Brüsseldə Ermənistan-Azərbaycan danışıqları. Avropa İttifaqı Moskvanın önünə keçməyə çalışır?
Brüsseldə Əliyev-Paşinyan danışıqları
Brüsseldə Avropa İttifaqı prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli danışıqları baş tutub. Danışıqlar başlayana qədər Şarl Mişel ayrı-ayrılıqda Aİ-Azərbaycan gündəliyini İlham Əliyevlə, Aİ-Ermənistan gündəliyini isə Nikol Paşinyanla müzakirə edib. Aprelin 6-da axşam Brüsseldə Əliyev-Paşinyan ikitərəfli görüşünün baş tutacağı haqda məlumat yayılıb.
- Avropa İttifaqının Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq yönündə ikinci cəhdi
- Rusiya sülhməramlıları Qarabağdan Ukraynaya gediblərmi? Moskva inkar, Bakı sübut edir
- Qarabağ: yeni eskalasiya, yoxsa üçüncü müharibə? Bu, Ukraynadakı vəziyyətlə necə bağlıdır?
Danışıqlar başa çatdıqdan sonra bu cür hallarda adətən olduğu kimi çox kasad informasiya verilib. Məlumdur ki, üçtərəfli görüş iş yeməyi formatında keçirilib. Danışıqlar 5 saat davam edib.
Bildirilir ki, daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Söhbət 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 26-da imzalanmış bəyanatların müddəalarından, o cümlədən də dekabrın 14-də Brüsseldə keçirilmiş bundan əvvəlki danışıqlarda əldə edilmiş razılaşmalardan gedir.
Bundan başqa, görüşün yekununda aprelin sonuna qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması haqda razılıq əldə edilib. Bu komissiyaya eyni zamanda sərhəd boyu təhlükəsizliyi və sabitliyi təmin etmək səlahiyyəti də veriləcək.
Rəsmi yekun məlumatında həmçinin deyilir ki, Ermənistanın baş naziri və Azərbaycan prezidenti xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlıq göstərişi veriblər.
Qeyd etmək lazımdır ki, aprelin əvvəlində Ermənistan baş nazirinin Moskvaya səfəri də planlaşdırılıb, orada onun Rusiya prezidenti ilə danışıqları baş tutmalıdır. Aprelin 8-də isə artıq Ermənistanın xarici işlər nazirinin rusiyalı həmkarı ilə görüşü elan olunub. bununla əlaqədar olaraq ermənistanlı ekspertlər Avropa İttifaqının Moskvanın təşəbbüsünün önünə keçmək cəhdi haqda danışmağa başlayıblar.
Brüsseldə bundan əvvəlki həm üçtərəfli, həm də ikitərəfli formatda Əliyev-Paşinyan danışıqları ötən il dekabrın 14-də baş tutub. Bu görüşlərin yekununda Avropa İttifaqı rəhbəri bəyanatla çıxış edib. Bu bəyanatda Ermənistan və Azərbaycan arasında, o cümlədən də bütünlükdə Cənubi Qafqazda kommunikasiyaların bərpa olunmasının vacibliyi vurğulanıb. Bəyanatda deyilirdi ki, dəmiryolu xətlərinin bərpası ilə bağlı qərar qəbul edilib, üstəlik Avropa Şurası kommunikasiyaların açılmasını dəstəkləməyə hazır olduğunu da ifadə edib.
Bakıdan informasiya
Birinci Qarabağ müharibəsi illərində həlak olanların və itkin düşənlərin nəşlərinin qaytarılması Ermənistan və Azərbaycan tərəfləri arasında danışıqların əsas mövzularından biridir.
Əsir, girov və itkin düşmüşlərlə iş üzrə Dövlət Komissiyasının məlumatına əsasən, birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər, ikinci müharibə zamanı isə altı nəfər itkin düşüb.
