Bu qarı heç kim görməyib
Hazırda Suxumda keçirilən “Təbiətin sirli ruhunun ölkəsi adlı fotosərgi hələ aysberqin zirvəsidir. Daha doğrusu, dağın zirvəsi, axı fotoşəkillər məhz dağlardan bəhs edir. Şəkillərin müəllifləri “Dağlıq Abxaziya Fondunun yaradıcılarıdır, bu il fondun beş yaşı tamam olur.
Abxaziya sakinlərinin mütləq əksəriyyətinin həyatı sahildəki şəhərlərdə cəmləşib. Yüksək dağlıq ərazi saf, toxunulmaz təbiət səltənəti kimi qalır, buraya ancaq yay aylarında çobanlar və bəzən də ovçular gəlib çıxır.
“Dağlıq Abxaziya Fondu təbiət və onun əzəməti haqqında yeganə abxaz layihəsidir.
Onun yaradıcıları Tengiz Tarba və Alan Voubadır.
Vouba və Tarbanın ideyası çox sadədir – dağlıq Abxaziyanı populyarlaşdıraraq, təbiətini qorumağa təşviq etmək. Fond sənədli filmlər çəkir, bukletlər, təqvimlər çap etdirir, ekspedisiyalar təşkil edir.
Fondun layihələri həm özəl kommersiya şirkətlərinin, həm də dövlət qurumlarının maliyyəsi hesabına həyata keçirilir.
2015-ci il fond üçün xüsusi il oldu – onun yaradıcıları o vaxt ayrıca böyük layihə həyata keçirdilər və adını “İlin fəsilləri qoydular.
İdeya ondan ibarət idi ki, ilin hər fəslində Abxaziyanın bütün dağlıq rayonlarına piyada, atın üstündə və avtomobil ekspedisiyaları keçirilsin. Onların baş çəkdiyi yerlər siyahısında Aqura yarğanı, Qrızba vadisi, Arbaika dağ massivi, Adyuada gölü kimi çətin gedib çıxılan yerlər var.
Ən unikal isə hər biri 10 gün çəkən dörd qış ekspedisiyası olub. Komanda çətin gedib çıxılan ucqar dağlıq rayonlara baş çəkib. Onlara qədər bu yerlərə ancaq vertolyotla gedirmişlər. Həmin yerlərdə qarın hündürlüyü 14 metrə çatır.
Onlar ilk dəfə dağlıq Abxaziyanın qış mənzərələrini fotolentə köçürüb, dünyaya göstəriblər.
“Təbiətin sirli ruhunun ölkəsi sərgisi birincidir və beş illik yubileyə həsr olunub.
“Bu sərgi vasitəsilə müəyyən xülasə yaratmağa çalışdıq – foto, video, öz fikirlərimizlə, – “Dağlıq Abxaziya fondunun yaradıcılarından biri olan Tengiz Tarba deyir.
Fondun işinin praktiki nəticələri ilk növbədə o vaxta qədər məlum olmayan dağ marşrutlarının xəritəyə salınmasından, “National Geographic və Rusiya mediası ilə əməkdaşlıq sayəsində Abxaziyanın imkanları barədə geniş auditoriyaya ətraflı məlumat çatdırmaqdan ibarət oldu. Bundan başqa sərgidə çox sayda foto və video gündəliklər açıq şəkildə təqdim edildi.
“Bu gün bizim demək olar ki, hər bir qitə ilə əlaqəmiz var. Bir neçə gün əvvəl Amerikadan olan idmançı və jurnalistlərlə söhbətim oldu. Onlar bizim çarxları gördülər, indi də Abxaziyaya gəlib, amerikalı freeride və ski-tour həvəskarlarına dağlıq Abxaziya haqqında danışmaq istəyirlər, – Tengiz Tarba deyir.
“Dağlarda keçirdiyimiz 365 ekspedisiya günü ərzində təbii ki, işimiz çox oldu. Amma məhz sərgi üçün kadrlar seçmək çox çətindir. Durub, günün çıxmasına, yaxud batmasına baxırsan və anlayırsan ki, bax indi gözlərinin qarşısında möcüzə baş verir, – Tengiz Tarba əlavə edir.
“Dağlıq Abxaziya məni dəyişdi. Daha doğrusu, bəlkə də köklərimə qaytardı, mənə özümlə harmoniya hissi bəxş etdi. Buna görə də hər kəsə çatdırmalıyıq ki, dağlıq Abxaziya haqqında bilmədən biz sanki yetim qalmışıq, – Tengiz bildirir.
Zalda Tengiz Tarbanın yüksək dağları əks etdirən rəngli fotoları Alan Voubanın ağ-qara zirvələr dünyası ilə üz-üzə dayanıb.
“Rəngləri sevirəm, amma … ağ-qara çalarlar vasitəsilə daha çox şey demək mümkündür. Mən sərhəd zolağı keçirməyə çalışdım. Gizli olanları göstərmək, gözə görünməyəni üzə çıxarmaq istədim, – Alan Vouba deyir.
“Mənim üçün sənət ilk növbədə dünyanın dərkidir. Suallar olanda obyektiv vasitəsilə həm təbiətdə, həm də özündə cavablar tapmaq mümkündür, – Alan deyir.
Fazil İsgəndər yazırdı ki, “zaman dağların arasında ləng gedir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 22.11.2016