Brüssel görüşünün nəticələri: Bakı və Yerevanın mövqeyi, şərhlər
Brüsseldə Avropa Şurası prezidentinin vasitəçiliyi ilə keçən Azərbaycan və Ermənistan liderlərinin ikinci görüşü hər iki Cənubi Qafqaz ölkəsində bir nömrəli müzakirə mövzusu olub. Sammit nəticələri haqda Bakı və Yerevanda hakimiyyət də açıqlama verib, siyasi icmalçılar da.
- Rikoşet effektli sanksiyalar: Ukraynadakı müharibənin Ermənistana ziyanı
- Dinc sakinlərin qətliamı. Rusiyanın Ukraynadakı əməllərinin araşdırılması. Foto
- “Zirehli jiletsiz və texnikasız” – Cənubi Osetiyadan olan hərbçilər Ukraynada döyüşməkdən imtina ediblər
Dörd saatdan çox çəkən və Cənubi Qafqaz vaxtı ilə gecə yarısından sonra bitən üçtərəfli görüşdən sonra Avropa Şurasının rəhbəri Şarl Mişel bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, iki ölkə lideri 2021-ci ilin dekabrında Brüsseldə keçirilən son görüşdən və 2022-ci ilin fevralında prezedent Makronla baş tutan video-konfransdan sonrakı vəziyyəti dəyərləndiriblər.
Avropa Şurasının rəhbəri etibarın və dinc birgə yaşamın möhkəmlənməsi üçün hər iki tərəfdən humanitar jestlərin önəmini vurğulayıb. O, bütün həllini tapmamış humanitar məsələlərin, o cümlədən də Bakıda qalan erməni hərbçilərinin azad edilməsi və itkin düşənlərlə bağlı problemin hərtərəfli, tam və təcili çözülməsinin vacibliyini də qeyd edib. Şarl Mişel bildirib ki, AŞ bu səyləri dəstəkləməyə hazırdır.
“AŞ həmçinin Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsi üzrə tədbirləri, o cümlədən də minalardan təmizləmə üzrə humanitar səyləri, eyni zamanda ekspert konsultasiyaları və maliyyə yardımını artırmaq yolu ilə və münaqişədən ziyan çəkən əhaliyə, reabilitasiyaya və bərpa işlərini dəstəkləməyə davam edəcək”, – bəyanatda deyilir.
Bəyanatın əsas bəndlərindən biri Ermənistan Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası haqda hissə olub:
“İkitərəfli sərhədin delimitasiya və demarkasiyasının mühün əhəmiyyəti olacaq. Bu məqsədlə 2021-ci il 26 noyabr Soçi bəyanatına müvafiq olaraq aprelin sonuna qədər birgə sərhəd komissiyasının yaradılması da qərara alınıb. Birgə sərhəd komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
- Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası,
- Sərhəd boyu və yaxınlığında stabil təhlükəsiz vəziyyətin təmin edilməsi”.
Bakıdan informasiya
“Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib”, – Azərbaycan XİN-in yüksək səviyyəli Brüssel görüşünün nəticələrinə dair məlumatında deyilir.
Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
“Hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib.
…Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır”, – Azərbaycan XİN-dən bildirilib.
Bakıdan şərhlər
“Kreml Brüsselin fəal vasitəçiliyini qəbul edəcəkmi?”
Dörd saatdan çox şəkən Brüssel görüşünün bir neçə nəticəsini qeyd etmək olar – “Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə “erməni əsirlərin qaytarılması” mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır.
İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub. Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.
Üçüncüsü, bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsi üzərində hazırlıq işlərinə başlanması ilə bağlı tapşırıq verilməsi qərara alınıb.
Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər.
Liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur. Bu Azərbaycanın xeyrinədir.
Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsiylə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu daxili məsələdir.
Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və İttifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalanması prosesini sürətləndirməsinə ehtiyac var.
Beləliklə, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir. Ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək.
Sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara başlanılması zərurəti ikinci Qarabağ müharibəsindən sonra bir neçə bəyanatda əks olunub. Buna baxmayaraq, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir.
Dəhliz məsələsində də irəriləyiş yoxdur. Liderlər birinci dəfə Brüsseldə 2021-ci ilin dekabrın 14-də görüşmüşdülər. O zaman qəbul olunan ortaq bəyanatda dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu. Üstündən 3 aydan çox vaxt keçib və Yerevan heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmiryolunun çəkilməsiylə bağlı Tehranla memorandum imzaladı.
Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən Yerevanda onun əleyhinə mitinq keçirilirdi, Tovuzda atəşkəs pozulub. Digər tərəfdən Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək”, –
“Dayanaqlı sülh üçün unikal şans yaranıb”
“Brüssel görüşü çox vacib idi, belə təmasların olması sülh quruculuğu üçün önəmlidir. Azərbaycan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq təqdim etdiyi 5 prinsip üzrə hər iki ölkənin XİN-i daimi çalışan komissiya təsis edəcək, danışıqlar intensivləşəcək.
