“Bu absurddur” – hüquqşünasların Gürcüstanın baş nazirinin Saakaşvilinin “intihar hüququnun olduğu” haqda sözlərinə reaksiyası
Saakaşvilinin “intihar hüququ olduğu” haqda Gürcüstanın baş nazirinin sözlərini hüquqşünaslar şərh edir
Hüquqşünaslar JAMnews-la söhbətlərində Gürcüstanın baş nazirinin həbsxanada aclıq elan etmiş eks-prezident Mixail Saakaşvilinin “qanunla intihar hüququ olduğu” haqda sözlərini “absurd, yalan və təhlükəli” adlandırıblar.
“Əgər insan başqasının yox, öz səhhətinə ziyan vurursa, qanunla onun buna hüququ var. Amma əlbəttə ki, dövlət buna görə məsuliyyəti öz üzərinə götürə bilməz”, – Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabrın 29-da “İmedi” telekanalının efirində jurnalistin Mixail Saakaşvilinin aclıq aksiyasının nə ilə bitə biləcəyi haqda sualına cavab verərkən deyib.
Baş nazir deyib ki, “hakimiyyət [Saakaşvili üçün] mümkün olan hər şeyi edir”. Onun sözlərinə görə, “məhbus kimi artıq ona qüsursuz tibbi yardım göstərilsə də”, əlavə həkim qrupu da cəlb edilib.
“Biz ona tam rahatlıq yaratmışıq ki, bizə qarşı he3ç bir sual yaranmasın”, – baş nazir deyib.
Baş nazirin bu sözləri hüquqşünaslar və hüquq müdafiəçiləri arasında böyük etiraza səbəb olub.
“Bu yalandır, guya qanunda hardasa yazılıb ki, insanın intihar hüququ var. Belə şey yazılmayıb və yazıla da bilməz, çünki yaşamaq hüququna intihar hüququ daxil deyil. Və bu yalnız Gürcüstanda hüquq standartı deyil, bu, insan haqları haqda qanunvericiliyin zəmanət verdiyi beynəlxalq standartdır”, – Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nika Simonişvili JAMnews-a bildirib.
Hər şey tam əksinədir – dövlət istənilən insanın yaşamaq hüququnu qorumağa borcludur. Bu, xüsusilə də məhbuslara aiddir.
“Dövlət onun nəzarəti altında olanların, birinci növbədə də məhbusların həyat və sağlamlığı üçün təhlükəsiz mühiti təmin etməyə borcludur. Bu onların təməl hüquqlarıdır”, – Nika Simonişvili deyib.
Gürcüstanın Demokratik Təşəbbüslər təşkilatının sədri Eduard Marikaşvili JAMnews-a bildirib ki, baş nazirin bəyanatı əslində çox təhlükəli mesajdır.
“İnsanın öz həyatı ilə bağlı nə qərar qəbul etməsindən asılı olmayaraq, əgər dövlətin bu qərara təsir rıçaqları və müdaxilə imkanları varsa, bunu etməyə borcludur.
Bu, çox ciddi bəyanatdır. Bu, dövlət məmurunun ölkədə intiharları dəstəkləməsinin klassik nümunəsi ola bilər”, – Eduard Marikaşvili deyib.
Hüquqşünas və müxalif “Lelo” partiyasının üzvü Ana Natsvlişvili “Pirveli” telekanalına bildirib ki, baş nazirin sözlərinin “hüquqla və ədalətin bərpası ilə heç bir əlaqəsi yoxdur. Bu, siyasi opponentə qarşı real qisasdır”.
- Saakaşvilinin səhhəti pisləşib. Həkimlər və ombudsmen nə deyir?
- “Mişaya azadlıq!” – Tbilisidə on minlərlə insan Saakaşvilinin azad olunmasını tələb edir
Noyabrın 1-də Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Gürcüstanın Rustavi şəhərindəki 12-ci islah müəssisəsində aclıq elan etməsinin bir ayı tamam olacaq.
Məlumdur ki, bu bir ayda Saakaşvili aclığın ilk həftəsində ancaq 50 ml bal qəbul edib.
Onun səhhəti haqda məlumatlı olan həkimlər deyirlər ki, istənilən an onun səhhəti pisləşə bilər.
Oktyabrın 29-da məlum olub ki, Mixail Saakaşvili xüsusi yaradılmış tibbi şura ilə əməkdaşlığı dayandırır və artıq aclıqla əlaqədar müalicə qəbul etməyəcək. Bu, imtina da azadlığa buraxılma tələbi ilə etiraz formasıdır.
Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də saxlanılıb. Həbsindən dərhal sonra o, aclıq elan edib. Saakaşvili onun haqqında çıxarılmış ittiham hökmü ilə razı deyil və özünü siyasi məhbus hesab edir.
Hakimiyyət hələ də eks-prezidenti həbsxana xəstəxanasından başqa hər hansı tibb müəssisəsinə köçürməkdən imtina edir. Amma Xalq müdafiəçisinin sözlərinə görə, həbsxana xəstəxanasında nə onun müalicəsi üçün lazımi avadanlıq, nə də kriminal dünyada çox düşməni olan keçmiş prezidentin təhlükəsizliyi üçün şərait var.
Saakaşvilinin özü də həbsxana xəstəxanasına köçürülməsinə razı deyil.