Brüsseldə dördüncü Əliyev-Paşinyan-Mişel görüşü. Aİ nə təklif edir?
Brüsseldə dördüncü Əliyev-Paşinyan görüşü
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə növbəti, artıq dördüncü görüş baş tutub.
Danışıqlar təxminən dörd saat davam edib. Bitirdikdən sonra iştirakçılar çox tələsik oranı tərk ediblər. Həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri görüşün nəticələri haqda jurnalistlərlə danışmaqdan imtina edib.
Bununla belə, danışıqların fasilitatoru Şarl Mişel müzakirə olunan bütün mövzulara qısaca toxunaraq, nəticə ilə bağlı mediaya açıqlama verib.
Növbəti Əliyev-Paşinyan görüşü noyabr ayına təyin edilib.
Hazırda mövcud olan bütün məlumatlar, eləcə də Yerevan və Bakıdan ekspert şərhləri, həmçinin Rusiya və ABŞ-da Brüssel danışıqlarına münasibət.
- İlham Əliyev: “Qarabağda ermənilərin nə statusu, nə müstəqilliyi olacaq”
- ABŞ Azərbaycan və Ermənistandan nə əldə etmək istəyir? – Bakıdan şərh
Şarl Mişelin mətbuat üçün açıqlaması
Avropa Şurasının rəhbəri bildirib ki, müzakirələr Cənubi Qafqazdakı son hadisələrə və bu ölkələrin hər birinin Aİ ilə münasibətlərinə həsr olunub. Mişel baş tutan danışıqları “açıq və məhsuldar” fikir mübadiləsi kimi xarakterizə edib. O vurğulayıb ki, görüş zamanı Ermənistan-Azərbaycan gündəliyinin bütün məsələləri nəzərdən keçirilib.
Daha sonra Şarl Mişel hər bir bənd üzrə danışıqların mahiyyətini açıqlayıb, onun mətnini ixtisarsız təqdim edirik:
Sülh sazişi
Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşməyi tapşırdıq.
Humanitar məsələlər
Biz humanitar məsələləri də ətraflı müzakirə etdik: minaların təmizlənməsi, eləcə də əsirlərin və itkin düşənlərin taleyi. Prezident Mişel Azərbaycana saxlanılan ermənilərin azad edilməsini davam etdirməyin vacibliyini vurğulayıb. Aİ bu məsələlərlə məşğul olmağa davam edəcək.
Sərhəd məsələləri
Biz sərhədin delimitasiyası ilə bağlı bütün məsələlər üzrə irəliləyişi qiymətləndirdik, həmçinin regionda vəziyyətin sabitləşdirilməsi variantlarını nəzərdən keçirdik. Biz razılaşdıq ki, delimitasiya komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.
Kommunikasiyalar
Biz nəqliyyat marşrutlarının blokdan çıxarılması üçün bir sıra şərtləri müzakirə etdik. Bütün bu müzakirələrlə əlaqədar olaraq vurğulamaq istərdim ki, hər iki tərəfdən əhalinin cəlb edilməsi və onların uzunmüddətli davamlı sülhə hazırlanması vacibdir.
Bu baxımdan ictimai bəyanatlar həlledici əhəmiyyət kəsb edir – bu kimi həssas bir vəziyyətdə yüksək səslə deyilən hər bir söz qarşı tərəfdən açıq şəkildə eşidilir və dəyərləndirilir. Avropa İttifaqı uzunmüddətli davamlı sülhə dəstəyini daha da artırmağa hazırdır. Aİ həmçinin hər iki ölkənin firavanlığı və əhalilərinin rifahı üçün iqtisadi inkişafın təşviqinə səy göstərməyə davam edəcək”.
Bakı və Yerevandan rəsmi informasiya
Görüş yekunlaşandan sonra Azərbaycan tərəfi rəsmi açıqlama ilə çıxış etməyib. Prezident Administrasiyası görüşün keçirilməsinə dair qısa xəbərlə kifayətlənib.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib”, – prezident.az saytında yazılıb.
Ermənistanın baş nazir aparatından yayılan məlumat isə aşağıdakı məzmunda olub:
“Əsirlərin azad edilməsi və itkin düşənlərin taleyinin öyrənilməsi, sərhədlərin demarkasiyası və təhlükəsizliyi, regional blokların açılması, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib.
Xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin hazırlanması üzrə substantiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq. Sərhədin delimitasiyası və təhlükəsizliyi komitəsinin növbəti iclası noyabrda Brüsseldə baş tutacaq. Ölkə liderləri səviyyəsində növbəti görüş noyabrda baş tutacaq”.
Bakıdan şərh
JAMnews-un Azərbaycan redaksiyasının redaktoru Hüseyn İsmayılbəyli Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarını belə şərh edib:
“Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşdən əvvəl rəsmi Bakının 10 noyabr 2020-ci il tarixli bəyanatın, xüsusən də Zəngəzur dəhlizi boyunca kommunikasiyaların açılması ilə bağlı müddəalarının yerinə yetirilməsi üçün qarşı tərəfə təzyiq edəcəyi ilə bağlı fərziyyələr var idi.
