə tutdum. Zorla yola gətirə bildim. Polyaklar isə Terespolda dərhal buraxdılar, biz ilk dəfədən keçdik. Sadəcə soruşdular ki, niyə Belarusda sığınacaq istəməmişəm”, – öz macəraları haqda çeçen kişi danışır.
Polşa sərhədçilərinin sualını təkrarlayıram. Cavabında deyir ki, Belarusda da Rusiyadakı sistemin eynisidir. Xüsusi xidmət orqanlarının əli hər yana çatır, adamın başına hər iş gətirə bilərlər.
Lomali məni arvadı, oğlu və qızı ilə birlikdə yaşadığı otağına, çaya dəvət edir. “Bəxtiniz gətirib ki, mənə rast gəlmisiz. Burda sizinlə danışmağa az adam razılaşardı. Buradakıların çoxu ticaridir”, – çeçen izah edir. “Ticari” dedikdə o, Avropa İttifaqına siyasi təqiblər üzündən yox, sosial yardımdan ötrü gedən soydaşlarını nəzərdə tutur.
Uzun dar, çılpaq divarlı, narahat mebelli otaqda çay içə-içə Lomalidən qaçqın statusu alandan sonra neyləmək niyyətində olduğunu soruşuram. “İstəyirəm Avropa Məhkəməsinə gedib çıxım. Çeçenistanda baş verənləri hər kəsə danışmaq istəyirəm. Polşada yaşamaq niyyətim varmı? Yox. Avstriyaya köçmək istəyirik. Bütün doğmalarım artıq ordadırlar. Vyanada yaşayacağıq”, – çeçen deyir.
Vidalaşarkən Lomali və arvadı Asiyadan yerli polyakların onlara necə münasibət bəslədiyini soruşuram. “Polyaklar normal münasibət bəsləyirlər. Əsasən də onlara polyakca müraciət edəndə çox xoşlarına gəlir. Biz az-az dili öyrənirik. Münaqişələr əsasən öz aramızdadır. Axı bura müxtəlif insanlar gəlir. Birlikdə yaşamaq çətindir”, – Asiya Kaytukayeva deyir.
“Xəstələndim. Belə qərara gəldim ki, burada müalicə olunmaq istəyirəm”
Birlant Kaysarova Çeçenistanda ət dükanında satıcı işləyib. O da Polşaya Brestdən keçərək gəlib, Kaytukayevlər ailəsi kimi o da bir müddət Byala Podlyaskada xüsusi mərkəzdə yaşayıb. Orada sənədlərinə dair veriləcək qərarı gözləyib. Polşa hakimiyyəti onu Byala Podlyaskadan Belostokdakı əcnəbilər üçün mərkəzə köçürmək qərarına gəlib. O, artıq il yarımdır ki, buradadır. Ayrıca otağı və kiçik mətbəxi var.
“Hələ ki, yaşayıram. Hər cür problem olub, indi də var, amma yaşayıram. Çalışıram Polşada qalım. Düzünü desəm, pis də yaşamıram. Daha yaxşı da ola bilərdi, amma mən burda tək deyiləm axı. Hamının güzəranını yaxşı eləmək olmur. Səhhətimdə problem yaranandan sonra Çeçenistandan getmək qərarına gəldim. Elə buna görə gəlmişəm. Evdə də müalicə oluna bilərdim, amma mənə kömək edəcəklərinə əmin deyildim. Dedilər ki, ola bilər, problem böyükdür. Xərçəng, ya da başqa nəsə. Mənə belə dedilər. Çox qorxdum və bura gəldim. Heç doğmalarımın hamısına da demədim”, – Birlant danışır.
Birlant Qroznıdan Moskvaya, oradan da Brestə yola düşüb. Brestdə macəralar başlayıb. “İlk dəfə Brestə inişilin sentyabrında gəlmişdik. On bir, ya on iki cəhd elədik Terespola getmək üçün. Bizi qoymadılar. Bir ay Brestdə vağzalda qaldıq, sonra bir aylıq Çeçenistana qayıtdıq. Dah sonra yenidən Brestə. İyirmi iki cəhd elədik keçmək üçün. Dəhşətli idi. Yeddi yaşlı qızım da yanımda idi. Əzab verirdim ona. Polyak sərhədçilərdən soruşurdum ki, niyə belədir? Deyirdim, yüz faiz bizi buraxmayacaqlarını desinlər. Biz də daha boş yerə getməzdik. Belə isə…”, – Birlant öz hekayəsini bölüşür.
Onun sözlərinə görə, Qroznıdan Terespola gəlmək üçün 40 minə yaxın rus rublu (700 dollar) xərcləyib. Pulların bir qismini borc alıb və hələ də geri ödəyir. “Brestdə vağzalda adamlar mənə köçək elədilər. Əsasən çeçenlər. Pul vermirdilər, amma bəzən bilet alırdılar. Terespola qədər bilet”, – o deyir.
Birlantın qızı məktəbğə gedir (Polşada qalmağın vacib şərtləri – biri altı yaşından yuxarı bütün uşaqlar məktəbə getməlidir). Özü ev təsərrüfatı ilə məşğuldur, şəhərə gedir. Danışır ki, yerlilərlə heç bir problemi yoxdur: “Əksinə, onlar özləri bizə yaxınlaşırlar. Xüsusən də daha yaşlılar. Yaxınlaşıb, öz dillərində danışırlar. Biz hamısını anlaya bilməsək də. Çox mehribandırlar”.