“Son bir ildə Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin nəşini Azərbaycana təhvil verib”, – dövlət komissiyasının işçi qrupunun rəhbəri Eldar Səmədov bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi nəşləri Azərbaycana qarışıq şəkildə verib. “Nəşlər əsasən qrunt və yeraltı suların axdığı yerlərdən çıxarılıb. Buna görə də bu nəşlərin DNT-ni əldə etmək çox çətindir. Yekun mərhələdə nəşlərin sayı haqda dəqiq informasiya təqdm olunacaq”, – o əlavə edib.
Bu günlərdə Rusiya sülhməramlıların yerləşdiyi Qarabağın şərq hissəsində Xocalı rayonunun Fərrux kəndində yol işləri aparılarkənAzərbaycan hərbçiləri kütləvi məzar aşkarlayıblar. Xatırladaq ki, Azərbaycan SQ bu kəndi və yaxınlıqdakı Daşbaşı yüksəkliyini 2022-ci il fevralın 24-də nəzarət altına götürüb.
Kütləvi məzarda onlarla insanın qalıqları aşkarlanıb.
Bununla əlaqədar olaraq Əsir, girov v itkin düşmüş Azərbaycan vətəndaşlarının işi üzrə Dövlət Komissiyası birinci Qarabağ müharibəsi zamanı Fərrux kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısını dərc edib. Siyahıda 62 nəfərin adı var.
Azərbaycanın Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, aşkarlanmış kütləvi məzarlardan birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən nəşlərin qalıqlarının böyük hissəsi eksqumasiya olunub,
Məhkəmə-tibbi və molekulyar-genetik ekspertizalar təyin edilib.
“Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – Hərbi Prokurorluğun məlumatında qeyd olunub.
Yerevandan informasiya
Məlumdur ki, əvvəlcə baş nazirin Avropa Şurasının prezidenti Şarl Mişellə görüşü, sonra isə üç tərəfli görüş baş tutub.
Bu danışıqlar Ermənistan-Azərbaycan münasibətlərindəki gərgin vəziyyət və Dağlıq Qarabağda eskalasiya fonunda keçirilib. Görüş bitəndən sonra təxminən gecə saat 2-də hökumətin mətbuat xidmətindən bildirilib ki, Nikol Paşinyan danışıqlar zamanı DQ-dəki vəziyyətə və Azərbaycan hərbi hissələrinin az əvvəlki addımlarının səbəb olduğu humanitar problemlərə toxunub.
Martın əvvəlindən başlayaraq Ermənistandan Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi hissəsinə uzanan qaz xəttində qəza baş verdiyi üçün ərazinin təbii qaz təminatında problem yaranıb. Azərbaycan tərəfi əvvəlcə Ermənistan mütəxəssislərinə qaz xəttində bərpa işlərinin aparmalarına icazə verməyib, sonra özü qaz kəmərini təmir edib, amma qaz təminatı ilə bağlı problemlər davam edib. Bu, humanitar böhrana gətirib çıxarıb, çünki çörək zavodları işləyə bilməyib, havanın soyuq keçməsinə baxmayaraq, evləri, xəstəxanaları, uşaq bağçalarını, məktəbləri isitmək mümkün olmayıb.
Bundan başqa, martın 24-də Azərbaycan SQ Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi hissəsində onların fəaliyyətsizliyindən yararlanaraq mühüm strateji yüksəkliyi nəzarət altına götürüb. Ermənistan tərəfi uğursuzca Azərbaycam SQ-nin əvvəlki mövqelərinə qayıtmasını tələb edir. Nikol Paşinyan sülhməramlı kontingentin “fəaliyyətinin və ya fəaliyyətsizliyinin” araşdırılmasının vacibliyi haqda bildirib.
Ermənistanlı ekspertlər danışıqlar zamanı tərəflərin sülh sazişinin imzalanmasına toxunacaqlarını da gözləyirdilər. Azərbaycan daha əvvəl Ermənistanla sülh sazişinin təməlini təşkil etməli olan 5 müddəanı açıxlamışdı. Ermənistanın baş naziri və XİN rəhbəri bildirmişdilər ki, bu müddəalarda məqbul olmayan heç nə yoxdur, amma onlar bütün Ermənistan-Azərbaycan münasibətlərinin gündəmini əhatə etmir.
Yerli politoloqlar qeyd edirlər ki, əsas problem ondadır ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və DQ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində israrlıdır, Azərbaycan prezidenti isə elan edir ki, Qarabağ münaqişəsi artıq yoxdur, hərbi yolla həll edilib.
Bununla əlaqədar olaraq ermənistanlı ekspertlər əvvəlcədən bildiriblər ki, görüşdən ciddi nəticələr gözləmirlər. Yaxın zamanda sülh sazişinin imzalanması ilə bağlı onlar daha pessimistdirlər.
Daışıqların yekunu üzrə məlumatda o da deyilir ki, “Ermənistanın baş naziri və Azərbaycan prezidenti xarici işlər nazirlərinə sülh danışıqları ilə bağlı hazırlıq işlərinə başlamaq göstərişi veriblər”.
Görüş ərəfəsində fon – müxalifətin mitinqi, DQ-dən bəyanat, Blinkenlə danışıq
Aprelin 5-də axşam parlamentin müxalif “Hayastan” (Ermənistan) və “Şərəfim var” fraksiyaları mitinq təşkil ediblər. aksiyaların əsas mesajı ondan ibarət olub ki, nəyin bahasına olursa olsun, hazırkı hakimiyyətin ziyanlı DQ-dən imtina, Ermənistan ərazilərinin təhvil verilməsi və “sülh dilənçiliyi” siyasətinin qarşısını almaq lazımdır. Bunun əvəzində mitinq iştirakçıları ordunu və ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməyi təklif ediblər.
Burada bəyan edilmiş tələbləri Azərbaycan prezidenti ilə Brüssel görüşü ərəfəsində Ermənistanın baş nazirinə ünvanlanan mesaj hesab etmək olar:
- Dağlıq Qarabağın hər hansı status altında Azərbaycanın tərkibinə daxil olmasının istisna edilməsi,
- Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinə təminat verilməsi.
Mitinqin keçirildiyi eyni saatlarda tanınmamış DQR parlamenti bəyanat qəbul edib. Həmin bəyanatda “Artsaxın taleyi ilə bağlı məsələlər ətrafında ümumermənilər səviyyəsində səfərbərlik formalaşdırmağın” vacibliyi haqda da bəhs olunur.
Bəyanatda o da vurğulanır ki, konstitusiyaya əsasən Ermənistan DQ-nin təhlükəsizliyinin qarantıdır. Bəyanat müəllifləri hesab edirlər ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi və birliyin formalaşdırılması regional maneələrə qarşı qoymaq və milli maraqların müdafiəsi üçün yetərli şərait yarada bilər.
“2020-ci il 27 sentyabr müharibəsi nəticəsində biz insan və ərazi itkilərinə məruz qalmışıq. Amma heç nə və heç kim bizi öz müqəddəratını təyin etmək və öz taleyimizin sahibi olmaq hüququndan məhrum edə bilməz”, – bəyanatda deyilir.
Aprelin 5-də axşam Ermənistan mediası ABŞ dövlət katibinin Ermənistanın baş naziri ilə telefon danışığının baş tutuduğu haqda məlumat yayıb. Bu zaman Əliyevlə Brüsseldə baş tutacaq görüş müzakirə olunub. Nikol Paşinyan və Entoni Blinken ümumilikdə Cənubi Qafqazda baş verən proseslərə, Dağlıq Qarabağ ətrafında gərginliyin artmasına toxunub, regionda stabillik və sülhün bərqərar olmasının vacibliyi haqda danışılıb.
Dövlət Departamentinin dövlət katibi Ned Prays da söhbətin detallarını açıqlayıb. Onun məlumatına əsasən, dövlət katibi vurğulayıb ki, “indi regionda eskalasiyanın davam etdirilməsinin zamanı deyil”. Blinken “ABŞ-ın uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli və həmfikir tərəfdaşlarla əməkdaşlıq çərçivəsində, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ölkələrə kömək etməyə hazır olduğunu yenə də təsdiqləyib”.
Brüsseldə Əliyev-Paşinyan danışıqları