Amma Avropa Şurası prezidentinin bəyanatına əsasən, dörd saat ərzində geniş spektrli məsələlər müzakirə olunub. Vəssalam. Konkret həllər hələ uzaqdadır.
Brüsseldə xarici işlər nazirlərinin görüşü ilə bağlı razılaşma var. Orada delimitasiya komissiyalarının iclası da gözlənilir. Yeri gəlmişkən, bu komissiyalar elə dünən Moskvada toplaşıblar.
Bəyanata görə, xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin detallarını müzakirə edəcəklər. Bu artıq maraqlıdır.
“Humanitar məsələlərin” həllinə gəlincə. Saxlanılan şəxslərin azad edilməsi kimi addımlar adətən belə görüşlərdən sonra deyil, əvvəl baş verir. İndi görək necə olacaq. Şarl Mişel mətbuata açıqlamasında buna işarə edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin səhər bəyanatını nəzərə almamaq mümkün deyil. Regionda sülhməramlı kontingenti ilə təmsil olunan Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində hələ də əsas vasitəçi olduğunu əsas götürsək, Brüssel görüşündən konkret heç nə gözləmək olmaz. Çünki Rusiya bu sammitin nəticələrini hələ başlamamışdan praktiki olaraq ləğv edərək, artıq öz fikrini bildirib.
Son iki ildə formalaşmış ənənəyə görə, indi Kremlin vasitəçiliyi ilə daha effektiv qərarların gözlənilməli olduğu görüşə hazırlaşmağa dəyər. Amma hələ belə bir anons olmayıb”.
Yerevandan şərh
Erməni analitikləri hələ Brüsseldə danışıqlar başlamazdan əvvəl Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bütün məsələlər müzakirə olunacaq.
“İndiki mərhələdə Azərbaycan üçün ən vacib məsələ sülh müqaviləsinin gündəliyidir və Bakı bu məsələdə Yerevandan istənilən güzəşti əldə etməyə çalışacaq. Mümkündür ki, Yerevan müəyyən güzəştlərə getsin, çünki təcrübə göstərir ki, Dağlıq Qarabağda və ya Ermənistan-Azərbaycan sərhədində hər eskalasiyadan sonra Ermənistan hakimiyyəti adətən güzəştə gedir”, – deyə politoloq Tiqran Qriqoryan bildirib.
Siyasi icmalçı Hakop Badalyan hətta danışıqlardan əvvəl heç bir mühüm irəliləyiş gözləmək lazım deyil:
“Tərəflərin mövqelərində çoxlu radikal əks yanaşmalar var. Təsəvvür etmək çətindir ki, bir neçə görüş onları nəinki hamarlaşdıra bilər, həm də sülh sazişini müzakirə etməyə başlaya bilər. Üstəlik, tərəflərin öz mövqeləri ilə yanaşı, əsas vasitəçi aktorlar arasında da maraqların toqquşması mövcuddur. Bu, təkcə Brüssel və Moskva deyil, həm də Vaşinqton və Moskvadır.
Amerikalı həmsədr təyinatı kontekstində ABŞ-ın son bəyanatlarında deyilir ki, Vaşinqtonun öz təklifləri var və əsas mesajlar Bakıya yönəlib. Bu onu göstərir ki, yaxın gələcəkdə sülh sazişi ətrafında əsaslı iş nəzərdə tutulmur”.
Rusiya danışıqları “psevdotəşəbbüs” hesab edir, ABŞ dialoqu dəstəkləyir
Avqustun 31-də, Brüsseldə görüşün keçirildiyi gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Aİ-nin Cənubi Qafqazdakı fəaliyyəti geosiyasi ambisiyalarla müəyyən edilir, lakin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək üçün real istək yoxdur:
“Bunlar avropalıların psevdotəşəbbüsləridir. Bu, daha çox vasitəçilik uğurlarını həyasızcasına mənimsəmək cəhdinə bənzəyir. Moskva üçtərəfli sazişlərin bütün bəndlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə diqqət yetirib.
Aİ-nin bu istiqamətdə planlarına gəlincə, Rusiya Xarici İşlər Nazirliyi erməni və azərbaycanlı tərəfdaşlardan bununla bağlı heç bir məlumat almayıb. Rusiya vasitəçi kimi işləyir və bu iş konkret nəticələr verir ki, Yerevan və Bakı da bunu müvafiq olaraq qiymətləndirir”.
Eyni zamanda, ABŞ Ermənistan və Azərbaycanı diplomatik əlaqələri aktivləşdirməyə və hərtərəfli sülh razılaşmasına nail olmağa çağırır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. Jurnalistlərin Brüsseldə Paşinyan-Əliyev görüşündən Dövlət Departamentinin nə gözlədiyini soruşduqda o, belə cavab verib:
“Əvvəllər dediklərimizi təkrar edə bilərəm: Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir”.
Brüsseldə dördüncü Əliyev-Paşinyan görüşü