Birlant bilmir qaçqın statusu ala biləcəkmi. O, artıq bir dəfə rədd cavabı alıb, Çeçenistandan Avropa İttifaqına getməsinin vacibliyini təsdiqləyən əlavə sənədlər toplamalı olub.
Biz danışdığımız müddətdə otağa bir neçə çeçen qadını gəlir. Onlar rus dilində pis danışırlar, polyak dilində isə daha betər. Danışdıqlarından bircə onu anlayıram ki, Belostikda onlara “çox yaxşıdır, Çeçenistanda olduğundan qat-qat yaxşı”.
“Çeçenlərin beş faizə yaxını qaçqın statusu ala bilir”
“Bu insanlardan nə qədəri qaçqın statusu ala bilir? Yalançı olmaq istəmirəm, amma qaçqın statusu üçün müraciət edənlərin ancaq beş faizə yaxını bu statusu alır. Amma bunu anlamaq lazımdır ki, əgər onlar bir dəfə rədd cavabı alırlarsa, bir daha sənəd vermək imkanları var. Sadəcə vəziyyətdə yeni dəyişikliklərin yarandığını bildirmək lazımdır. İndi qanunvericilik dəyişib və əgər hətta idarəmizin rəhbəri qaçqın statusu ilə bağlı müraciəti rədd etsə, sərhəd xidməti humanitar səbəblərlə bağlı yaşama statusu verə bilər. Bu da Polşada leqal statusdur. Fərqi ondadır ki, inteqrasiya proqramlarında iştirak etmək mümkün deyil. Amma yaşaya və işləyə bilərlər”, – Belstokdakı əcnəbilər üçün Mərkəzin əməkdaşı Pavel Ukalski izah edir.
Belostokdakı əcnəbilər üçün Mərkəzdə 198 nəfər yaşayır. Qaçqın statusu almaq üçün sənəd təqdim etmiş daha 210 nəfər şəhərdə kirayə mənzillərdə yaşayır. Bütün şəhər üzrə təqribən 400 nəfər. Hər ay dövlət hər birinə 70 zlot (17 dollar) ödəyir, bundan başqa gündə üç dəfə pulsuz yemək, ayda bir dəfə paltar və vacib əşyalar almaq üçün yardımla (140 zlot, 35 dollara yaxın) təmin olunurlar, uşaqlara məktəbdə yemək üçün gündə doqquz zlot (iki dollardan bir az artıq) verilir. Mərkəzdə illərlə yaşadıqları zaman bəziləri iş tapa bilir, sürücülük vəsiqəsi alır, hətta şəxsi avtomobil də əldə edirlər.
“Bu adamların hansı status almasından asılı olaraq – qaçqın statusu, yoxsa humanitar səbəblərdən yaşama statusu və yaxud da rədd cavabı – onların gələcək taleyi həll olunur. Əgər ilk iki variant alınsa, inteqrasiya proqramı başlayır və on iki ay davam edir. Onlar yerli hakimiyyətin himayəsi altına keçirlər. Əgər rədd cavabı verilsə, o zaman yenə də iki ay bizdə qala bilərlər”, – Pavel Ukalski danışır.
“Çeçenlərdən başqa bizə Donbasdan ukraynalılar, həmçinin Krım tatarları da gəlir. Ukraynalılar əvvəlcə qaçqın statusu almırdılar. Hesab olunurdu ki, onlar müharibədən qurtulmaq üçün Ukraynanın digər ərazilərinə sığına bilərlər. Amma indi vəziyyət dəyişir, artıq ukraynalılara qaçqın statusu verildiyi hallar da var. Bütün bunlar çox fərdidir”, – Mərkəz əməkdaşı bildirir.
Onun sözlərinə görə, Belostok sakinləri artıq çeçenlərə alışıblar. Münaqişələr baş versə də, etnik zəmin təşkil etmir. “Diskotekalarda dalaşa bilərlər, amma burda səbəbin nə olduğunu demək çətindir. Bəlkə cavanların qanı qaynayır”, – Pavel danışır.
Qaçqın statusu verilməsi haqda sənədlərə baxış prosedurası altı aydan çox davam etmir. Amma praktikada bəzi çeçenlər mərkəzdə hətta iki il və daha artıq da yaşaya bilir. “Aydın məsələdir ki, bu, onlar üçün rahat vəziyyət deyil. Amma insanlara kömək etməyə çalışırıq. Bizim işimiz onların özlərini az-çox yaxşı hiss etməsini təmin etməkdir. Onlara kömək edən qeyri-hökumət təşkilatları da var. Qaçqın statusunun verilməsi haqda qərarı başqa instansiya qəbul edir”, – Pavel Ukalski deyir.
Minlərlə çeçenin bir neçə il sərf etdiyi yolu üç gündən də az vaxta qət etdim. Danışmağa cəhd göstərdiyim insanların əksəriyyəti söhbətdən boyun qaçırdı. Bəziləri həqiqətən təqibdən qorxur. Bəzilərinin isə Byala Podlyaskada Lomali Kaytukayevin danışdığı kimi, siyasi sığınacaq almaq üçün heç bir səbəbi yoxdur və onlar Qərbə köçmək üçün Polşada nisbətən leqal yaşama imkanından istifadə edirlər. Amma hər halda heç kim yaxşı həyatdan qaçmır.