Tunc insanlar
Yerevanda heykəltəraşlıq bumu başlayıb. Bizə elə gələ bilər ki, yeni tikililər və yeni məhəllələrlə yüklənmiş balaca paytaxtımızda yeni binalar üçün (xüsusən də mərkəzdə) artıq yer qalmayıb, hökumət isə inadla ucaltdığı inşaat şedevrlərini bir yandan da heykəllərlə dekorasiya etməyə çalışır.
Bununla yanaşı şəhərdə köhnə binalar sökülür. Məntiq onu deyir ki, hətta Romadan da yaşlı olan Yerevanda XIII əsrin axırlarından XIX əsrin əvvəllərinə qədər tikilən az saylı binalar göz bəbəyi kimi qorunmalıdır. Qırmızı, qara və çəhrayı tuf daşından olan, bir və ya iki mərtəbəli bu tikililər detallarına qədər düşünülmüş ornamentlə bəzədilib və ən əsası da tarixi özündə təcəssüm etdirir.
Amma bu balaca binalar çox bahalı kvadrat metrləri tutur, burada inşaatçıya xeyir gətirən çoxmənzilli simasız “bədheybətlər” də ola bilər. Pul həlledici amildir və hökumət asanlıqla tarixi dəyəri olan binaların sökülməsinə icazə verir.
Bir neçə dəfə şəhər əhalisi mədəni dəyər statuslu binalarını mühafizə etməyə çalışıb. Özü də səs-küylə və həvəslə qoruyurdular. Amma heç nə alınmadı. Misal üçün iki Yerevan gözəli: Afrikyanlar evinin qara binası və Aram küçəsindəki qırmızı bina yer üzündən silindi.
Maraqlıdır ki, heç kim səs-küy qaldırıb, müdafiəsinə qalxmasın deyə sonuncu bina gecə gizlicə söküldü. İnşaatçı və sahə sahibi elə belə də dedi: binanı şikayət olmasın deyə, gecə söküblər.
Paytaxt hakimiyyəti eyni müntəzəmliklə köhnə binaları sökür və yeni heykəllər qoyur. Yəqin istəyirlər ki, beton və daşın arasında boğulan Yerevan köhnə xatirələrini unudaraq, eyni zamanda da yeni simvollarla “bəzədilsin”.
Maraqlıdır ki, bu yeni simvollar əslində çoxdan tarixə çevrilən, köhnəlmiş estetikaya aid olan toz basmış simvollardır.
Dövlət səviyyəsində əsasən, birmənalı qəbul edilməyən xidmətlərə sahib sovet adamlarını təcəssüm etdirən, sosializm realizmi üslubunda yaradılan monumental heykəllər qoyulur.
Ötən il tanınmış sovet siyasi xadimi, “qırmızı terror” iştirakçısı Anastas Mikoyana heykəl qoymaq cəhdi edildi. Bu təşəbbüs ciddi ictimai etiraza səbəb oldu, nəticədə də hökumət öz niyyətindən əl çəkdi. Amma bu, deyəsən, onlar üçün dərs oldu.
Növbəti dəfə daha bir erməni SSRİ siyasi xadiminin xatirəsini tuncla əbədiləşdirmək istəyi yarananda hökumət bunu ictimai müzakirəyə çıxarmadan etdi. Daha doğrusu, gizli.
Bir səhər biz oyanıb gördük ki, şəhər bağlarından birində SSRİ marşalı Hamazasp Babacanyana heykəl qoyulub ki, bu da narazılığa səbəb oldu. Babacanyan tək nasist Almaniyası ordusuna zərbə endirən sərkərdə kimi deyil, Sovet İttifaqının nəzarəti altından çıxmağa çalışan Macarıstanda azadlıq hərəkatını boğan bir adam kimi tanınır. İndi də SSRİ-nin tərkibindən çıxmaqla müstəqilliyini qazanan Ermənistan azadlıq hərəkatını boğan şəxsə heykəl qoyur.