Yekun mətndə Soçi anlaşmasına istinad var, bu da Moskvanın könlünü almaq üçün yazılıb, aydın məsələdir ki, Kremli bu danışıqlardan tam kənarda qoymaq mümkün deyil.
Yəni, yaxşı başlanğıcdır, əsl real-politik yanaşmadır, amma indi əsas irəliləyiş atılacaq praktik addımlardan asılıd olacaq, necə deyərlər, meydanda müəyyən olunacaq. Hər iki ölkə provokasiyalardan, əsas da Şimaldan gələn provokasiyalardan çəkinməli, koordinasiyalı addımların atılmasına çalışmalıdır. Dayanıqlı sülh üçün unikal şans yaranıb, bu şansı əldən vermək olmaz”, – azərbaycanlı siyasətçi, müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli yazıb.
Yerevandan informasiya
Ermənistanın baş naziri aprelin 7-də səhər Brüsseldən qayıdan kimi danışıqların bəzi detallarını açıqlayıb.
O bildirib ki, iki mməsələ ilə bağlı razılaşma əldə edilib. Birincisi, iki ölkənin xarici işlər nazirlərinə gələcək sülh sazişinin hazırlanmasına başlamaq tapşırığı verilib. Burada o vurğulayıb ki, Ermənistan tərəfi üçün sülh razılaşması üzrə danışıqlar gündəliyinə Dağlıq Qarabağ xalqının hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi məsələsi, o cümlədən də DQ-ın yekun statusunun dəqiqləşdirilməsi prinsipial əhəmiyyət daşıyır.
Paşinyanın sözlərinə görə Ermənistan tərəfdən başqa bir əlavə bu prosesdə ATƏT-in ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin iştirakı ilə bağlıdır. 2020-ci il Qarabağ müharibəsinə qədər sülh danışıqları onların vasitəçiliyi ilə həyata keçirilib.
İkinci razılaşma, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılması haqda danışarkən, baş nazir bildirib ki, danışıqların gedişatında kompromis əldə edilib:
“Siz bilirsiz ki, Ermənistanın Azərbaycanın nəzarəti altında olan, Azərbaycanın da Ermənistanın nəzarəti altında olan əraziləri var. Bu məsələlər danışıqlar nəticəsində həllini tapmalıdır, əlbəttə ki, de-yure əsaslandırılmış protokollar və hüquqi əhəmiyyət kəsb edən faktlar əsasında. […]
Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında sərhəd var, yəni sərhəd sovet dövründə mövcud olub. Demarkasiya üzrə iş bu protokoldan başlamalıdır, təhlükəsizlik və stabilliyin təmin edilməsi üçün paralel tədbirlər görməklə həll yolları tapmağa çalışmaq lazımdır”.
Paşinyan bildirib ki, hər iki istiqamətdə irəliləmək haqda razılıq var.
Baş nazir yenidən vurğulayıb ki, o, və onun komandası “ölkə və region üçün sülh dövrünün inkişafı” gündəliyini sürdürməyə davam edəcək:
“Biz mümkün olan hər şeyi etməliyik ki, bu gündəliyi həyata keçirə bilək. Təkrar edirəm, təəssüf ki, bu, təkcə məndən asılı deyil. Amma biz davamlı olaraq işin öz öhdəmizə düşən hissəsini görməliyik”.
Azərbaycan SQ-nin Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əraziləri ələ keçirməsi nəticəsində Dağlıq Qarabağda eskalasiyanın yaşanmasına gəlincə, baş nazirin sözlərinə görə, müzakirələr “vəziyyətin vahid dəyərləndirməsinə gətirib çıxarmayıb”:
“Və mən bu məsələnin müzakirəsini Brüssel meydançasında davam etdirməyi məqsədyönlü hesab etmədim, çünki söhbət Azərbaycan hissələrinin Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyasının məsuliyyət zonasına soxulmasından gedir. Bu məsələni daha çox rusiyalı tərəfdaşlarla müzakirə etmək lazımdır ki, biz də bunu edirik və edəcəyik.
Müvafiq olaaq, biz gözləyirik ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda Azərbaycan hissələrinin öz məsuliyyət zonasından çıxarılmasını təmin etmək üçün tədbir görəcəklər. Hesab edirik ki, Rusiya sülhməramlılarının bu hadisələr dövründəki fəaliyyətinin adekvatlığı və ehtimal olunan fəaliyyətsizliyi araşdırılmalıdır”.
