“Bu il sülh sazişi imzalanmayacaq”. Bakıdan şərh
Mehman Əliyev sülh sazişi haqda
“Bu il sülh sazişi imzalanmayacaq”, – “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasını gələn il gözləmək olar. O vaxta qədər isə sərhəddə və Qarabağda hərbi toqquşmalar mümkündür – deyə o düşünür.
- İran Azərbaycanla gərginlik yaratmaqla nə əldə etdi? – Bakıdan şərh
- Azərbaycanın keçmiş xarici işlər naziri: “Hərbi əməliyyatların bərpası getdikcə reallaşır”
- “Siyasi partiyalar haqqında” qanun layihəsində tələblər yumşaldılıb
Sülh prosesinə nə mane olur?
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Ermənistan “sülh sazişinin imzalanmasından və münasibətlərin qaydaya salınmasından boyun qaçırır”.
“Eləcə də bütün diqqətini ona yönəldib ki, Azərbaycanla Rusiya və Qərb arasında qarşıdurma yaratsın, bununla da İrəvanın xeyrinə olacaq addımların atılmasına nail olsun. Ermənistan eyni zamanda çalışır ki, Qarabağın ermənilər yaşayan hissəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mövcud olmasın. Bu da sülh prosesində irəliləyişin əldə olunmasına mane olur”, – deyə Əliyev bildirib.
Jurnalist əlavə edir ki, Nikol Paşinyanın Azərbaycanın suverenliyini və beynəlxalq tanınmış sərhədlərini tanıması haqda bəyanatı sadəcə ritorikadır. “Mən real hərəkətlərdən və prosesdən bəhs edirəm”, – deyə o vurğulayıb.
Rusiyanın regiondakı siyasəti
“Rusiyanın açıq formada Ermənistanın tərəfində durmaq niyyəti yoxdur və durmur da.
Sadəcə olaraq, ruslar yaranan vəziyyətdən istifadə edərək, Azərbaycanla daha yaxın əlaqələr saxlamaq niyyətindədir. Bir neçə gün əvvəl Baş nazir Mixail Mişustinin Bakıya gəlməsi, iqtisadi münasibətləri gücləndirmək istəyi əsasdır. Onlar bu durumdan istifadə edərək, Azərbaycanla iş birliyi yaratmaq və bundan bəhrələnmək xəttini tuturlar, – deyə ekspert bildirib.
Mehman Əliyevin sözlərinə görə, bəzi siyasətçilərin Moskva-Yerevan-Tehran üçbucağı haqda bəyanlarına baxmayaraq, o, hazırda belə bir tendensiyanı müşahidə etmir.
İnformasiya agentliyinin direktoru Vladimir Putinin Valday Forumundakı bəyanatlarının ermənipərəst ruhu haqda bildirənlərlə də razı deyil:
“Putin “Valday” klubundakı çıxışı zamanı bildirdi ki, Qarabağla bağlı Vaşinqton və Rusiya variantları var. Vaşinqton variantı Qarabağdakı ermənilərə hansısa bir suverenlik verməyi nəzərdə tutmur. Ermənilərə dedi ki, istəyirsinizsə onunla razılaşın.
Bundan sonra Paşinyan dedi ki, rus sülhməramlılar Qarabağda 20 il qalsın. Eləcə də Xankəndində ermənilər mitinq təşkil etdilər. Daha sonra Soçi görüşü oldu və ermənilərə dedilər ki, gedin başınıza çarə qılın. Bildirildi ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli saziş yerinə yetirilməlidir”.
Mehman Əliyev hesab edir ki, Putin öz gedişləri ilə “Ermənistan rəhbərliyinin iç süzünü” göstərir:
“Buna qədər ermənilər deyirdilər ki, Putin-Əliyev-Ərdoğan üçlüyü bizə qarşıdır, Bakı Moskva ilə birgə hərəkət edir və s. Yəni bizi Rusiyaya bağlamağa çalışırdılar. Bunu da Rusiyanın Ukraynaya qarşı işğalçılığı fonunda edirdilər. Belə hiyləgər addımla bizi Rusiyanın müttəfiqi kimi təqdim etməyə çalışırdılar. Əslində isə Azərbaycan nə KTMT-nin, nə də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma özləri Rusiyanın müttəfiqi olduğu halda, bizi elə göstərirdilər.”