Tarix əlbəttə ki, həmişə yenidən yazılır və indiki məqama uyğunlaşdırılır, amma hazırda Ermənistanda baş verənlər yumşaq desək, qəribə görünür.
Bir tərəfdən, şəhər postamentlərinə sovet keçmişini simvolizə edən simalar yaranır, digər tərəfdən də meşşan eklektikasından istifadə olunur: tütəkli adamlar, təbilli adamlar, əllərində gül, xaç olan adamlar.
Bir neçə il əvvəl şəhər skamyalarında şair və məşhur insanların orta boylu adamdan bir qədər alçaq olan heykəllərini qoyurdular, onlar keyfiyyətsiz materialdan (gips və gildən) hazırlanırdı. Balaca və kövrək formaya salınan dahilər bu sınağa dözməyib, tez qırılıb, dağıldılar və məhv oldular.
Nəhəng tunc heykəllər isə yox olmayacaqlar. Üstəlik onlar hündür pyedestallarda quraşdırılıb. Yəqin hökumətin fikrincə bu, daha təhlükəsiz və əzəmətli görünür. Ümumiyyətlə simasızlar daha təhlükəsiz olur. Təhlükəli olan maskasız sifətlərdir.
Artıq bir neçə ildir ki, özünəməxsus görünüşü olan binalar sökülərək, əvəzində simasız çoxmərtəbəli binalar tikilir. Sonradan da onların ətrafında naməlum heykəllər ansamblı, tunc kompozisiyalar və… kilsələr tikilir.
Bəli, Yerevanda həm də bir əldən kilsə tikirlər. Bunun niyə məhz Yerevanda baş verməsi də aydın deyil, axı Ermənistan ərazisində bərpa olunmağa ehtiyacı olan çoxlu qədim məbədlər var.
Qaregin Njdehnin heykəli də birmənalı qarşılanmayıb. Onun həm xarici görünüşü, həm də verdiyi mesaj mübahisələrə səbəb olub. Njdeh hakim Respublika partiyasının simvoludur, çünki partiyanın ideologiyası məhz onun fikirlərinə əsaslanır.
Tunc mantiyalı Njdeh tam bir qaya parçası təəssüratı yaradır. Heykəl rəsmi Moskvanın da neqativ reaksiyasına səbəb olub, verdiyi bəyanatda Njdeh “nasist” adlandırılır. Bundan sonra hakimiyyət özümə bəraət qazandırmalı və milli qəhrəman Njdehin əslində xalqın taleyi ilə maraqlandığını izah etməli oldu.
Yerevanda peyda olan heykəllər paytaxt hökumətinin fikrincə şəhərin tarixinə yazılmalıdır, əslində isə bütün bu heykəllər cəmiyyətdə coşqun mübahisələrə səbəb olur. Əksər hallarda da bu, hakimiyyətin özünə qarşı işləyir.
Amma nəticənin olmaması, bütün bu reallıq və fraqmental tənqid ancaq məyusluğa səbəb olur. Vətəndaşların öz şəhərlərinin xarici görünüşünə təsir etmək imkanları yoxdur. Yerevan boş formanı xatırladan, mahiyyətsiz, estetik nöqteyi-nəzərdən zövqsüz və əksər vaxtlarda vulqar binaların arasında boğulur.
Bütün bunlar çox məyusedicidir. Xüsusən də növbəti çoxmərtəbəli bina üçün bünövrənin qazıldığını, növbəti gözəl binanın söküldüyünü, növbəti tunc heykəlin qoyulduğunu görəndə.
Kilsələrin sayı isə görünür ki, hər addım başı rast gəlidiyimiz zövqsüz ideoloji ticarət “bədheybətlərindən” xilas olmaqdan ötrü dua edə bilməmiz və buna görə Allaha yalvarmamız üçün artır.
Dərc edilib: 23.08.2016