Yerevandan şərh
“Ermənistan hakimiyyəti əvvəl bəyan etdiyi mövqedən geri çəkilib”
Paşinyan və Əluyev arasında Avropa danışıqlarının ikinci raundunun təşkilatçısı və vasitəçisi Avropa Şurasının rəhbəri Şarl Mişel bu görüşü çox uğurlu və səmərəli kimi dəyərləndirib. Bakı da görüşün nəticələrindən razıdır. Ermənistan tərəfinin maraqlarına gəlincə, Ermənistan hakimiyyəti ən azı iki məsələ ilə bağlı daha əvvəl bəyan etdiyi mövqedən geri çəkilib – politoloq Tiqran Qriqoryan hesab edir:
“Birincisi delimitasiya və demarkasiya prosesi ilə bağlıdır. Biz xatırlayırıq ki, Ermənistan hakimiyyəti aylarla müvafiq komissiyanın yaradılması üçün sərhəddə vəziyyətin stabilləşdirilməli, sərhədin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməli olduğunub ildirirdi. Bu haqda Soçidə imzalanan 26 noyabr üçtərəfli bəyanatında bənd vardı. Orada ardıcılıq da qeyd olunmuşdu: əvvəlcə bu addımlar atılmalıdır, sonra artıq delimimitasiya və demarkasiya üzrə komissiya yaradılmalıdır. Mişelin bəyanatından isə biz bildik ki, komissiya bu ilkin addımlar atılmadan yaradılır.
Düzdür, deyilir ki, komissiya həm də sərhəddə təhlükəsizlik məsələsi ilə də məşğul olacaq, amma mən düşünürəm ki, bu maddə Ermənistan hakimiyyətinin “sifətini qorumaq” (face saving) imkanı olsun deyə daxil edilib.
Bu görüş əsnasında ikinci geriyə addım sülh sazişi gündəliyi ilə bağlıdır. Son həftələr ərzində Ermənistan mütəmadi olaraq bildirib ki, sülh danışıqları ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində [2020-ci il müharibəsinə qədər Qarabağ münaqişəsinin sülh nizamlanması prosesi ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin vasitəçiliyi ilə MQ formatında aparılıb — JAMnews] aparılmalıdır.
Mişelin bəyanatında Minsk qrupunun adı çəkilmir, üstəlik belə təəssürat yaranır ki, söhbət ikitərəfli danışıqlardan gedir və bu da Azərbaycanın mövqeyinə uyğundur.
Bu bəyanatdakı üçüncü narahatedici məqam ondan ibarətdir ki, artıq birinci dəfə deyil ki, AŞ-nin bəyanatında Dağlıq Qarabağ münaqişəsinin qətiyyən adı çəkilmir. Bu da Bakının yanaşmasına və mövqeyinə uyğundur. Buna görə də təsadüfi deyil ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu görüşü və yekun bəyanatı müsbət qiymətləndirib”.
Bu arada danışıqlardan sonra Ermənistan tərəfinin yaydığı məlumatda deyilir ki, baş nazir danışıqlar zamanı Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib. Söhbət Azərbaycan SQ-nin sülhməramlı kontingentin nəzarətində olanəraziləri ələ keçirməsindən və əvvəlki mövqeyinə qayıtmaqdan imtina etməsindən gedir. Bununla əlaqədar politoloq deyir ki, şübhəsiz, söhbət olub və olmasaydı təəccüblü olardı, amma problem ondadır ki, bu məsələ AŞ nümayəndəsinin bəyanatına daxil edilməyib. Qriqoryan bunu da Ermənistan tərəfinin yol verdiyi boşluq kimi dəyərləndirir:
“Bu yanaşma, Qarabağ münaqişəsinin iqnora qoyulması Bakının yanaşmasına tam uyğundur. Biz bilirik ki, Azərbaycan hakimiyyəti hətta müxtəlif beynəlxalq aktorları ictimai çıxışlar zamanı “Dağlıq Qarabağ” terminini işlətməkdə qaçmağa çağırır”.
Sülh sazişi üzərində hazırlıq işlərinə gəlincə, Tiqran Qriqoryan məzmunun müzakirəsinin tez olduğu fikrindədir, çünki hələlik informasiya çox azdır:
“Bu haqda sülh danışıqları daha təfərrüatlı müzakirələr mərhələsinə keçəndə, müvafiq bəyanatlar səslənəndə danışmaq mümkün olacaq.
Mən düşünmürəm ki, Ermənistan nümayəndə heyəti Bakıya təqdim etdiyi əlavələrdən imtina edib. [Azərbaycan öz tərəfindən sülh sazişinə beş təməl bənd təklif edib, Ermənistan hakimiyyəti cavab verib ki, bu bəndlərdə qəbuledilməz heç nə yoxdur, amma onlar bütün gündəmi əhatə etmir. Buna görə də öz əlavələrini təqdim edib. Yerli ekspertlər hesab edirlər ki, söhbət sırf Bakı siyahısından çıxarılmış Qarabağ məsələsindən söhbət gedir— JAMnews].
Mişelin bəyanatının mətnində biz görürük ki, söhbət bütün mümkün məsələləri əhatə edəcək sülh sazişindən gedir. Yəni ehtimal etmək olar ki, söhbət Qarabağ münaqişəsi və Dağlıq Qarabağla bağlı məsəllərdən gedir. Bu məsələdə tərəflərin yanaşmaları ziddiyyətli olaraq qalır, bu prosesdə inkişafın qarşısında əsas maneə də elə bu olacaq”.
Avropa meydançasında iki raund ərzində əldə edilmiş nailiyyətlər haqda danışarkən, politoloq birinci növbədə dəmiryolu əlaqəsini bərpa etmək haqda razılaşmanı qeyd edir. Bu, Ermənistan tərəfinin marağında idi, çünki Şarl Mişelin bəyanatında “dəhliz” ifadəsi istifadə olunmayıb. Bakının regionda kommunikasiyanın açılmasına yanaşması bu idi, Ermənistan tərəfi isə yollar üzərində suverenliyi itirməyin qəti şəkildə əleyhinə idi.
“Amma son bəyanatda Azərbaycan tərəfindən az əvvəlki hərbi eskalasiyaya lazımi qiymət verilməməsi də narahatlıq doğurur.
İfadələr kifayət qədər neytral idi. Məsələn, deyilirdi ki, tərəflər 9 noyabr [2020-ci il müharibəsinə son qoyan, hərbi əməliyyatların dayandırılması haqda sənəd] razılaşmalarına sadiq qalmalıdır. Amma aydındır ki, Bakı və Yerevanda bu ifadəni fərqli yozurlar.
Bakıda deyə bilərlər ki, bu, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması deməkdir, son həftələrdə məhz bu deyilirdi. Ermənistan tərəfi isə qeyd edə bilər ki, söhbət atəşkəs rejiminin pozulmasından gedir.
Bir sözlə, Ermənistan tərəfi bu cür bəyanatlarda baş verən proseslərin ayıq başla dəyərləndirilməsinin daxil edilməsinə nail olmalıdır.
Nəhayət, Avropa İttifaqə özünü dəyərlərin müdafiəsi prinsiplərinə əsaslanan struktur kimi dəyərləndirir. Və əgər Aİ Azərbaycanın apardığı etnik təmizləmə siyasəti haqda danışmaqdan çəkinirsə, bu cür yanaşmanı kifayət qədər ikiüzlü adlandırmaq olar”, – politoloq deyib.
Ermənistanda qeyri-rəsmi mənbələr Brüssel danışıqları başa çatandan sonra Bakının erməni əsirlərini vətəninə qaytarmaq məsələsini tam bağladığı haqda danışmağa başlayıblar. Və onlar ancaq Bakı məhkəməsi tərəfindən təyin olunmuş həbs müddətləri bitəndən sonra qayıda biləcəklər. amma politoloq hesab edir ki, bu ssenarini həqiqətəuyğun hesab etmir:
“Bakı əsirlər məsələsini rıçaq kimi istifadə edir. Onlar sadəcə bu mövzudan Ermənistanın yeni güzəştlərə məcbur edilməsi üçün istifadə edəcəklər.
Bakı son aylarda məhz bu cür siyasət aparır. Biz xatırlayırıq ki, əvvəl də əsirlər haqda bəyanatlar olmuşdu ki, onlar “cinayətkardır”, cəzalarını çəkməlidirlər, amma müəyyən razılaşmalar əldə edilməsi nəticəsində bu insanlar azad edilib və Ermənistana qaytarılıb”.
JAMnews-un son sualı Rusiyanın regiondakı rolu ilə bağlı olub – Rusiyanın Ermənistan-Azərbaycan danışıqlarından sıxışdırılması və Avropa meydançasına tam keçid tendensiyası varmı?
“Mən düşünmürəm ki, RF kənarda qalacaq. Aydındır ki, indi Aİ Rusiyanın Ukraynada müharibə aparması faktından yararlanır və vakuumu doldurur.
Buna görə də Avropa İttifaqı vasitəçiliyi ilə həll edilən məsələlərin çevrəsi genişlənib. Amma Rusiya-Ukrayna müharibəsi başa çatandan sonra hansısa mərhələdə Rusiya yəqin ki, bizim regionda fəallaşacaq və yenidən vacib vasitəçi rolunu üzərinə götürməyə çalışacaq.
Bu mənada bu iki formatın paralel olaraq necə mövcud olacağına və onlardan hansının daha effektiv ola biləcəyinə bağmaq maraqlı olacaq”, – Tiqran Qriqoryan cavab verib.