“Valday” klubunda Putinin çıxışından sonra aydın oldu ki, məhz Ermənistan Rusiyanın müttəfiqidir, Ermənistan rus ordusunun Qafqazdan çıxarılmasına qarşıdır. Yəni, öz məqsədlərinə çatmaq üçün Rusiyanın imkanlarından yararlanmağa çalışırlar və bunu da açıq ortaya qoyurlar. Gah dedilər rus ordusunun Qarabağda qalmasını istəyirlər, gah Xankəndində mitinq keçirib gələcəklərini Rusiya ilə birgə gördüklərini dedilər. Əslində isə Putin onları ifşa etdi və Qərb də bunu açıq gördü”.
İran nəyə nail olmağa çalışır?
Mehman Əliyev deyir ki, Azərbaycanın mövqeyi açıqdır.
“Bakı deyir ki, ərazi bütövlüyü bərpa olunmalıdır, Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində götürülməlidir.
O, həm də digər variantları birmənalı rədd edir. Bu da açıq, qəti və haqlı mövqedir. Əslində nə Rusiya, nə də ABŞ bu mövqeyə qarşı getmir. Bir qədər Fransa gedir, bu da reallıqdır.
İran bizə qonşu ölkədir, açıq bəyan edir ki, ərazi bütövlüyümüzü tanıyır. İran-Azərbaycan münasibətləri ərazi bütövlüyü üzərində qurulub. Bu da məncə, ermənilərə mesajdır ki, bizim üçün ərazi bütövlüyü əsasdır”, – jurnalist qeyd edib.
Hər şey Ukraynada həll olur
“İndi hər şey Ukraynada həll olunur. Bundan sonra Cənubi Qafqazda Qərbin təsiri güclənəcək. Bu da müsbət haldır. Ümumən hesab edirəm ki, 2023-cü ildə müsbət dəyişikliklər gözləniləndir. Regional, geosiyasi səviyyədə və daxildə belə dəyişiklikləri proqnoz etmək olar.
Birincisi, regionumuzda qlobal şəkildə Qərbin mövqeyi və təsiri güclənəcək.
İkincisi, regionda sülhün bərqərar olması üçün proses gedəcək. Bu da vacib məsələdir.
Üçüncüsü, Azərbaycan daxilində demokratiya ilə bağlı addımlar olacaq”, – deyə “Turan” agentliyinin direktoru bildirib.
İndən belə nə olacaq?
Onun sözlərinə görə, yaxın gələcəkdə hərbi toqquşmalar ola bilər:
“Bu, daha çox sülhə dəvət fonunda baş verə bilər. Ermənistan bu formada davam etsə hərbi əməliyyat keçiriləcək ki, Yerevan sülhə gəlsin, sazişi imzalasın və əsassız iddialarından əl çəksin.
Əslində, bu proses 2020-ci il müharibəsindən sonra bir neçə dəfə baş verib. Müharibədən sonra Azərbaycn üç əməliyyat keçirib – ikisini Qarabağda, birini Ermənistanla sərhəddə.
Hesab edirəm ki, Ermənistan bizimlə razılığa gəlməsə, bu tip əməliyyatlar yenə olacaq. Bunda həm də beynəlxalq oyunçular maraqlıdır. Onlar istəyirlər ki, məsələ tez bitsin, həll olunsun. Amma göründüyü kimi, Ermənistan buna mane olur”.
Mehman Əliyev əmindir ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalanmayacaq:
“Faktiki olaraq dekabrın 15-dən tətil başlayır, dünyanın başı özünə qarışır. İndi Ermənistanın məqsədi prosesi uzatmaqdır. Düşünürlər ki, onsuz da müharibəni uduzmuşuq, prosesi uzadaq, bəlkə nəsə dəyişdi.
Mənim qənətimcə, istənilən halda sülh sazişi imzalanacaq. Gələn il üçün bu, gözlənilən və mümkündür”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube